Modern.az

Urbanizasiya problemi: Bakıda nə qədər əhali yaşayır?

Urbanizasiya problemi: Bakıda nə qədər əhali yaşayır?

24 Mart 2010, 17:02

Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycan Respublikasında əhalinin sayı 9 milyon nəfərdən çoxdur. 2009-cu ildə keçirilmiş son siyahıyaalmanın nəticələrinə görə, əhalinin 54,2 faizi şəhər, 45,8 faizi isə kənd sakinləridir. Rəsmi statistikada əhalinin yaşayış yerinə görə təsnifatı onun pasport qeydiyyatına görə təyin edilib. Amma bu gün əhalinin bir hissəsi daimi pasport qeydiyytında olduğu yerdə deyil, Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşayır. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da urbanizasiya, yəni kənd əhalisinin şəhərə axını prosesi baş verib.

 

Kənddən şəhərə axın

 

Urabanizasiya prosesinin kökündə duran ən əsas məsələ əhalinin məşğulluq problemidir. Ölkəmizdə urbanizasiya prosesi ötən əsrin 90-cı illlərinin ortalarından başlayıb. Həmin dövrdə iqtisadiyyatın digər bölmələri kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların dağılması kəndlinin əlinin işdən-gücdən soymasına səbəb oldu. Kənd və rayonlarda istehsal müəssisələrinin bağlanması, torpağın əkib-becərilməsinin çətinləşməsi ucqar bölgələrin sakinlərinin ümidini şəhərə, əsasən də Bakıya bağladı. Bundan başqa, torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların da bir hissəsi müvəqqəti yaşayış yeri kimi pataxta üz tutdu.

15-20 il öncə iş yerlərinin regionlarda deyil, daha çox Bakı şəhərində cəmləşməsi kənd və rayon əhalisini məşğulluq probleminin həlini şəhərdə axtarmağa məcbur etdi. Kənd əhalisinin şəhərə axını son illər bir qədər səngiyib.

 

Paytaxt əhalisinin sayı ilə bağlı fərqli rəqəmlər

 

Təkcə iş axtaranlar deyil, ali təhsil dalınca paytaxta gələnlərin böyük əksəriyyəti diplom aldıqdan sonra rayonlarda lazımi işlə təmin olunmayacaqlarını əsas gətirərək geriyə dönmək istəmirlər. Bu gün Bakı şəhərində yaşayan əhalinin sayı ilə bağlı fərqli rəqəmlər söylənilir. Bəzi qeyri-rəsmi məlumatlarda paytaxt və onun ətraf ərazilərində yaşayanların sayının 4 milyondan çox olduğu göstərilir. Dövlət Statistika Komitəsinin məlumatına görə isə 13 aprel 2009-cu il tarixdə keçirilmiş əhalinin son siyahıyaalınmasının ilkin nəticələri üzrə Bakı şəhərinin əhalisi 2 milyon 46 min 100 nəfər olub. Qeyd edək ki, rəsmi məlumatda Bakının ərazisinin 2,13 min kvadrat kilometr olduğu bildirilir.

Əhalisinin sayına görə paytaxtın ən böyük və ən kiçik rayonları 

Dövlət Statistika Komitəsi bildirir ki, 13 aprel 2009-cu il tarixdə keçirilmiş son siyahıyaalmanın ilkin nəticələri üzrə Xətai əhalisinin sayına görə Bakıda ən böyük rayon olub. Həmin tarixdə bu rayonda 245.2  min nəfərin yaşadığı bildirlir.  İkinci yerdə Binəqədi rayonu ( 238.6 min nəfər), üçüncü yerdə isə Yasamal rayonu (232.1 min nəfər) gəlir. Əhalisinin sayına görə sonrakı yerlərdə Sabunçu (220.1 min nəfər), Nəsimi (208.3 min nəfər),  Suraxanı (195 min nəfər), Nizami (178.1 nəfər),  Əzizbəyov (169.1 min nəfər), Nərimanov (161.1 min nəfər), Qaradağ  rayonu (108.2 min nəfər) gəlir. Əhalisinin sayına görə Bakının ən kiçik rayonu Səbaildir, 13 aprel 2009-cu il tarixdə keçirilmiş son siyahıyaalmanın ilkin nəticələrinə görə, burada 90.3 min nəfər yaşayıb.

Son siyahıyaalmanın ilkin nəticəsinə görə, Bakıya daxil olmayan Abşeron rayonunda ötən ilin aprelində 189.8 min nəfər yaşayıb. 13 aprel 2009-cu il tarixə olan məlumata görə, Sumqayıtda 309.7 min nəfər yaşayır.

 

Urbanizasiyanın mənfi nəticələri

 

İqtisadi çətinlik nəticəsində regionlarda yaşayan əhalinin şəhərə üz tutması paytaxtda əlavə problemlərin meydana gəlməsilə nəticələnib. Bu gün ölkənin mərkəzi şəhərində əhali sıxlığının yaratdığı qayğılar hər addımda hiss olunur. İşıq, qaz, su, kanalizasiya və digər kommunal xidmətlər sahəsində əmələ gələn yüklənmə, yollarda nəqliyyat tıxaclarının yaranması, atmosfer havasının çirklənməsi bu sıraya aid edilən problemlərdəndir. İndi Bakı dünyanın bütün böyük şəhərlərində olduğu kimi urbanizasiyanın mənfi nəticələrini yaşayır. Qeyd etmək lazımdır ki, urbanizasiyanın fəsadları həm də şəhər sakinlərinin sağlamlığına xələl gətirir. Şəhərsalma məsələləri üzrə ekspertlər deyirlər ki, urbanizasiya nəticəsində ətraf mühitin, atmosfer havasının çirklənməsi, nəqliyyatın yaratdığı böyük səs-küy insanlarda stress hallarını artırır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

 

Şəhərətrafı ərazinin gecəqonduları

 

Mütəxəssislərin sözlərinə görə, urbanizasiyanın mənfi təsiri həm də şəhərsalma prosesində özünü göstərir. Bölgələrdən paytaxta üz tutan insanların müvəqqəti və ya daimi yaşayış yerilə-mənzillə təminatı çox ciddi problemdir. Bu gün şəhərətrafı ərazilərdə yüzlərlə ailə yaşayış üçün əlverişsiz, kommanal şəraiti olmayan daxmalarda, «gecəqondular»da məskunlaşıblar. Mütəxəssislər bildirirlər ki, şəhərətrafı ərazilərin qanuni və ya qanunsuz yolla, lakin pərakəndə şəkildə məskunlaşmaya verilməsinin ağır fəsadları yaxın bir neçə ildə üzə çıxacaq. Ekoloqlar da həmin evlərin tikintisi nəticəsində Abşeron yarmadasının ekologiyasına böyük miqyasda ziyan dəydiyini bildirirlər. Sənədsiz evlərin bir çoxu qaz və su kəmərlərinin üzərində, yüksəkgərginlikli elektrik xətlərinin altında tikilib ki, bu da hər an faciəyə səbəb ola bilər.

Qeyd edək ki, Bakıətrafı ərazilərdəki heç bir sənədi olmayan təkcə «gecəqondu»lar deyil, həm də plansız inşa olunan evlərdir. Paytaxtda belə evlərin sayı isə minlərlədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmiləri belə özbaşına tikilmiş evlərin  sayının 500 minə yaxın oldğununu bildiriblər. Son illər Bakı ətrafında belə icazəsiz evlərdən ibarət bir neçə adsız yaşayış massivi də yaranıb. Bu yaşayış məntəqələrinin heç birində mühəndis qurğularının planlı tikintisi nəzərə alınmayıb.

Şəhərə axının qarşısını necə almalı?

 

Son dövrlər hökumət urbanizasiya siyasətini tənzimləmək məqsədilə bir sıra layihələrinin icrası istiqamətində müəyyən işlər görür. Regional iqtisadiyyatın formalaşmasına dəstək məqsədilə Dövlət proqramlarının qəbulu, gənc ailələrin mənzillə bağlı problemini həll etmək üçün İpoteka kreditləri layihəsinin və digər proqramların reallaşması insan resurslarının qorunmasına, idarə olunmasına hesablanıb.

Urbanizasiya prosesi işsizlik, regional balansın pozulması və sosial xarakterli digər problemlərlə şərtlənir. Deməli, regionlarda yeni iş yerləri açmaqla, əhalinin qaz, su, elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaqla, mədəni-intellektual mühit formalaşdırmaqla, paytaxta və digər iri şəhərlərə kütləvi axını zəiflətmək mümkündür. «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda məhz hər bir bölgənin malik olduğu tarixi məşğulluq ənənələrinin bərpası nəzərdə tutulub. Son məqsəd yeni iş yerlərinin açılması yolu ilə şəhərə kütləvi axının qarşısının alınmasıdır.

Ekspertlər deyirlər ki, urbanizasiyanın qarşısının alınması üçün yerlərdə ya yüksək, ya da orta əmək haqqına bərabər məvacibli yeni iş yerlərinin açılmasına xüsusi önəm vermək lazımdır. Eyni zamanda, regionlarda güzəştli kreditlərin verilməsi sürətəndirilməlidir. Mərkəzlərdən fərqli olaraq regionlarda kreditlərin şərti daha çox yüngülləşdirilməlidir. Regionlarda gənc mütəxəssislərin məvacibləri artırılmalı və onların bütün kommunal xərcləri dövlət tərəifndən ödənilməlidir. Həmçinin onlara hansısa şəkildə əlavələr verilməlidir. Adəm Qorxmaz

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir