Modern.az

Qəzetlərə ulduz falı lazımdırmı, onu kim yazır? (11 redaktorun fikri)

Qəzetlərə ulduz falı lazımdırmı, onu kim yazır? (11 redaktorun fikri)

18 Mart 2010, 17:24

Əvəllər Azərbaycanda astroloji proqnozlara bir kütləvi maraq vardı. Qəzetlər də bunu nəzərə alıb ulduz falını dərc etməklə ğzlərinin oxucu auditoriyasını xeyli genişləndirmişdi. Amma sonradan ulduz falına marağın azalması bəzi KİV-lərin də ondan imtina etməsinə səbəb oldu. İndi qəzetlərin bir qismi ulduz falı verir, bir qismi isə yox. O da maraqlıdır ki, ulduz falı dərc edən qəzetlərin hərəsində astroloji proqnoz bir cür olur. Biri digərindən tamamilə fərqlənin bu fallar hələ də oxucuların maraq dairəsindədirmi? Qəzetlərdə ulduz fallarını kim yazır?

 

“Yeni Müsavat”ın baş redaktor müavini Azər Ayxan qəzetdə ulduz falının verilməsinə normal baxır: “12 ildir ki, bizim qəzetdə ulduz falı verilir. 1998-ci ildən başlayaraq astroloq Səbuhi Rəhimli bizim qəzetimizlə əməkdaşlıq edir. Qoroskop Azərbaycana ilk gəldiyi dövrlərdə hamı onu rəğbətlə qarşılayırdı. Ancaq indi əvvəlki kimi maraq yoxdur. Vaxtilə “Yeni Müsavat”ı məhz ulduz falına görə alanlar da vardı. Onu da deyə bilərəm ki, Səbuhi Rəhimlinin yazdığı qoroskop böyük əksəriyyət insanların həyatı ilə üst-üstə düşür. Maraq azalsa da, hələ də ulduz falını oxuyanlar çoxdur”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev də eyni fikirdədir: “Bizim qəzetimizdə dərc olunan ulduz falını əməkdaşımız Pünhan Əfəndiyev hər gün internetdəki rus mətbuatından  tərcümə edib hazırlayır. Oxucular da bunu normal qarşılayır”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlunun sözlərinə görə, vaxtilə ulduz falı verirmişlər: “Ancaq indi vermirik. Bunun yığışdırılmasının səbəbini rəhbərlik bilir, mən izah edə bilmərəm”.

“Bakı-Xəbər” qəzetinin redaktoru Samirə Səfərova da ulduz falının qəzetdə getməsinə müsbət baxır: “Ulduz falını əməkdaşımız Xatirə Rafiqqızı hazırlayır. O da müxtəlif internet saytlarından qaynaqlanır”.

“Azadlıq”ın redaktoru Sücəddin Şərifov qəzetin ilk yarandığı gündən ulduz falı vermədiyini bildirib: “Həm də redaksiyada fikir ayrılığı var. Bunu ciddi qəbul etmirlər. Ancaq ulduz falının olmaması istənilən halda satışa mənfi təsir göstərir. Ola bilsin ki, yaxın vaxtlarda bu işlə məşğul olan mütəxəssislərlə müqavilə bağlayıb, bizd ə ulduz falını verdik”.

“Ədalət” qəzetinin redaktoru Əbülfət Mədətoğlu ulduz falını əhəmiyyətsiz hesab edir: “Sadəcə olaraq insanların hər biri planetin ulduzudur. Biz onların ulduzunu necə təyin edə bilərik? Kimsə ulduz falında pul, kimisi maşın və sair axtarır. Bu mənasız bir şeydir”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə bu nəşrdə ən çox oxunan materiallardan birinin ulduz falı olduğunu deyir: “Bizim qəzetə ulduz falını tanınmış astroloq Səbuhi Rəhimli yazır. O demək olar ki, aparıcı qəzetlərin əksəriyyətinə qoroskop yazır. Ulduz falının da öz oxucu kütləsi var”.

“Bizim yol” qəzetinin redaktoru Elçin Rüstəmli də çap mətbuatında ulduz falının verilməsinə normal yanaşır: “Bizim qəzetdə onu əməkdaşımız Günel xanım hazırlayır. Oxucuların da bununla bağlı şikayəti yoxdur”.

“525-ci qəzet” in redaktoru Yaşar Əliyev ulduz falını qəzetlərə yaraşdırmır: “Bu keçilən etapdı. Vaxtilə bizim qəzet də ulduz falına yer ayırırdı. Məncə ulduz falı qəzetlərin ciddiliyinə xələl gətirir. Qəzetin sabahını düşünmək lazımdır”.  

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli ulduz falının oxucular tərəfindən maraqla qarşılandığını deyir: “Onu əməkdaşımız Səbinə xanım rus saytlarından tərcümə edərək hazırlayır. Oxucu kütləsinin olub-olmaması ilə maraqlanmamışam. Ancaq mənə elə gəlir ki, ulduz falı ilə gündəlik rejimini quranlar üçün bu maraqlıdır”.  

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu qəzetə baş redaktor təyin olunduqdan sonra ulduz falının yığışdırılmasına qərar verib: “Bu, mənim yanaşma tərzimdən irəli gələn bir şeydi. Fikrimcə, cəfəngiyyatın qəzet səhifəsində dərc olunmasına ehtiyac yoxdur. Mən hesab edirəm ki, ulduz falı verən qəzetlərin cəfəngiyyatla məşğul olan oxucuları var”

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir