Modern.az

Azərbaycan iqtisadiyyatında məqsədyönlü maliyyə siyasətinin işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan iqtisadiyyatında məqsədyönlü maliyyə siyasətinin işlənib hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır

Dünya

1 Aprel 2013, 12:01


Uzun illər Sovet İttifaqının maliyyə siyasəti Marks və Leninin nəzəri müddəalarının təsiri altında formalaşmışdı. Azərbaycanın müstəqil dövlət olaraq maliyyə siyasətində perspektiv istiqamətlər 1995-ci ildən başlayaraq məhz Heydər Əliyev tərəfindən müəyyən edildi. Söhbət müəssisələrin və vətəndaşların vergiyə cəlb edilməsini, gömrük tariflərini tənzimləmək, idarəetmə aparatının saxlanmasına dövlət xərclərini ixtisar etmək yolu ilə büdcə kəsirinin azaldılmasına nail olmaqdan - ümumilikdə maliyyə siyasətindən gedir.

Bu gün deyə bilərik ki, ölkə daxilində mövcud müəssisə və fiziki şəxslərə qarşı vergiqoyma sistemi daha da sadələşdirilib, vergilərin sayı xeyli azalıb. Yuxarıda qeyd edildiyi kimi, 90-cı illərin inflyasiya səviyyəsi kəskin azalıb, ən əsası formalaşmaqda olan müəssisələrə sahibkarlıq fəaliyyəti seçməkdə sərbəstlik verilib.

Sənaye və kənd təsərrüfatı istehsalında ölkəmizdə xeyli irəliləyişlər var.  Bu da iqtisadiyyatın əsas prioritet sahəsi hesab edilir. Hazırda ölkəmizdə  bir çox  maliyyə münasibətlərini sağlamlaşdıran peşəkar mütəxəssislər yetişir.

Heydər Əliyevin memarı olduğu Azərbaycan iqtisadiyyatının sabitləşdirilməsi üzrə tədbirlərdə bankların və bank olmayan kredit təşkilatların rolu hədsizdir. Diqqət çəkən məqam ondan ibarətdir ki, bank sistemində islahatları elə həyata keçirilib ki, onların əsas məqsədi maksimum mənfəət götürmək deyil, minimum haqla müəssisə və əhaliyə xidmət etməkdən ibarətdir.

Azərbaycan iqtisadiyyatında kredit münasibətləri sistemi yetərincə təkmilləşdirilib, bir sözlə kredit münasibətlərinin inkişafı istehsalın və xidmət sahəsinin inkişafını stimullaşdırıb.

Perspektivdə dövlət büdcəsinin sosial yönümlüyünü, sosial tələbatlara maliyyə resurslarının ayrılması kimi vacib məsələ də öz həllini tapib, desək heç də yanılmarıq.

Dövlətin başqa ölkələrə nümunə ola biləcək maliyyə siyasəti investisiya siyasəti ilə qırılmaz surətdə əlaqədardır. Başqa sözlə, dövlətin investisiya siyasəti maliyyə siyasətinin tərkib hissəsi olmaqla, dövlətin investisiya fəaliyyətini maliyyələşdirməyə yönəlib. Onsuz da dövlətin investisiya siyasətinin əsas məqsədi investisiya fəaliyyəti üçün zəruri olan maliyyə resurslarının səfərbər edilməsi, investisiya fəallığının aşağı düşməsinin qarşısının alınması, əsaslı vəsait qoyuluşunun səmərəliliyinin yüksəldilməsinə xidmət edib. Bu siyasətin məntiqi nəticəsidir ki, müstəqillik əldə ediləndən ötən müddət ərzində ölkə iqtisadiyyatına 144 milyard manat investisiya qoyulub.

Son zamanlar ölkəmiz bir çox sahələrdə yüksək nailiyyətlər əldə edib. Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölüşdürülməsi və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahələrini özündə tərnnüm edən bu siyasət ölkədə ilk növbədə maliyyə sabitliyinin yaranması ilə nəticələnib.

Doğurdan da bu gün Azərbaycanın maliyyə siyasəti dövlətin maliyyə resurslarının toplanması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar həyata keçirdiyi tədbirlərin məcmusundan ibarətdir. Bu siyasət ictimai həyatın bütün tərəflərini, yəni həm iqtisadi, həm sosial və həm də beynəlxalq münasibətləri əhatə edir.

Azərbaycan dövləti də həyata keçirilən maliyyə siyasətinin başlıca subyektinə çevrilib. O, perspektiv üçün maliyyə inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə fəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilən maliyyə strategiyası - uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir. Ölkənin özünə məxsus maliyyə taktikası isə maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məsələlərinin həlli metodlarıdır. Ölkəmizin maliyyə strategiyası sabit olduğu üçün maliyyə taktikası çevikdir. Ən əsası maliyyə siyasətinin strategiya və taktikası qarşılıqlı surətdə bir biri ilə bağlıdır.

Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş fondlarında təmərküzləşməsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması, ordunun, məhkəmə, icra hakimiyyəti orqanlarının, təhsilin, səhiyyənin mədəniyyət müəssisələrinin maliyyələşdirilməsinin təmin edilməsi və habelə dövlət və müdafiə təyinatlı obyektlərin tikintisi üçün vəsaitin yığılması məqsədilə həyata keçirilir.

Maliyyə resurslarının istifadə edilməsinin əsas istiqamətlərinin hazırlanmasının məqsədi onlardan daha səmərəli istifadə edilməsindən ibarətdir. Buna isə hər şeydən əvvəl resursların üstün sahələrə və sosial sferaya bölüşdürmək yolu ilə nail olunur. Az maliyyə məsrəfi ilə daha yüksək nəticələrə nail olmaq həm bütövlükdə dövlət və həm də hər bir təsərrüfat subyekti üçün birinci dərəcəli vəzifə hesab edilir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi üçün maliyyə münasibətlərinin təşkili üsullarının məcmusu kimi müəyyən edilən səmərəli maliyyə mexanizminin fəaliyyəti zəruridir. Respublikamızın mövcud maliyyə münasibətləri elmi cəhətdən əsaslandırılmış fiskal siyasətdən istifadə etməklə tənzimlənir. Maliyyə tənzimlənməsinin üsulu kimi fiskal siyasət vergiyə cəlbetmə və dövlət xərcləri kimi qüdrətli alətlərin yardımı ilə həyata keçirilir.

Bütün bunlara rəğmən, söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmaqdadır. Bundan sonra da bu strateji xətt üzrə ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verməkdə davam edəcək.

Pərvin Arzuqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür