Modern.az

Con Kennedi: qətlinin sirri açılmayan prezident – “Məşhur qəsdlər” rubrikasında

Con Kennedi: qətlinin sirri açılmayan prezident – “Məşhur qəsdlər” rubrikasında

18 May 2013, 11:38

Modern.az-da yeni rubrika – “Dövlət və hökumət başçılarına məşhur qəsdlər”. İLk yazı ABŞ prezidenti Con Kennedi ilə bağlıdır.

XX əsrin ən məşhur qətl hadisəsi 1963-cü il noyabrın 22-də ABŞ-ın Texas ştatının Dallas şəhərində baş vermişdi. ABŞ-ın 35-ci prezidenti Con Kennediyə qarşı təşkil edilən və təsadüfən lentə alınan bu sui-qəsd üstündən yarım əsr keçməsinə baxmayaraq, hələ də müəmmalı və sirli olaraq qalır. Hadisə ilə bağlı geniş araşdırılma aparılmasına baxmayaraq istintaq qətlin səbəbi və sifarişçilərini müəyyən edə bilmədi.

Sui-qəsdin təfərrüatlarına gəldikdə isə prezident Con Kennedi və həyat yoldaşı Jaklin Kennedi hadisə baş verən gün səhər saatlarında Dallas şəhərinə seçicilərlə görüş üçün gəlirlər. Onları Texas ştatının qubernatoru Con Konolli qarşılayır. Günorta saatlarında prezident və onu müşayiət edənlər şəhər gəzintisinə çıxırlar. Bundan qabaq Kennedinin təkidi ilə onun olduğu maşının gülləkeçirməz dam örtüyü çıxarılır. Yavaş sürətlə hərəkət edən prezident karvanının hərəkət marşrutu üzrə çoxlu sayda insanlar toplaşır. Con Kennedi toplaşan insanları yolboyu salamlayır. Maşın karvanı Dallasın mərkəzi küçəsindən ara küçəyə dönən zaman ard-arda 3 atəş səsi eşidilir. Heç kəs nəyin baş verdiyini anlamır. Kennedi boynunu tutaraq həyat yoldaşının qollarına yıxılır. Prezident maşını onu müşayiət edən maşınlardan sürətlə aralanaraq yaxınlıqdakı xəstəxanaya yollanır. Cəmi 4 dəqiqəyə xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Həkimlər xəsarətlərin çox ağır olduğunu bildirir.

Federal Təhqiqatlar Bürosu və polis dərhal qatilin axtarışlarına başlayırlar. Hadisə yerində olan şahidlər yaxınlıqdakı çoxmərtəbəli binada əlisilahlı şəxs gördüklərini bildirirlər. Binanı mühasirəyə alan polislər 6-cı mərtəbədə açıq pəncərənin yanında 3 giliz aşkarlayır. Elə oradaca optik nişangahı olan tüfəng tapılır. Tüfəngin kimə aid olmasını polislər asanlıqla müəyyənləşdirir. Lisenziya nömrəsinə görə, müəyyən edilir ki, silah 24 yaşlı keçmiş dəniz piyadası Li Harvi Osvalda aiddir. Dərhal onun axtarışına başlanılır. Osvaldın yaşadığı məhəllədə axtarış aparan polis serjantı Con Tippit küçədə şübhəli görünən şəxsə yaxınlaşır. Lakin onu Osvald deyə səsləyəndə cavabında atəşə məruz qalır. Li Harvi Osvald polis işçisini qətlə yetirib yaxınlıqdakı kinoteatrda gizlənir. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri onu mühasirəyə alaraq tərkislah edir.

Prezidentə atəş açılandan onun qatilinin tutulmasınadək təxminən 80 dəqiqə keçir. Dərhal Dallas polis idarəsinə yerləşdirilən Osvalda qarşı ilk olaraq polis serjantı Tippiti öldürmək ittihamı irəli sürülür. İki gün ərzində alınan ifadələr polislərdə Osvaldın həm də prezidenti öldürməsi ilə bağlı şübhəni möhkəmləndirir. Onu Dallas həbsxanasına yerləşdirmək qərara alınır. 24 noyabr 1963-cü il səhər vaxtı polislərin müşayiəti ilə Li Harvi Osvald polis bölməsindən çıxır.  Birinci və sonuncu dəfə amerikalılar prezidentlərinin qatilini canlı efirdə görürlər. Qəfildən repartyorların arasından çıxan bir şəxs Osvalda yaxınlaşır və ona atəş açır. Yaxınlıqdakı polislər həmin şəxsi dərhal yaxalayırlar. Lakin Li Harvi Osvald aldığı yaradan yerindəcə keçinir. Şübhəli şəxs polis idarəsinə yerləşdirilir. Tezliklə onun Dallasdakı gecə klublarından birinin sahibi olan Cek Rubi olduğu müəyyənləşir. Qətlin səbəbini Rubi Jaklin Kennedinin məhkəmədə ifadə verməməsi üçün etdiyini bildirdi. Lakin Amerika cəmiyyətinin bir çox sualları vardı. Həqiqətən Osvald Kennedini öldürmüşdü? O bunu tək yaxud kiminsə köməyi ilə etmişdi? Qətli sifarişçisi kimdi? Mafiyanın, Sovet İttifaqının yaxud Kubanın bu işdə əli varmı? və s. Prezident səlahiyyətlərinin icrasına başlayan Lindon Conson Kennedinin ölümünü araşdırmaq üçün komissiya təşkil edir. Komissiyanın rəhbəri Ali Məhkəmənin sədri Erl Uorren təyin edilir. Komissiya 1 illik araşdırmalarını zamanı 552 şahid ifadəsi dinləyir, 26 min polis və məhkəmə sənədi yoxlanılır. Nəticələr 1964-cü ilin sentyabrında hesabat şəklində ictimaiyyətə təqdim edilir.

Hesabatda Federal Təhqiqatlar Bürosu, Mərkəzi Kəşfiyyat İdarəsi və Polis orqanları sui-qəsdin qarşısını ala bilmədiklərinə görə sərt tənqid olunur. Komissiya qərara gəlir ki, Li Harvi Osvald prezidentin qatili kimi tək fəaliyyət göstərib və ona heç kəs yardım etməyib. Çoxsaylı ziddiyyət və səhvlərin yer aldığı hesabat amerikalıların böyük hiddətinə səbəb olur. Con Kennedininin ölümündən keçən 50 il ərzində bu mövzuda çoxlu kitablar yazılmış və bədii filmlər çəkilib. Bu günə qədər onun ölümünə dair müxtəlif versiyalar irəli sürülməsinə baxmayaraq hələ də sui-qəsdlə bağlı suallar cavablardan çoxdur.  

 

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir