Modern.az

Nazir «Madrid prinsipləri»nin detallarını açıqladı

Nazir «Madrid prinsipləri»nin detallarını açıqladı

15 Mart 2010, 16:00

Qarabağ nizamlanması üzrə «Madrid prinsipləri»nin yenilənmiş variantı birinci mərhələdə Azərbaycan ərazilərinin 5+1 düsturu üzrə azad edilməsini nəzərdə tutur. Bu barədə martın 15-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov «Turan» agentliyinin sualına cavab verərkən bildirib.

«Praqa prosesi» münaqişənin mərhələli həllini nəzərdə tutur, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin ötən ilin sonlarında tərəflərə təqdim etdiyi «Madrid prinsipləri»nin yenilənmiş variantında əksini tapıb, deyə Məmmədyarov Slovakiyanın Xarici İşlər naziri ilə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

Birinci mərhələdə Ermənistanın işğal etdiyi 5 rayonu - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını, həmçinin Laçın rayonunun 13 kəndini azad etməsi nəzərdə tutulur.

Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, doğma yurdlarına qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək.

Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.

Bu zaman Dağlıq Qarabağa, məsələn, Rusiya Federasiyası tərkibində Tatarıstan və Başqırdıstan modeli üzrə yüksək muxtariyyət statusu verilə bilər.

Məmmədyarov hesab edir ki, Ermənistanın Azərbaycan ərazisindən qoşunlarını çıxarmaqla bağlı ardıcıl addımları region üçün yeni iqtisadi və siyasi imkanlar aça bilər. "Ərazilərin işğaldan azad edilməsi hərbi ritorikanı da aradan qaldıra bilər",- deyə nazir bildirib.

Ermənistan bu variantla razılaşmasa necə olacaq? Bu suala cavabında E.Məmmədyarov deyib ki, əvvəlcədən bu məsələ ilə bağlı şərh vermək çətindir. Eyni zamanda, «Madrid prinsipləri»nin qəbul edilməsi münaqişənin nizamlanması üzrə böyük sazişin hazırlanması üçün imkanlar açardır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir