Modern.az

Haqqını halal etmə bizə, Laçın!..

Haqqını halal etmə bizə, Laçın!..

18 May 2013, 16:53

Həftənin subyektiv icmalı

Namidə Bingöl

Əminliklə deyə bilmərəm ki, sentimentallıqdan tamamilə uzağıq. Amma içimizdəki tamah hissi bizi getmək istədiyimiz yoldan sapındırmaqda çox acizdir. Bəs görəsən, uğrunda döyüşmək istədiyimiz vətənpərvərlik hissi, hisslərimizin sıraya düzüldüyü cərgənin  niyə sonuncu pilləsində dayanıb? Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.

Əziz oxucularım, Modern.az-ın təqdim etdiyi “Həftə sonu” rubrikası sizin ixtiyarınızdadır.

Təhqir olunan gənclər

Bəşəriyyətin ən ali üzvü hesab edilən insan övladını alçaldılmış, təhqir edilmiş bir növ ictimailəşdirilmiş şəkildə cəmiyyətə təqdim etmək  öz-özlüyündə doğru deyil. Təəssüf doğurucu məqamlardan biri də bugünkü cəmiyyətdə bu cür halların çox olmasıdır. Məlum ADNA terrorunun 4-cü ildönümü ilə əlaqədar gənc fəal kimi tanınan şəxslər “Terrora yox” şüarı altında çıxışlarına görə həbs edilmişdi. Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər də həmin hadisə ilə əlaqədar həbs olunanlar arasında idi. Əsas məsələ Binəqədidəki saxlama məntəqəsində müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoların yayılması  gündəmin müzakirə obyektinə çevrildi. Milli Məclisin bu həftə keçirilən iclasında həmin məsələ də diqqətdən kənarda qalmadı. Ümid Partiyasının sədri İqbal Ağazadənin etiraz dolu çıxışından sonra Milli Məclisin spikeri Oqtay Əsədov da həmin məsələyə biganəlik göstərmədi. “Belə hərəkəti kim edibsə, ar olsun ona”. Təbii ki ar olsun, Oqtay müəllim. Turqut və onun kimi gənclər həmvətənlərimizdir. Özümüz-özümüzə qarşı  düşmənçilik göstərməkdənsə, susan vicdanımızı oyatsaq yaxşı olar. Qisas günü oyanmış vicdanımızdan asılıdır.

Sərdar Cəlaloğlu “Milli Şuraya yox” dedi

Nə vaxtsa yaradılacaq Milli Şura ideyası ətrafında söz-söhbətlər səngimək bilmir. Bir çox partiyalar bu ideyanın elə ideya kimi qalacağını düşünür. Bəlkə də haqlıdırlar. Ortada ortaq məxrəcə gəlmək uğrunda mübarizə var, amma hələlik özünü doğruldan nəticə yoxdur. ADP sədri Sərdar Cəlaloğlu bu dəfə  Milli Şuranın təşəbbüskarlarından olan Eldəniz Quliyevlə üz-üzə, göz-gözə baş-başa gəldi. Amma 2 qoçun da başı bir qazanda qaynamır, gərək qazan böyük olsun. Qazan öz yerində, Sərdar müəllimin  dediyi fikirlər də ola bilməz ki, kimlərinsə içini qaynatmasın. Axı Sərdar müəllim bir növ adət edib benzin tökməyə.
“İsa Qəmbər müəyyən vaxt keçəndən sonra Milli Şuradan geri çəkiləcək. Çünki onun bir “Qırmızı xətti” var, bu xəttə çatanda İsa Qəmbər də geri çəkiləcək”. Eh Sərdar müəllim, burda nə var ki İsa bəy geri çəkilsin. Milli Şura ideyası yaradılacaqsa, yaradılacaq. Yaradılmayacaqsa, canınız sağ olsun. İsa bəy də asanlıqla  geri çəkilən oğlanlardan deyil ha..

Gülərin vəzifə sevgisinin ayrılıq anları

Vəzifə kürsüsü uğrunda gedən savaşlarda çox sifətlər görmüşük. Necə deyərlər, baş alıb getdiyimiz yolun bir sonu var əlbət. O yola çatmaq üçün ilan dili çıxartmaq, çoxlarının iş mexanizmi olub. Həftələrdir Bakı İstintaq Təcridxanasında məhkum həyatı yaşayan sabiq deputat Gülər Əhmədovanın azadlığına qovuşması üçün dəridən-qabıqdan çıxması hər kəsə bəllidir. Gülər xanım ilan dili çıxara bilməsə də, gah ürəyi gedir, gah da təzyiqi qalxıb-düşür. Bir sözlə, səhhətində ciddi problemlərin olması xəbəri informasiya baxımından yenilənir. Bu dəfə Gülər xanım psixoloji durumunun olması ilə gündəmi zəbt etdi. Bəzilərinin fikrincə, bu həbsdən qurtulmaq üçün yeni ssenari də ola bilər. Bu haqda nəsə demək səlahiyyətimə daxil deyil. Psixoloq Dəyanət Rzayevin səlahiyyətinə isə Gülər Əhmədovanın Ağabəy Sultanovun pasiyenti olması xəbəri daxildir. Sən demə, Gülər xanım, dəmir barmaqlıqlar arasına düşməmişdən öncə, psixikasında problemlər olub. Bu problemləri ört-basdır etmək, daha doğrusu, dövlətdə böyük vəzifə tutmaq iddiasında olduğu üçün psixiatrdan müalicə ala bilmədiyini dilə gətirib. Bir az fikirləşmək lazımdır, Gülər xanım. İstənilən vəzifəni elə sevmək lazımdır ki, ayrılıq anları darıxdırıcı olmasın. Çünki nə vəzifə, nə də şöhrət  azadlıqdan üstün ola bilər.

Yaman sənsizləmişəm, Laçın!

21 illik həsrət yaman darıxdırır məni. Deyim ki, sənə nə vaxtsa pənah gətirmişəm, qoynunda gecələmişəm, sərin bulaqlarından doyunca su içmişəm. Yox. Təəssüf ki bu hissləri yaşamadım. Məmləkətin alışıb-yanan hissəsindən sənə də uğursuz pay düşdü. Səni də yandırdılar, hissələrindən qovurma bişirdilər. 
Göz görə-görə görməməzlikdən gəldik, Laçın. Yaman sənsizləşmişəm. Bir az da kövrəlmişəm bu aralar. Təbiətin ən gözəl çağında qoynuna atılmaq istəyirəm. Sənin də halın yaxşı deyil, bilirəm. Üzərində murdar ləpirlər dolaşır. Bizim üzərimizdə qalibiyyət savaşını toy-bayram edən erməni dığaları sinənə dirədikləri silahla deşik-deşik ediblər səni Laçın. Səni öz əllərimizlə düşmənə bəxşiş etməsəydik, indi məyusluqla səni yad etməzdik. O qədər soyuqqanlıyıq ki. Kef içindəyik Laçın. Ən bahalı maşınların içində sürət həddini vecimizə almırıq. Ən dəbdəbəli, göz qamaşdırıcı villalarımızın sayını belə, itirmişik. Hələ bu harasıdır Laçın. Səni hakimiyyət kürsüsü uğrunda apardığımız savaşın güdazına verdik getdi. Elə indi də hakimiyyət kürsüsü uğrunda qızğın rəqabət aparırıq. Heç birimiz sənin uğrunda belə mübarizə aparmadıq. Allah rəhmət eləsin Çingizə. İki gün bundan öncə çəkdiyi kadrlara baxdım. Səni itirməmək üçün səfərbərliyə səsləyirdi hamını. Amma bir binamus ona qoşulmadı. Biz gücümüzü sənin azadlığın uğrunda xərcləmədik, Laçın. Haqqını halal etmə bizə, səni azadlığına qovuşdurmayana qədər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi