Modern.az

Bayılda 15 milyon dollarlıq Kino Kompleksi

Bayılda 15 milyon dollarlıq Kino Kompleksi

Mədəni̇yyət

29 Mart 2010, 16:13

13400 KV.METRLİK ƏRAZİDƏ TORPAĞIN MÖHKƏMLƏNMƏSİNƏ 1 MİLYON XƏRCLƏNİB

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı Bakıda sahəsi 13 400 kv.metr olan bir ərazidə Kino Kompleksi salır. Bu haqda İttifaqda keçirilən mətbuat konfransında məlumat verilib. İttifaqın birinci katibi Rasim Balayev deyib ki, Kompleksin yerləşdiyi Bayıl yamacından Bakı buxtası və müasir Bakının amfiteatr şəkilli panoramına görünüş açılır. Bu kompleksdə 500 nəfərlik kinokonsert zalı, dünya kinosu muzeyi, sərgi salonları, yaradıcılıq emalatxanaları, restoran, təntənəli mərasimlər üçün banket və kiçik mehmanxana yerləşəcək.

 

Rasim Balayev bildirib ki, Kinematoqrafçılar İttifaqı hələ  50 il əvvəl Bakıda Kino Evi tikməyə cəhd göstərib. Amma həmin təşəbbüs 2006-cı ilin dekabrından reallaşmağa başlayıb. Həmin vaxt  Azərbaycan prezidenti Kinematoqrfaçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovu qəbul edib və Bayılda “Kino Evi – Kinofestival Mərkəzi – Beynəlxalq Kino məktəbi” kompleksinin tikilməsi ideyasını müsbət qarşılayıb. Bu məqsədlə Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Səbayıl bələdiyyəsinin ehtiyat fondundan torpaq sahəsi alınıb və dövlət qeydiyyatından keçib.

 

Kinematoqrfaçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov isə Kompleksin tikintisi ilə bağlı bəzi problemlərin yaşandığını bildirib. Onun sözlərinə görə, 6 ay əvvəl Dövlət Neft Şirkətinin nümayəndələri tikinti sahəsinə gələrək burada aparılan işləri dayandırıblar: “Deyirlər ki, sovet hakimiyyəti dövründə bu ərazi onlara aid olub. Amma əllərində heç bir hüquqi əsas yoxdur. Çünki bu torpaq alınıb, qeydiyyatdan keçirilib, özəlləşdirilib. 60 ildir iki orada neft çıxarılmır, indi deyirlər neft çıxarırıq. Amma ixtiyarları yoxdur. Gəlib bizimə müqavilə bağlamalıdırlar”. Yazıçının dediyinə görə, Neft Şirkətinin nümayəndələri bir həftə əvvəl də tikintinin gedişinə mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, dünən Kino Evinin birinci binasının bünövrəsi qoyulub. Bu günə qədər Kino Kompleksinə ayrılan sahədə geoloji təhqiqat işləri başa çatıb və ekoloji müdafiə məsələləri ilə bağlı ölçülmə sistemi hazırlanıb. Təkcə torpağın möhkəmləndirilməsinə 1 milyon manat xərclənilib. İndiyə qədər 5 milyon dollar xərc çəkilib. Ümumilikdə, layihənin dəyəri təxminən 15 milyon dollar həcmindədir. Tikintinin xərcləri Almaniya, İngiltərə və Amerikadan olan investorlar tərəfindən ödənilir. Kinofestival kompleksi “Şərq- Qərb Beynəlxalq Kinofestivalının münsiflər heyətinin, qonaqların yerləşdirilməsi və müsabiqə baxışlarının keçirilməsi üçün nəzərdə tutulub. Kompleksə daxil olan binalardan  6-si mərkəzə aid olacaq, yerdə qalan 8 bina isə biznes məqsədilə tikilir.  

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi