Modern.az

“Biz münaqişənin həlli üçün həlledici mərhələdəyik"

“Biz münaqişənin həlli üçün həlledici mərhələdəyik"

21 Mart 2010, 10:39

“Qarşımızda duran ən vacib, ən əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə müəyyən addımlar atılıb və bu gün danışıqlar prosesində Azərbaycanın mövqeləri daha da güclüdür”. Bu zöləri Bakıdakı Novruz şənliyində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan hələki danışıqlar prosesinə ümidlidir və səyləri davam etdirir. “Biz münaqişənin həlli üçün bu gün həlledici mərhələdəyik. Demək olar ki, danışıqların əsas hissəsi prinsip etibarilə başa çatıbdır. Təqdim olunan təkliflər deyə bilərəm ki, bütövlükdə müəyyən kiçik istisnalarla Azərbaycanın maraqlarını, Azərbaycanın ərazi bütövlüyünü, işğal edilmiş bütün rayonların Azərbaycanın nəzarətinə qaytarılmasını təmin edir. Beləliklə, hesab edirik ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə və təklif edilmiş variantla razılaşarsa, biz məsələnin həlli işində daha da sürətlə addımlaya bilərik.
Biz danışıqlar prosesində öz prinsipial mövqeyimizdən bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl nəyi demişiksə, bu gün də həmin mövqeyin üstündə dayanırıq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları oraya qayıtmalıdırlar. Bütün kommunikasiyalar açılmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa mütləq qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda yaşamalıdırlar. Bu status nədən ibarət olacaq, onu gələcək göstərər. O gələcək ki, sabah da, yüz ildən sonra da ola bilər və olmaya da bilər.
Yəni, Dağlıq Qarabağa Azərbaycandan kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir. Bu bizim prinsipial mövqeyimizdir. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, Azərbaycan onu heç vaxt tanımayacaqdır. Bizim tanımadığımız qurum dünya tərəfindən də tanınmayacaqdır.
Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, bununla bərabər, imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, siyasi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir. Bu təbiidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra, əlbəttə ki, bu qədər böyük müdafiə xərclərimizə ehtiyac olmaz. Bu gün isə buna böyük ehtiyac vardır. Biz müdafiə xərclərimizi ildən-ilə artıracağıq, ordumuzu gücləndirəcəyik, yeni silahlar alacağıq, elə edəcəyik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanının əmrini istənilən anda qısa müddət ərzində icra edə bilsin. Bu, bizim suveren hüququmuzdur, bu işdə heç kim bizə məsləhət verə bilməz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!