Modern.az

Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

13 Aprel 2013, 17:30

Hesablama Palatasının təşkilatçılığı ilə 16-18 aprel 2013-cü il tarixlərində Bakıda “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı keçiriləcək.

Modern.az-ın məlumatına görə, Avropa ölkələri içərisində ikinci ölkə olaraq Azərbaycanda keçirilən bu beynəlxalq tədbirdə  müxtəlif ölkə Ali Audit Qurumlarını (AAQ) özündə birləşdirən 5 beynəlxalq və regional təşkilatın yüksək səviyyədə təmsil olunması, 44 ölkədən 100-dən çox nümayəndənin, o cümlədən 27 ölkə AAQ-nın birinci şəxs səviyyəsində iştirakı, həmçinin EUROSAI və ARABOSAI təşkilatlarının Prezident və Baş katibləri ilə yanaşı, AFROSAI (Ali Audit Qurumlarının Afrika Təşkilatı) təşkilatının Baş katibinin iştirak etməsi Konfransın yüksək statusunu və əhəmiyyətini göstərir.

Dünya ictimaiyyətinin kənar dövlət maliyyə nəzarətinin rolu və əhəmiyyətinə xüsusi diqqətinin təcəssümü kimi BMT-nin Baş Assambleyası tərəfindən BMT tarixində ilk dəfə olaraq “AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” Qətnamə qəbul edilmişdir. Belə bir mötəbər sənədin qəbul olunması AAQ-ların öz müstəqilliklərini gücləndirmək, onların öz səlahiyyətləri daxilində daha səmərəli və təsirli fəaliyyət göstərmək, habelə INTOSAI (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) çərçivəsində daha çox faydalanmaqla AAQ-lar arası daha sıx münasibətlər yaratmaq istiqamətində göstərilən səylər sayəsində mümkün olub.

Konfransda bu Qətnamədən irəli gələn çağırışlara uyğun olaraq ayrı-ayrı ölkələrdə qazanılmış təcrübəyə əsaslanaraq ali dövlət hakimiyyəti orqanlarının və AAQ-ların bu sahədəki vəzifələrinin müəyyən edilməsi, səmərəli dövlət maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsi, kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətləri və s. barədə müfəssəl müzakirələrin aparılması nəzərdə tutulur ki, bütün bunlar bu mötəbər tədbirin əhəmiyyətini daha da artırır.

Konfrans 2 gün davam etməklə “Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri”, “Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu” və “Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu” alt-mövzuları üzrə 3 sessiyada keçiriləcəkdir.

Konfrans barədə daha ətraflı məlumatı Azərbaycan Respublikası Hesablama Palatasının veb-saytından (www.ach.gov.az) və ya Konfransın rəsmi veb səhifəsindən (www.conference.ach.gov.az) əldə etmək mümkündür.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu