Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Finlandiyanın Lapland məntəqəsində icveçli həmkarı Karl Bildtlə görüşüb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,
Davudoğlu bəyan edib ki, İsveç parlamentində uydurma erməni iddiaları ilə bağlı qanun layihəsinin qəbul olunmasına Ankaranın cavabı sərt olacaq. “Biz öz tariximizi başqalarının dəyərləndirməsinə izn vermərik”-deyə Davutoglu bildirib.
Əhməd Davudoğlu vurğulayıb ki, bu qərardan əvvəl Türkiyə İsveçlə strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq, təkcə Avropa deyil, bütün dünya üçün bir örnək olmasını planlaşdırırdı. Bu, baş nazir Rəcəb Tayyib Ərdoğanın təxirə salınmış səfəri ilə mümkün olacaqdı. Lakin isveçli parlamentarilərin yanlış qərarından sonra Türkiyə hökumətinin başçısı səfərini təxirə salıb.
Türkiyəli nazir onu da bildirib ki, erməni iddialarına dair qanun layihələrini qəbul edən bütün ölkələrə qarşı Ankaranın cavabı sərt olacaq. “Bəzi ölkələr üçün 1915-ci il erməni məsələsi kimi qiymətləndirilə bilər, amma bizim üçün həmin tarix bir millətin öz torpaqlarını çox böyük ordulara qarşı müdafiə etdiyi Çanaqqala deməkdir. Hazırda bəzi dairələrin bu cür qərarlarla Türkiyədən intiqam almaq istədikləri görünür”.
İsveçli nazir Karl Bildt də tarixi məsələlərin parlament qərarları ilə siyasiləşdirilməsinin doğru olmadığını söyləyib. “Bu cür qərarlar əməkdaşlıq proseslərinə əngəl törədir. Bütün bunlara baxmayaraq, İsveç Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyəcək”.