Modern.az

Hansı redaksiyada Facebook-a giriş qadağan olunub? (sorğu)

Hansı redaksiyada Facebook-a giriş qadağan olunub? (sorğu)

19 Mart 2010, 17:12

Facebook, MSN, İCQ, m-aqent, twitter, odnoklassniki.ru, kontakt.ru kimi sosial ünsiyyət şəbəkələri son vaxtlar internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlara çevrilib. Bu saytların istifadəçiləri arasında azərbaycanlıların sayı da sürətlə artmaqdadır. Xüsusilə Facebook-un. Sosial şəbəkə saytlarında azərbaycanlı jurnalistləri də tez-tez görmək olur. Hətta həmkarlarımızdan bəzilərinin nəinki bütün günü, gecələri də Facebook-da “yatırlar” desək, yanılmarıq. Elə bu səbəbdəndir ki, bəzi redaksiyalarda rəhbərlik jurnalistlərə sosial ünsiyyət saytlarına girişi qadağan edib ki, iş prosesi pozulmasın. Amma belə saytları “blokirovka” etməyən redaksiyalar da az deyil. Modern.az saytının əməkdaşı redaksiyalarla əlaqə saxlayaraq hansı KİV-də Facebook və digər sosial şəbəkələrə girişin açıq, hansında bağlı olduğunu öyrənməyə çalışıb. Beləliklə, elə birinci özümüzdən başlayaq. Modern.az-da bütün sosial ünsiyyət şəbəkələrinə giriş açıqdır. Amma hələlik. Çünki bizim əməkdaşlarımız da son vaxtlar bu saytlara elə aludə olublar ki, rəhbərlik sözügedən şəbəkələri qapatmaq barədə müzakirələrə başlaya bilər.

“Bizim yol qəzetinin baş redaktor müavini Elçin Rüstəmli bildirib ki, redaksiyada  ünsiyyət şəbəkələrindən heç biri bloklanmayıb: “Amma müxbirlərin sosial şəbəkələrdə oturması işimizə zərər verir. Hələlik bu saytların bloklanması barədə qərar verməmişik. Amma bunu müzakirə etməliyik”.

“Azadliq” qəzetinin müxbiri Ramin Deko deyib ki, onların redaksiyasında heç bir şeyə qadağa qoyulmayıb: “Axı bizim adımız “Azadlıq”dır. Hər kəs öz işini görə-görə ünsiyyət şəbəkələrindən də istifadə edir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan ünsiyyət şəbəkələrinin hamısının bloklandığını deyir: “Həmçinin əyləncə və erotik xarakterli saytlar da bağlanıb”.

“MediaForum.az” saytının əməkdaşı Ülkər Bəkirli onlarda saytlara blok qoyulmadığını dedi: “Ancaq Facebook bağlıdır. Buna da səbəb “İnternews” -a gələn praktikant tələbələrin həmin şəbəkəyə aludə olmalarıdır. Bu da müvəqqətidir. Çox güman yaxın vaxtlarda açacaqlar”.

“APA” İnformasiya Agentliyinin əməkdaşları bildiriblər ki, onlarda həm ünsiyyət şəbəkələri, həm də bəzi saytlar bloklanıb ki, müxbirlər istifadə edə bilməsinlər.

“Lent.az” saytının əməkdaşı Elxan Salahov belə qadağanın onların redaksiyasında da tətbiq olduğunu deyir: “İki aya yaxındır bizdə də ünsiyyət şəbəkələri bloklanıb”.

 

“Üç Nöqtə”,  “Şərq”, “Yeni Müsavat”, “Ədalət”

“Kaspi”, “525-ci qəzet”lərin redaksiyalarında isə heç bir sayt və ünsiyyət şəbəkələri bloklanmayıb. Onların müxbirləri deyirlər ki, hələki rəhbərlik belə saytları bloklamağa hazırlaşmır. Günay Musayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir