Modern.az

Biznesmen deputatlar yenə namizədliklərini verəcəklərmi?

Biznesmen deputatlar yenə namizədliklərini verəcəklərmi?

14 Mart 2010, 16:41
2010-cu ilin noyabrında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ona hazırlaşan ayrı-ayrı maraqlı qüvvələr tədricən hərəkətə gəlir. Heç şübhəsiz seçkiöncəsi siyasət meydanında maraqlı məqamlar gözlənilir.

Üçüncü Çağırış Milli Məclisin öz işini başa çatdırmasına cəmi 8 ay qalıb. 2005-ci ildəki parlament seçkilərində ictimaiyyətin iş adamları kimi tanıdığı bəzi imkanlı şəxslər də deputat mandatına sahibləndilər. Qanunvericilikdə Milli Məclis üzvünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına birmənalı qadağa qoyulub. Ona görə də, biznesmen deputatlar bu fəaliyyətlə öz adları ilə məşğul olmurlar.
Zaman göstərdi ki, iri biznes və kommersiya qurumlarının sahibləri olan deputatların fəaliyyəti ciddi effekt vermədi.

Biznesmenlər bəlkə də özləri üçün böyük işlər gördülər, amma onların nə seçici problemlərinin həllində, nə də qanunvericliyin təkmilləşdirilməsində iştirakı müşahidə olunmadı. Parlament jurnalistləri olan həmkarlarımızın sözlərinə görə, biznesmen deputatlar bəzi hallarda Milli Məclisdə də özlərini biznesmen kimi aparırlar, hətta iclasların ikinci hissəsində də iştirak etməməyə çalışırlar.
İclaslarda iştirak edəndə isə sakitcə əyləşir, ümumi axına qarışıb səs verir, heç bir müzakirəyə qatılmırlar.

2005-ci ildə öz varidatlarını sığortalamaqdan ötrü mandat əldə etmək yarışına çıxan və buna da nail olan deputatlar 2010-cu ildə də seçkilərə qatılacaqlarmı?

Parlament kluarlarından gələn söz-söhbətlərə inansaq, onların əksəriyyəti seçki marafonundan kənarda qalmaq haqda düşünür. Bunun müxtəlif səbəbləri olduğu deyilir, amma ətraflı izah etməkdən ehtiyat edurlər. 
Adının çəkilməməsini istəyən biznesmen deputatın köməkçisi Modern.az-ın əməkdaşı ilə söhbət zamanı etiraf edib ki, növbəti parlament seçikilərində iştirak həmin kateqoriyadan olan millət vəkillərinin arzusu deyil. Yəni onların bir çoxu elə indidən geri çəkilmək qərarı veriblər: “İnanmıram ki, sizin “biznesmen deputatlar” adlandırdığınız şəxslərdən kimsə növbəti dəfə seçkilərə qatılsın. Səbəbi barədə geniş açıqlama verə bilmərəm.Yalnız onu deyə bilərəm ki, qazandıqları mandatın əvəzində onlara az iş gördürməyiblər, dəfələrlə tapşırılan işlərin qarşılığında külli miqdarda xərc çəkməli olublar”.
Bizim mənbə iddia edib ki, biznesmen deputatlardan bəziləri 2005-ci il seçkilərinə qatıldıqlarına görə peşiman olduqlarını etiraf edirlər.
Deyilənlərə inansaq, belə proqnoz vermək olar ki, hazırda parlamentdə təmsil olunan həmin mandat sahibləri seçki marafonuna qatılmayacaqlar. Əvəzində növbəti parlamentdə yeni iş adamlarını görə biləcəyimiz mümkündür.

Adəm Qorxmaz


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir