Modern.az

“Ermənilərin törətdiyi soyqırımın qurbanı-Bağanıs Ayrım” kitabının təqdimatı olub (fotosessiya)

“Ermənilərin törətdiyi soyqırımın qurbanı-Bağanıs Ayrım” kitabının təqdimatı olub (fotosessiya)

24 Mart 2010, 14:21

Martın 24-də Atatürk Mərkəzində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusu əsgərlərinin köməyi ilə 1990-cı ilin martında Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdikləri soyqırımı faktlarından bəhs edən “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının təqdimatı olub.

Kitabın müəllifləri Milli Məclisin deputatı Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır.  Modern.az xəbər verir ki, mərasimdə Atatürk Mərkəzinin rəhbəri deputat Nizami Cəfərov, kitabın müəllifləri Qənirə Paşayeva və Akif Aşırlı və digər şəxslər çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlardan danışıblar.   

Nizami Cəfərov bildirib ki, ermənilər bütün milli bayramlarımızda xalqımıza qarşı qanlı hadisələr, soyqırımlar törədiblər. “Belə kitablar erməniliyin iç üzünü açmaqla yanaşı həm də bir tarixdir. Sag olsun Qənirə xanımı. O bütün sahələrdə fəallıq göstərir və hamımızdan çalışqandır. Həm indiki, həm də gələcək nəsillərə örnək olacaq şəkildə işləyir”.

Tarixçi alim, deputat Yaqub Mahmudov isə deyib ki, belə kitabların öncə Azərbaycan dilində yazılması zəruridir və o, bu baxımdam nəşrin əhəmiyyətini qeyd edib. “Öncə biz tariximizə sahib çıxmalıyıq. Sonra bu kitab başqa dillərə tərcümə edilməlidir”. Deputat mediada yer alan şoulara da etirazını bildirib.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, kitab əsasında Bağanıs Ayrım soyqırımı ilə bağlı film də hazırlanır. Kitabın elektron variantı internetdə-vikipediada da yerləşdiriləcək. “Xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ölkə Pezidentinin qarşımıza qoyduğu ilk vəzifə budur. Azərbaycanın birinci xanımı millət vəkili Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə böyük işlər görülür. Biz də vətəndaş olaraq bu istiqamətdə işləməliyik”.

Deputat kitabda müəlliflərin heç bir şərhinin olmadığını, yalnız şəkillərin, faktların və hadisənin şahidlərinin danışdığını da söyləyib. 

Kitabın digər müəllifi Akif Aşırlı deyib ki, indi informasiya müharibəsidir və ermənilərin iç üzünü mütləq açmalıyıq. 

“Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib ki, belə kitablar çox olmalıdır. “Hər bir vətəndaş düşünməlidir ki, bu istiqamətdə nə edə bilər. Qarabağın Azərbaycanlı İcması adından deyə bilərəm ki, bu sahədə işimizi sürətləndirməliyik”.

Millət vəkili Aydın Mirzəzadə isə söyləyib ki,

kitabda gedən şəkillərlə bağlı müəlliflər mütləq müəllifliklə bağlı sənəd almalıdırlar. “Çünki erməni həyasızlığı sabah bu şəkilləri özlərinin soyqırımı kimi qələmə verməyə çalışacaqlar”.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, Qənirə Paşayeva istər deputat kimi, istərsə də ictimai xadim kimi çox fəaldır. Baş redaktor bu işdə mediamızın da işini gücləndirməsini təklif edib.

Bağanıs Ayrım kəndinin sakinləri isə o hadisələrin şahidi kimi ermənilərin törətdikləri soyqırımdan danışıblar.

Kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etməsindən, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, diri-diri ocaqda yandırılmasından bəhs olunur. Ermənilərin bu kəndə hücumu zamanı 17 evin topların və minaatanların mərmiləri ilə dağıdıldığı, 11 evin isə qarət edildiyi, kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvünün işgəncələrlə qətlə yetirildikdən sonra yandırıldığı da kitabda əksini tapıb.

Kitabda o da bildirilir ki, kənddə qətlə yetirilən insanların ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.

Bağanıs Ayrım kəndi 1990-cı il avqustun 20-də işğal edilib.

Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir.

Erməni silahlı birləşmələrinin törətdiyi Bağanis Ayrım soyqırımı haqqında müəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanıb. 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir