Modern.az

Qalib jurnalistlərin yazıları: "İki sahil" qəzeti

Qalib jurnalistlərin yazıları: "İki sahil" qəzeti

16 Mart 2010, 14:46

Martın 15-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazılarının mükafatlandırılması müsabiqəsinin nəticələrini elan edib. 49 yazıdan 15-i yüksək bal topladığına görə qalib elan edilib. Modern.az-a göndərilən oxucu şərhlərinin bir çoxunda qalib jurnalistlərin yazılarının saytımızda yerləşdirilməsi xahiş olunub. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun razılığı ilə qaliblərin yazılarını təqdim edirik. Telman Qafar, “İki Sahil” qəzeti Can nənə, bir nağıl da de mənə

Qədim oğuz yurdu İrəvanda keçirdiyimiz Novruz bayramları barədə şirinli-acılı xatirələr

Elə bil uşaqlığımı keçirdiyim İrəvanda şahidi olduğum Novruz şənlikləri, yaşlı adamların duzlu-məzəli söhbətləri, nənəmin şirin nağılları 60-65 il əvvəl yox, lap elə dünən axşam olub. Mən o unudulmaz uşaqlıq çağlarından uzaqlaşdıqca sanki o günlər mənə daha da yaxınlaşır, özümü 1947-ci ilin Novruz bayramı süfrəsi arxasında hiss edirəm.

O vaxt ailəmiz İrəvan şəhərinin kənarında, Zəngi çayının sağ sahilində yerləşən Dəlmə bağları adlı ərazidə yaşayırdı. Ölməz ədibimiz Cəlil Məmmədquluzadə 1902-ci ildə "Kaspi" qəzetində dərc etdirdiyi məqalədə Dəlmə bağlarının adını çəkir və deyirdi ki, "sayı 60-a çatan bu bağları əməksevən yerli tatarlar (azərbaycanlılar-müəl.) salmışlar. Onlar əkdikləri meyvə ağaclarının və tənəklərin üstə çox alın təri axıtmışlar ki, bu bağları nəvə-nəticələri üçün yadigar qoyub getsinlər."

Mənim babalarım da həmin "tatarlardan" olublar.

...1947-ci ilin Novruz bayramını Dəlmədəki evimizdə qarşılayırdıq. Bayrama bir neçə gün əvvəldən hazırlıq görülmüşdü. Atam bazarlıq etmiş, anam evdə səliqə-sahman yaratmış, bacım ailə üzvlərinin sayı qədər səməni göyərdib otağın görükən yerlərinə düzmüşdü. Anam plov hazırlığında idi. Mən xalçanın üstündə bardaş qurub oturmuş nənəmin böyrünə qısılıb süfrənin açılmasını gözləyir, hərdən də "can nənə, bir nağıl danış" deyirdim. Nənəm nağıl əvəzinə asta səslə oynaq bir mahnı oxudu.

Hava hələ qaralmamışdı. Alabaşın hürməsini eşidib ayağa qalxdıq. İçəri salamsız-kalamsız dörd kişi girdi. Atam irəli keçib onları oturmağa dəvət etsə də, oturmadılar. Yarı Azərbaycan, yarı erməni dilində başa saldılar ki, yun üçün gəlmişik, ya 5 kiloqram yun verməlisiniz, ya da xalçadan, yorğan-döşəkdən nə var aparacağıq...

Xatırladım ki, müharibə illərində hökumət kənd əhalisinin üzərinə yun planı qoymuşdu. Bizim ailə də şəhərin kənarında yaradılmış kolxoz ərazisində yaşadığı üçün hər il dövlətə 5 kiloqram yun verməli idi. Atam ermənilərə nə qədər desə də ki, biz qoyun saxlamırıq, yunu haradan verək, xeyri olmadı. Nənəmin cehiz xalçasını büküb apardılar...

Yerə yorğan-döşək salıb üstündə süfrə açdılar. Anamın bişirdiyi plovun, kükünün ətri otağa doldu. Atam nənəmin qəmə batdığını, plova əl vurmadığını görüb dedi: "Ana, yeməyini ye, arxayın ol, sabah nə olur-olsun, sənin xalçanı gətirəcəyəm, qoymaram dığalara qalsın..."

Süfrə yığışdırılandan sonra yenidən nənəmin qolunu dartışdırdım,- can nənə, bir nağıl danış,- dedim. Nənəm başımı dizinin üstünə çəkib nağıl dilinə keçdi: "Hə, bala, biri vardı, biri yoxdu, İrəvan adlı bir şəhər, bu şəhərin də Hüseynəli adlı xanı vardı. O vaxt bu şəhərdə ermənilər yaşamırdı, bayram günlərində evlərdən xalça-palaz aparıb adamların gününü qara eləməzdilər. Hüseynəli xan çox xeyirxah, camaata canıyanan bir adam idi. Bayram günlərində hündür bir yerə çıxıb şəhərə baxar, görəndə ki, hansı evin bacasından tüstü çıxmır, o evə düyü, ət, çərəz sovqatı göndərər, deyərdi, qoy o evdə də bayram şamları yandırılsın, süfrə açılsın...

Sonra Hüseynəli xan İrəvanda Göy məscid adında Allah evi tikdirdi."

Hiss edirdim ki, nənəmin danışdığı nağıl deyil, özünün yaşadığı, şahidi olduğu həyatın hekayətidir.

-Bəs sonra?-deyib nənəmin üzünə baxanda nənəmdən əvvəl atam dilləndi: "Sonra o oldu ki, ermənilər bu torpağa ayaq açdılar, qırğınlar törətdilər, yüz minlərlə azərbaycanlını doğma yurd-yuvasından didərgin saldılar... İndi də ortaya təzə söz atıblar- "türksüz Ermənistan, dənizdən-dənizə Ermənistan"... atam elə bil 6-7 yaşlı oğlu ilə deyil, öz yaşıdı ilə danışır, qəzəbindən ağzı söz tutmurdu.

...İrəvanda daha bir il yaşadıq. 1948-ci ilin sentyabrında evimizdə böyüklərin yır-yığış etdiyini gördüm. Atam qanıqara idi, ona söz demək olmurdu. Anam yaşmağını gözünə qədər qaldırmışdı. Çiyinlərinin tərpənişindən hiss edirdim ki, ağlayır. Dəlmə ərazisində yaşayan yeganə erməni ailəsinin böyükləri də bizdə idilər. Aradan 62 il keçsə də, o vaxt bu ermənilərin sevincdən parıldayan gözlərini indi də nifrətlə xatırlayıram.

Mən evdəki yır-yığışın səbəbini bilmirdim. Dəstə ilə evdən ayrılanda anam dala dönüb yaşmağını ağzından çəkdi, evə baxıb ağlar səslə dedi:

Evim odlara qaldı,

Adım adlara qaldı.

Xanın qəbri alışsın,

Vətən yadlara qaldı...

Bu sözlərin mənasını başa düşməsəm də, babalarımızın yadigarı olan Dəlmə bağlarından, evimizdən, lap elə sevimli Alabaşımdan ayrılmaq mənə çox ağır gəlirdi. İllər ötəcək, mən deportasiyanın, məcburi köçürülmənin mənasını başa düşəcəkdim. Anamın son nəfəsində nisgilli səslə dediyi:

İrəvanın bağları,

Çiçək açıb tağları.

Kim geriyə qaytarar

Ötüb-keçən çağları?!

misralarını eşidəndə vaxtilə nənəmin sevinclə vəsf etdiyi Hüseynəli xanın İrəvanı, onun tikdirdiyi Şərqin ən gözəl memarlıq abidələrindən biri sayılan Göy məscid, qoynunda gəzib-dolaşdığım Dəlmə bağları, şırıltısı dağlarda əks-səda yaradan Zəngi çayı, şəhərin məşhur məhəllələri, müdrik, ziyalı insanları gözümün önündə canlandı. Bu şəhərin əsl sahibləri bu insanlar idi, biz idik. Atam danışırdı ki, 1910-cu ildə İrəvanda Duma seçkilərində 5 deputatdan 3-nü azərbaycanlılardan, birini ruslardan və qeyri-millətlərdən seçirdilər. Ermənilərin isə vur-tut bir deputatı olurmuş...

İllər quş qanadlıdır-deyənlər haqlıdır. Hər ilin Novruz bayramı ərəfəsində 62 il əvvəlki həyatı xatırlayıram. O həyat, Novruz bayramlarının şirinli-acılı xatirələri İrəvanla bağlıdır. Hərdən nəvələrim əl-ayağıma sarmaşırlar ki, nə olar, bir nağıl danış da... Uşaqların könlünü sındırmıram, 6-7 yaşım olanda nənəmdən eşitdiyim hadisələrdən nağıl düzəldib danışıram: ...Biri vardı, biri yoxdu, İrəvan adlı bir şəhər vardı, bu şəhərin də Hüseynəli adında xeyirxah bir xanı. Ermənilərin yaşamadığı o şəhərdə Novruz bayramlarını çox təmtəraqla keçirərmişlər.

 ...Nağılı belə başa vururam: ...indi Hüseynəli xan yoxdur, qədimdən o şəhərin sakinləri olan azərbaycanlılar oranı tərk etməyə məcbur olublar. Buna görə də indi o şəhərdə Novruz bayramları keçirilmir. Salamatlıq olsun, dünya belə qalmayacaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi