Modern.az

Bəzi məktəblərdə şagirdlərin kompüterdən istifadəsinə icazə verilmir

Bəzi məktəblərdə şagirdlərin kompüterdən istifadəsinə icazə verilmir

12 Mart 2010, 19:06

Müasir cəmiyyətin əsas inkişaf göstəricilərindən biri iformasiya-kommunikasiya texnologiyalarından istifadədir. Bu gün məktəblər kompüterlərlə təhciz edilsə də, bəzi ümumtəhsil ocaqlarında şagirdlərə onlardan istifadəyə icazə verilmir. Bunu biz yox, Bakı məktəblərinin şagirdləri iddia edir.

 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirir ki, bu problem təkcə Bakıda deyil, kənd məktəblərində də mövcuddur. Kompüter otaqlarının qapısı bağlı qalır. İbtidai, həmçinin 5-cı siniflərdə oxuyan şagirdlərə komputerdən istifadəyə icazə verilmir. Şagirdlərə ancaq nəzəri biliklər öyrədilir.

Məlahət Mürşüdlünün sözlərinə görə, bu cür vəziyyətin yaranmasına əsas səbəb məktəblərdə kompüter mütəxəssislərin olmamasıdır. “Məktəblərdə bunun üçün ayrıca ştat vahidi yaradılmayıb. Kompüter dərslərini qeyri-ixtisas müəllimləri tədris edir. Məktəb direktorları, müəllimlər ehtiyat edirlər ki, birdən şagirdlər kompüterlərə zərər yetirərlər”.

Məlahət Mürşüdlü deyir ki, əvvəllər  məktəblərin kompüterlə təhcizatında problemlər vardı. “2008-ci ildə Azad Müəllimlər Birliyi məktəblərdə motinorinq apardı. Nəticədə məlum oldu ki, “Kür” şirkətinin istehsal etdiyi kompüterlər yararsızdır. Bu problem həll edildi. İndi də digər problem ortaya çıxıb. Məktəblərdə yüksək maaşlı, kompüterlərə nəzarət edən ştat vahidi olmalıdır ki, şagirdlərə hər hansı problemlər yaradılmasın”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı isə bilidirir ki, şagirdlərə kompüterdən istifadənin yasaq edilməsi fikri tamamilə yalnışdır. “Bu iş texniki baxımdan daim nəzarətdədir. Şagirdlərə kompüter bilikləri həm nəzəri, həm də praktiki cəhətdən öyrədilir”.

Zəminə Əliqızı deyir ki, hazırda hər 20 şagirdə 1 komputer düşür. “Ola bilər ki, ibtidai, 5-ci siniflərdə oxuyan şagirdlərə hələki nəzəri biliklər öyrədildiyindən praktika tətbiq edilməsin. Ümumiyyətlə, heç vaxt ola bilməz ki, kompüter otaqların qapısı bağlı olsun. Şagirdlərə kompüterdən istifadəyə icazə verilməsin”. Qeyd edək ki, orta məktəblərdə kompüter otaqlarının qapısının bağlı saxlanılması ilə bağlı problemi əvvəllər təhsil naziri Misir Mərdanov da etiraf etmişdi. Nazir hətta bununla bağlı dəfələrlə direktorlara xəbərdarlıq da ümvanlayıb.   Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər