Modern.az

Türk xalqları Novruzu necə qeyd edirlər?

Türk xalqları Novruzu necə qeyd edirlər?

Ölkə

20 Mart 2010, 10:59

Azərbaycan: Adətə görə, Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib.
Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz Bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s.  Novruz Bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb güləşir, küştü tuturlar. Novruz Bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar. Bayramın əsas simvolları isə Bahar qız, Kosa və Keçəldir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.

Türkmənistan: Novruz 1922-ci ildə türkmən xalqının qeyd etdiyi rəsmi bayramları sırasına daxil olmuşdu. Bu bayram iki gün, yəni martın 21-i və 22-sində keçirilir. Türkmənlər həm də mart ayını Novruz adlandırırlar. Ölkədə onun gəlişinə bir il qabaq hazırlaşırlar. İki gün əvvəlsə ev və həyətyanı sahədə dərindən təmizlik işləri aparılır, milli xörəklər bişirilir. Türkmənlərə görə süfrə həmin gün dopdolu olmalı, bu ərəfədə insanlar bir-birinə qonaq getməlidirlər. Deyilənə görə, qonağa nə qədər çox kişmiş, qoz, konfet, nabat verilərsə, həmin evdə də bir o qədər bolluq olar. Burada bayramın simvolu Novruz baba və gənc Bahargül hesab olunur. Səmənidən hazırlanan xörəklərin bayram süfrəsində yer almasına xüsusi olaraq fikir verilir. Onlar səhərdən ağ mərmərli Aşqabadı qarışbaqarış gəzərək şəhər əhli və qonaqları salamlayırlar. Axşama yaxınsa şəhər amfiteatrı bayramın əsl episentrinə çevrilir. Burada Türkmənistanın tanınmış estrada ulduz və qruplarının iştirakıyla konsert proqramı verilir.

Qırğızıstan: Qırğızlar da mart ayını Novruz adlandırırlar. Vaxtilə həmin gün doğulan oğlanlara adətə görə Novruzbay, qızlara isə Novruz və ya Novruzgül adı verilərdi. Əgər bu gün qar yağardısa, yaxşı əlamət hesab olunardı. Təsadüfi deyil ki, qırğız əfsanələrində qız gözəlliyini Novruzda yağan qarla müqayisə edirlər. Bayramda üzərinə dadlı təamlar düzülmüş ağappaq dəstərxan – süfrə salınır. Süfrədə un qatılmış səməni, yağ və şəkərdən hazırlanan sümelek mütləq olmalıdır. İnsanlar mənzillərini qaydaya salır, təzə paltarlar geyinir, küsülülər barışırlar. Hələ audıraspek adlı oyundan danışmırıq. Bu zaman oğlanlar bir-birini atdan salmalıdırlar. Hətta xanımların iştirak etdiyi idman yarışlarını demirik. Oğlanları yarışa dəvət edən qızlar qalib gəldikləri halda onlardan istənilən arzunu yerinə yetirməyi xahiş edir, oğlanlarsa həmin qıza elçi düşə bilirdilər. İndinin özündə Bişkek şəhərinin mərkəzi meydanı “Alatoo” və digər rayon mərkəzlərində səhnəciklər təşkil olunur. Cıdır meydanlarında at yarışları keçirilir. İnsanlar ənənəvi şərq xörəyi sayılan plova da qonaq olurlar.

Türkiyə: Türklər belə hesab edirlər ki, martın gəlişi ilə qış qurtarır. Qaziantep və onun ətrafındakı ərazilərdə martın 22-si “Novruz sultan” adlandırılır. Diyarbekirdə insanlar gəzintiyə çıxırlar. Evə gələn adamsa müxtəlif növ meyvələrə qonaq edilir. Tuncelidə kişilər alınlarına qara rəng vuraraq su mənbələrinə doğru hərəkət edir, burada onlar rəngi axıdır və dua edirlər. Mərkəzi Anadoluda Novruz Bayramı “mart doqquzu” kimi də tanınır. Anadoluda keçirilən digər mərasimlərə ağacları mart günəşinin şüalarından qorumaq üçün onlara parçaların (mart lenti) sarınmasını misal çəkə bilərik. Bu, xüsusən də Giresun şəhəri üçün xarakterikdir. Tekirdağda Novruz soyuq günlərin bitməsi və yazın gəlməsi hesab olunur və “Novruz şənliyi” adı altında qeyd olunur. İzmir, Uşaq, Sivas və Şebinkarahisarda ənənələr eyni olaraq qalır. Mart ayı yeni ilin başlanğıcı hesab olunduğu üçün onun ilk 12 gününə görə ilin necə keçəcəyi müəyyənləşdirilir. Novruzda S hərfi ilə başlayan yeddi təam yemək məsləhət görülür.

Qazaxıstan: Qazaxlar Novruzu Naurız adlandırırlar. Bu söz yazın doğulması mənasını verir. Lakin bayramın başqa adları da var. Məsələn, “Ulus küni” (yeni lin birinci günü), və ya “Ulıstın ulı küni” (xalqın böyük günü). Novruzun gəlişi münasibətilə insanlar təzə paltar geyinir, bir-birilərinə qonaq gedirlər. Mərasimin əsas xörəyi tərkibinə 7 inqredient daxil olan naurız-kojedir. O həyatın 7 elementini simvolizə edir. Bunlara ət, su, duz, yağ, un, taxıl və süd daxildir. İnqredientlərsə öz növbəsində şadlıq, uğur, müdriklik, sağlamlıq, firavanlıq, sürət, artım və ilahi mühafizə anlamı daşıyır. Ağsaqqalın qarşısına naurız-koje olan 7 piyalə qoyumalı, hər kəs 7 evə qonaq getməli və öz evinə 7 nəfəri dəvət etməlidir. Qazaxlar bir-birilərini “köktem tudı” (yazın doğulması deməkdir) deyərək təbrik edir. Axşama yaxınsa akınların (aşıqların) dombra alətinin müşayiətilə deyişməsi – altıs başlayır. Bu, səhərə kimi davam edir. Xeyri daha çox tərif edən qalib gəlir. Qazaxıstanda Novruz Bayramı rəsmi olaraq 2001-ci ildən qeyd olunur.

Özbəkistan: Bu gün bayram menyusuna xüsusi olaraq fikir verilir. Süfrədə mütləq şurpa (ət bulyonunda bişirilən tərəvəzlər), plov və samsa (göyərtili bişmişlər) olmalıdır. Sumalakın adını xüsusi olaraq qeyd etməliyik. Belə ki, bişməsi 24 saat çəkən bu xörəyin hazırlanmasında yalnız qadınlar iştirak edir və bu əməlli-başlı mərasimdir desək yanılmarıq. Belə ki cücərmiş buğda dənələri iri qazana tökülür və tünd rəng alınana kimi qarışdırılır. Yaz haqqında nəğmələr oxunur. Qazanın dibinə isə daş və ya qoz yerləşdirilir. Sumalak fincanına daş və ya qozun düşməsi ilin uğurlu olması deməkdir. Burada Novruzla əlaqədar olaraq buzboşi və ya kupkari adlı ənənəvi oyunlar da keçirilir. Ata minmiş igidlər bir-birinin əlindən yəhərlərindəki qoyun və ya keçini almağa çalışırlar. Kupkariyə bayramdan 7-10 gün qabaq hazırlıq görülür. Ağsaqqallar bir yerə toplaşır, oyunun qaydalarını müzakirə edirlər. Atı seçəndə xüsusi olaraq diqqətli olmaq tələb olunur. Belə ki onun cəldliyi və alçaqboylu olması əsas şərtlərdən biri kimi qəbul edilir. Sonra geyim seçilməlidir. Paltarın oyunçuların bir-birinə endirdikləri qamçı zərbələrinə davamlı olması mütləqdir. Ona görə də iştirakçılar sırıqlı pambıq xələt və şalvar geyinməli olurlar. Qalib gələn şəxsə xalça, sırıqlı yorğan və ya xələt hədiyyə olunur.

 “Türküstan qəzeti

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır