Modern.az

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

Mətbuatdan yüksələn jurnalistlərin çağdaş mətbuat barədə dedikləri...

16 Mart 2010, 18:07

Mətbuat sahəsində çalışmaq bir çox həmkarımızın karyera qazanmasında mühüm rol oynayıb. Vaxtilə mətbuatda sıravi müxbir, redaktor vəzifələrində işləmiş bəzi həmkarlarımız indi dövlət orqanları və ya böyük şirkətlərdə mətbuat xidmətinin rəhbəri, ictimaiyyətlə əlaqə şöbəsinin müdiri postunu tuturlar. Təəssüf ki, onlardan bəziləri vəzifəyə gedəndən sonra mətbuata münasibəti dəyişib. Amma bu, hamıya şamil edilə bilməz, mətbuat sahəsindən dövlət orqanları və ya böyük şirkətlərə transfer olunanlardan jurnalistlərlə yaxşı işləyənləri də var. Onlar əvvəllər çalışdıqları sahənin işini indi necə dəyərləndirirlər?

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da mətbuatdan dövlət orqanını transfer olunanlardandır.  O, əvvəllər  “7 gün”, “İmpuls” qəzetlərində çalışıb. 2000-ci ildən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindədir.

 

Qulu Xəlilov deyir ki, mətbuat kifayət qədər obyektiv, tərəfsiz olmalıdır: “Ümumiyyətlə, əsl media işçisinin mətbuatda heç bir problemi yaranmaz. Əgər jurnalist hadisələrə peşəkarlıqla yanaşırsa, sual da yaranmayacaq və problemlər də ortaya çıxmayacaq. Jurnalistlər çalışmalıdırlar ki, subyektiv olmasınlar. Peşəkar jurnalistsənsə, istənilən şəraitdə heç bir çətinliklə üzləşməyəcəksən”.

Q.Xəlilovun sözlərinə görə, indi mətbuatda kifayət qədər jurnalist var ki, aldıqları informasiyaları düzgün işıqlandırmır, təhriflərə yol verir. “Subyektiv suallar verirlər. Bəzən hadisələri araşdırmadan yazırlar. Elə olur ki, bizim səlahiyyətimizə aid olmayan suallar verirlər, çalışırıq ki, onları düzgün istiqamətləndirək. Umumiyyətlə, jurnalist bir qurumdan informasiya almamışdan əvvəl gərək, araşdıracağı mövzu haqda xeyli bilgili olsun”.

Müsahibimiz hesab edir ki, əgər mətbuatda müəyyən sahələr üzrə ixtisaslaşmalar olsa, jurnalistlər daha peşəkar olar. “Mətbuata bir də qayıtmağıma gəlincə, çətin məsələdir.Yenə də Allahın qismətidir, bilmək olmaz”-deyə Q.Xəlilov qeyd edib.

Dövlət orqanının mətbuat xidmətinin rəhbəri kimi hər gün mediada işıqlandırılan məlumatları oxuduğunu deyən Q.Xəlilov bildirib ki, bu, onun işinin bir hissəsidir.

 

Mətbuat işçilərinə yaxşı tanış olan Rüfət Abbasov vaxtilə “Olaylar” İnformasiya Agentliyində və eyni adlı qəzetdə çalışıb. Daha sonra fəaliyyətini “Reuters” İnformasiya Agentliyində davam etdirib. 2010-cu ildən isə Mərkəzi Bankda Kommunikasiya departamentinin rəhbəridir.

“Mətbuatın ən gənc jurnalisti olmuşam. 11 yaşımdan media sahəsində çalışmağa başlamışam. “Reuters”də çalışdığım zamanı isə jurnalist fəaliyyətimin qızıl dövrü hesab edirəm".

Rüfət Abbasov deyir ki, “Reuters”də çalışmaq onun üçün çox maraqlı idi.  “Fəal jurnalist olmuşam. Müxtəlif insanlardan müsahibələr götürürdüm. Mətbuatda çalışdığım dövrdə heç bir problemlərlə rastlaşmamışam”,-deyə o, bildirib.

Müsahibimizin sözlərinə görə, əvvəllər jurnalistlər cəmiyyətdə gedən proseslərə təsir edə bilirdilər. Ancaq indi bu təsir azalıb. “Bəzən jurnlaistlər alınan informasiyaları təhrif olunmuş şəkildə verirlər. Bu, bəzi jurnalistlərin qeyri peşəkarlığından irəli gəlir. Biz də məcburuq ki, həmin mətbu orqanla əlaqə saxlayıb, məsələni aydınlaşdıraq”.

R.Abbasov işi ilə əlaqədar gündəlik yerli və xarici mətbuatı izlədiyini, xəbər portallarına baxdığını deyir: “İşimiz elədir ki, biz daim mətbuatı izləməliyik”. O, “mətbuata bir də  qayıdarsınızmı?” sualına “mən elə mətbuatdayam” cavabını verib. Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir