Modern.az

Sosial müdafiənin Heydər Əliyev nümunəsi…

Sosial müdafiənin Heydər Əliyev nümunəsi…

İqtisadiyyat

19 Aprel 2013, 15:38

Hər  bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə, səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi olmaqla, hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib hissədir.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, sosial siyasət, sosial müdafiə sahəsində də olduqca ciddi problemlər mövcud idi.

İqtisadi tənəzzül dərinləşir, inflyasiya günbəgün yüksəlir, yoxsulluq səviyyəsi artır, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə əlillərinin minumum sosial təlabatlarının ödənilməsi, əməkhaqlarının və pensiyalarının verilməsinin aylarla gecikdirilməsi cəmiyyətdəki sosial gərginliyi daha artırırdı.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verib. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzalayıb. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Məhz görkəmli şəxsiyyət Heydər Əliyevin balanslaşdırılmış siyasətinin, gərgin əməyinin və siyasi iradəsinin sayəsində 1993-1996-ci illərdə ölkədə ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi tənəzzül dayanıb, bazar iqtisadiyyatına əsaslanan islahatlar, o cümlədən sosial müdafiə sahəsində islahatlar aparılmağa, yeni konsepsiyalar, dövlət proqramları hazırlanmağa və qəbul edilməyə başlanılıb.

Hər bir dövlətin sosial siyasətini onun iqtisadi siyasəti, iqtisadi inkişaf səviyyəsi şərtləndirir. Başqa sözlə, sosial müdafiə tədbirlərinin effektivliyi və miqyası ölkənin iqtisadi imkanları ilə birbaşa bağlıdır.  Sosial müdafiənin təminatı və əhatəli olması üçün müvafiq hüquqi bazanın yaradılması da vacib amildir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial müdafiə strategiyasını hazırlayan zaman ümummilli lider Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq hüquqi normativ bazanın yaradılmasına önəm verirdi.

Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə planlı sosialist iqtisadiyyatından bazar münasibətləri ilə tənzimlənən iqtisadi sistemə keçidin mürəkkəb xüsusiyyətləri və tez-tez dəyişən şərtləri balanslaşdırılmış sosial islahatların dəqiq, ağrısız və aztəminatlı insanların sosial vəziyyətlərini pisləşdirmədən aparılmasını tələb edir.

“Bunun üçün isə möhkəm ictimai sabitlik və sağlam iqtisadi münasibətlərin yaranması zəruri idi. Prezident Heydər Əliyevin böyük dövlətçilik zəkası sayəsində 1996-ci ildən başlayaraq ölkədə möhkəm ictimai-siyasi sabitlik yaranıb, sağlam iqtisadi münasibəıtlər bərqərar olub və bunun nəticəsi olaraq sosial siyasətdə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsində mühüm, ardıcıl tədbirlər keçirilməyə başlanıb”.

Musa Quliyev qeyd edib ki, ulu öndərin aztəminatlı vətəndaşlara diqqət və qayğısının nəticəsi olaraq, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiya və müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi və s. istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

“Vətəndaşların pensiya təminatının həyata keçirilməsi hər bir ölkədə sosial müdafiənin tərkib hissəsi sayılır. Son 10 ildə azərbaycan pensiyaçılarının sayı 1,2-,13 milyon arasında dəyişir ki, bu da əhalinin 15 faizini təşkil edir. Pensiyaçılar sosial müdafiəyə daha çox ehtiyacı olan və sosial iqtisadi dəyişikliyə həssas olan təbəqə sayılır. Buna görə pensiya və müavinətlərin məbləğinin ölkə üzrə aylıq əməkhaqqına və yaşayış minimumuna uyğun tənzimlənməsi çox vacib məsələdir”.

Görkəmli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi zamanında pensiya təminatının yaxşılaşdırılmasına xidmət edən bir sıra vacib normativ hüquqi aktlar qəbul edilib. “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əlavə və dəyişikliklər, “Sosial sığorta haqqında” Qanun, “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikasının sərəncamı, “Minumum aylıq əmək haqqının artırılması haqqında” və “Pensiyaların artırılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin fərmanları və s. qəbul edilib. Məhz 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə pensiyaçılarının yarıdan çoxunun pensiyası 2,2 dəfə qaldırılıb, əlillərin, tənha və ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər müəyyən edilib. 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırılıb.

Eyni zamanda ulu öndər əlillərin sosial müdafiəsinə, aztəminatlı ailələrin də sosial müdafiəsinə xüsusi diqqət yetirib. Onun rəhbərliyi dövründə əlillərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb. Əlil probleminin kompleks həlli məqsədilə görkəmli şəxsiyyət Heydər Əliyevin 14 may 1998-ci il tarixli sərəncamı ilə “1998-2001-ci illər üçün əlilliyinn qarşısının alınması, əlillərin reabiltasiyası və sosial müdafiəsi üzrə Dövlət Proqramı təsdiq edilib. Bundan əlavə bir sıra şəhərlərində-Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Əli Bayramlı əlillər üçün reabiltasiya mərkəzi açılıb.

“Dövlətin aztəminatlı vətəndaşların sosial müdafiəsi üçün apardağı tədbirlərin effektivliyi həm də həmin tədbirlərin konkretliyindən və ünvanlılığından asılıdır. Sosial müdafiənin ünvanlılıq prinsipi müasir model sayılır və ümummilli lider Heydər Əliyevin yaratdığı və daim inkişafda olan Azərbaycanın sosial müdafiə siyasətində də müasir modeldən uğurla tətbiq edilir. 2001-ci ilin əvvəllərində sosial təminat sisteminin əhatə etdiyi çox geniş əhali qrupunun bir çox güzəşt və imtiyazları ləğv edilərək, konkret ünvanlı sosial yardıma keçid də çox mühüm və cəsarətli bir addım oldu” deyə Musa Quliyev vurğulayıb.

Onun sözlərinə görə, dahi şəxsiyyət Heydər Əliyev məşğulluq siyasətinə, işsizliyin aradan qaldırılması məsələlərini də daim diqqətdə saxlayıb və bu kimi məsələlərə hər zaman böyük önəm verib. Onun rəhbərliyi dövründə respublikada əmək münasibətlərinin hüquqi bazasının yaradılması, yeni iş yerlərinin açılaması, vətəndaşların əmək hüquqlarının təmin olunması sahəsində bir çox uğurlar əldə olunub.

1994-cü ildə imzalanmış “Əsrin kontraktı” təkcə tarixə təkcə neft müqaviləsi kimi daxil olmayıb, eyni zamanda bu yeni il yerlərinin açılamsına, beynəlxalq münasibətlərə uyğun əmək münasibətlərinin yaranmasına səbəb olub. Əmək münasibətlərini tənzimləyən güclü normativ hüquqi baza yaradılıb ki, bu eyni zamanda ölkədə yoxsulluğun azalmasına səbəb kimi də göstərilə bilər.

XX əsr Azərbaycanın ən ağrılı problemi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi də hər zaman ulu öndərin diqqət mərkəzində olan bir məsələ olub.

Millət vəkili Musa Quliyev vurğulayıb ki, Azərbaycan xalqının üzləşdiyi ən faciəli hadisələrdən biri olan qaçqın və məcburi köçkünlərin problemi ümummili lider Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyəıtində həmişə diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Onun rəhbərliyi altında Azərbaycanda qamqln və məcbur köçkünlərin problemlərinin həlli üçün beynəlxalq normalara uyğun möhkəm hüquqi baza yradılıb, bu məsələ ilə bağlı ölkə prezidneti 25 fərman və sərəncam imzalanıb, Milli Məclis 13 qanun qəbul edib, Nazirlər Kabineti 152 qərar və sərəncam qəbul edib”.

Ümumiyyətlə ümummilli lider Heydər Əliyevin hakimiyyəti zamanı əhalinin müxtəlif təbəqələrinin sosial həyatının yaxşılaşdırılması, layiqli həyat tərzi sürmələri üçün yetərli şərait yaradılıb. Təsadüfi deyil ki, onun qoyub getdiyi strategiya və ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstər əlillər, istər pensiya yaşına çatmış şəxslər, istər aztəminatlı ailələr və ünvanlı sosial yardımla bağlı Prezident İlham Əliyev hər zaman irəliyə aparacaq addımlar atıb.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət rəhbəri seçildikdən dərhal sonra imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın təsdiq edilməsi haqqında fərmanlar ölkəmizdə iqtisadi və sosial sferalarda yeni inkişaf dövrünün başlanğıcına yeni bir təkan verib. Təkcə 2004-cü ildə Prezident İlham Əliyev ümumilikdə ölkə vətəndaşlarının sosial müdafiəsini daha da gücləndirmək məqsədilə 10-dan çox fərman və sərəncam imzalayıb. Qəbul edilən rasional qərarlar sayəsində əhalinin əmək haqları, müavinətləri və pensiyalarında, bütövlükdə əhalinin real gəlirlərinin artırılması sahəsində ciddi müsbət dəyişikliklər olub.

Eyni zamanda pensiyaçıların aldıqları vəsaitin artırılması istiqamətində dəfələrlə fərman və sərəncamlar imzalanıb. Dövlət başçısı əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi təmin edilməsi məqsədilə 21 oktyabr 2005-ci ildə “Ünvanlı dövlət sosial yardım haqqında” qanunu imzalayıb. Belə yardımların verilməsi aztəminatlı ailələrin maddi rifah halının yüksəldilməsində bu gün də çox mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin sosial sahədə diqqətçəkən addımlarından biri də 2006-cı ilin aprel ayının 17-də “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” haqqında Sərəncam imzalaması olub. Bununla ahıl vətəndaşların hüquqları artırılıb, onların ölkənin sosial-iqtisadi həyatında iştirakı təmin edilib, bu kateqoriyadan olan vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi, sağlamlıqlarının qorunması və sosial müdafiəsinin təmin edilməsi, həmçinin, bu işdə ictimai bölmənin fəaliyyətinin artırılması istiqamətində ciddi addımlar atılıb. Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikamızda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” vətəndaşların pensiya təminatında yeni sistem formalaşdırıb. Bununla da, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar istiqamətlərinə uyğun olaraq, ölkəmizdə sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilib.

Məhz İlham Əliyevin həyata keçirdiyi tədbirlərin nəricəsi olaraq hazırda Azərbaycanda pensiya və müavinətlərin hesablanması son dərəcə sadələşdirilib və saflaşdırılıb, ödənişlərin plastik kartlarla həyata keçirilməsi uğurla tətbiq edilib və təsdiqini tapıb.

Azərbaycan dövləti və hakimiyyəti hər zaman öz xalqının sosial həyatının yaxşılaşdırılmasına diqqətlə yanaşır.

Son olaraq “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi" haqqında hazırlanan qanun layihəsi buna bir sübutdur. Məhz bu qanun layihəsi həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində pulsuz təhsil almasına şəraitin yaradılmasını təmin edir.

Ümummilli lider Heydər Əliyev kimsəsiz uşaqlarla görüşəndə tarixi əhəmiyyətli bir söz deyib. "Siz hesab etməyin ki, sizin valideyniniz yoxdur, sizin valideyniniz Azərbaycan dövlətidir, sizin valideyniniz Azərbaycanın prezidentidir".

Bu siyasət bu gün də davam edir. Azərbaycan dövləti, prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondu daim əməli fəaliyyətləri ilə sosial müdafiəyə ehtiyacı olan şəxslərin yanında olduqlarını, qayğısını çəkdiklərini sübut ediblər.

Aytən Əliyeva

Yazı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır