Modern.az

MTN əntiq əşyaların satışının qarşısını alıb

MTN əntiq əşyaların satışının qarşısını alıb

Təhsil

27 Mart 2010, 17:45

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bizim eradan əvvəl və bizim eranın ilkin dövrünə aid əntiq əşyalar olması baxımından qiymətsiz tarixi incəsənət nümunələrinin qanunsuz satılmasının qarşısı alınıb. Bu barədə nazirliyin İctimai əlaqələr mərkəzi məlumat yayıb. Məlumata görə, MTN-ə bir qrup şəxsin qızıl və qiymətli daşlardan düzəldilmiş 3 ədəd tarixi incəsənət nümunəsini 350 min ABŞ dollarına Bakı şəhərində satmaq istədikləri barədə xəbər daxil olub. 2010-cu il martın 18-də həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixi incəsənət nümunələrini satmaq niyyətində olan Tərtər rayon sakini, 1980-cı il təvəllüdlü Allahverdiyev Arif Allahyar oğlundan 2 ədəd qızıl heyvan fiquru və 1 ədəd daşdan düzəldilmiş, çox qədim, həm də nəfis sənətkarlıq nümunəsi olan jezl, yəni rəhbər və ya hakimiyyət simvolu qismində istifadə olunduğu güman edilən balta sənədləşdirilərək götürülüb. Bu istiqamətdə həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları, 1983-cü il təvəllüdlü Yusifov Hafiz Mustafa oğlu, 1973-cü il təvəllüdlü, ixtisasca tarixşunas olan Rzayev Rizvan Abbas oğlu və 1956-cı il təvəllüdlü Qurbanov Məzahir Ələkbər oğlundan ümumilikdə 6 ədəd tarixi əhəmiyyət kəsb edən incəsənət nümunələri, o cümlədən 1 ədəd qızıldan hazırlanmış şir başına bənzər riton, 1 ədəd qızıldan hazırlanmış heyvan fiquru, 1 ədəd firuzədən hazırlanmış ceyran üzərində adam fiquru, 1 ədəd tunc riton, 2 ədəd kiçik tunc kişi heykəli aşkar olunaraq götürülüb. Adları çəkilən şəxslər bu əşyaları 250 min ABŞ dollarına satmaq niyyətində olublar. Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cı (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən mədəni-tarixi sərvət olan əşyaların qaçaqmalçılığı) maddəsi ilə cinayət işi başlanıb. Allahverdiyev Arif Allahyar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu isə şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi üzrə bütün hallarının araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.   Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?