Modern.az

İsveçrədəki xüsusi anbarda Azərbaycan qızılı saxlanılır

İsveçrədəki xüsusi anbarda Azərbaycan qızılı saxlanılır

15 Mart 2010, 10:56

2009-cu ilin iyulundan başlayaraq Azərbaycanda hasil edilən qızıl "Ayrım" brendi ilə beynəlxalq bazara ixrac edilir. Ölkəmizdəki qızıl yataqlarının işlənməsilə bir neçə ildir ki, “R.V. İnvestment Group Services, LL USA” şirkəti məşğuldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “R.V. İnvestment Group Services, LL USA” şirkəti arasındakı “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq, Vejnəli qızıl-filiz yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü haqqındakı saziş”ə uyğun olaraq 2009-cu ildə Gədəbəy qızıl-filiz yatağının istismarı nəticəsində əmtəəlik qızıl əldə edilib. Bu saziş ehtiyatları 430 ton qızıl, 2,5 min ton gümüş və 1,5 milyon ton mis həcmində qiymətləndirilən ölkənin doqquz qızıl yatağında işləri nəzərdə tutur. Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hasabatda bildirlib ki, "Gədəbəy" qızıl-filiz yatağı üzrə Azərbaycanın payına düşəcək qızılın bir hissəsi yüksək əyarlı əmtəəlik qızıl kimi İsveçrənin Cenevrə şəhərində yerləşən yüksək reytinqə malik “MKS Finance S.A.” şirkətinin zavodunda saflaşdırıldıqdan sonra hazırda orada xüsusi anbarda saxlanılır. Proqnozlara görə, yaxın gələcəkdə Azərbaycanın payına düşəcək qızılın miqdarının nəzərəçarpacaq dərəcədə artması gözlənilir. Qeyd edək ki, “R.V. İnvestment Group Services LL USA” şirkəti "Gədəbəy" yatağında qızıl hasilatı üzrə layihədə 51 faiz, Azərbaycan tərəfi isə 49 faiz iştirak payına sahibdir. Araşdırmalar göstərib ki, bu yataqda 22 tona yaxın qızıl var.

Hesabatda o da bildirlib ki, saziş üzrə Tovuz rayonu ərazisindəki “Qoşa” qızıl-filiz yatağı da istismara hazırlanır. 2009-cu ildə həmçinin Balakən rayonu ərazisindəki “Filizçay” və Daşkəsən rayonu ərazisindəki “Çovdar” yataqlarında da kəşfiyyat işlərinin yekunlaşdığı bildirlilb. Proqnozlara görə, 2010-cu ildə dünya bazarına 75 min, bir neçə ildən sonra isə 100 min unsiya Azərbaycan qızılı çıxarılacaq. Hazırda dünyanın qızıl bazarında Cənubi Afrika Respublikası , ABŞ, Avstraliya, Çin və İndoneziya kimi nəhənglər hökmranlıq edirlər. Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi