Modern.az

"Parlament seçkisi müxalifətin taleyi baxımından çox önəmlidir"

"Parlament seçkisi müxalifətin taleyi baxımından çox önəmlidir"

Müsahibə

30 Mart 2010, 17:25

BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASININ (BAXCP) SƏDRİ, MİLLƏT VƏKİLİ QÜDRƏT HƏSƏNQULİYEV: "BU SEÇKİLƏR BÜTÖVLÜKDƏ KONSTRUKTİV DÜŞÜNCƏNİN TALEYİNİ HƏLL EDƏCƏK" 

- Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivləşdiyi müşahidə olunmaqdadır. Tərəflər yenilənmiş Madrid prinsiplərini müzakirə edirlər. Bu baxımdan problemin həlli ilə bağlı yeniliklər gözləyirsinizmi?  Türkiyənin regionda baş verən hadisələrə təsir imkanlarının artması fonunda onun Dağlıq Qarabağ probleminin həlli istiqamətində oynadığı rolu necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə son illərdə nə beynəxlaq təşkilatlar, nə də ABŞ, Rusiya və İran Ermənistandan işğala son qoyulmasını tələb ediblər. Onlar sadəcə bu münaqişədən faydalanmaq məqsədi güdürlər. İndi maraqlı vəziyyət yaranıb: Azərbaycan ya regionda daha böyük maraqları olan Rusiyanın təzyiqlərinə boyun əyib, bu dövlətin maraqlarını təmin edib münaqişənin tənzimlənməsinə nail olmalıdır, ya da xalqımız Ermənistana kimlərin dəstək verəcəyindən çəkinmədən öz sözünü deməlidir. Hazırda beynəlxalq təşkilatlar, böyük güclər Dağlıq Qarabağ probleminin həllində Kosova presidentindən yararlanmaq istəyirlər. Yadınıza gəlirsə, Kosovaya müstəqillik da eyni qayda ilə verildi. Əvvəlcə orada BMT-nin səyi ilə müvəqqəti hökumət yaradıldı. Eyni zamanda Serbiyadan tələb olunurdu ki, Kosova ilə status məsələsində danışıqlar aparıb, müəyyən razılığa gəlsin. Razılaşma əldə edilmədikdə isə birinci olaraq ABŞ, ardınca isə digər dövlətlər Kosovanın müstəqilliyini tanıdı. Eyni proseslərin Dağlıq Qarabağda həyata keçirilməsi planlaşdırılır. İndiki məqamda vəziyyəti bir az gərginləşdirən, bu varinatın tətbiq olunmasının qarşısını alan yeganə faktor Rusiyadır. Kosova probleminin həlli zamanı Rusiyanın Avropanın mərkəzinə təsir imkanları kifayət qədər deyildi, ancaq indi vəziyyət bir qədər fərqlidir. Ermənistan faktiki surətdə Rusiyanın tam nəzarətindədir. Rusiya isə Ermənistanın deyil, öz maraqlarından çıxış edir. Yəni mövcud satatus-kvonun qorunub saxlanılması bilavasitə Moskvanın marağındadır. Çünki bu vasitə ilə Rusiya həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını saxlamış olur. O ki, qaldı "Madrid prinsiplər"inə, bu prinsiplərdən heç nə gözləməyinə dəyməz. Biz nə ABŞ-dan, nə Fransadan həmsədr ölkə olaraq ədalətli mövqe gözləyə bilmərik. Hər iki ölkənin siyasi elitası erməni diasporunun ciddi təsiri altındadır. Hər iki ölkədə hakimiyyətə gələn qüvvələr erməni diasporunun maliyyə dəstəyindən, əlaqələrindən, nüfuzundan istifadə edirlər. Bunun qarşılığında isə üzərilərinə müəyyən öhdəliklər götürürlər. Bu səbəbdən də onların nə vaxtsa erməniləri yox, azərbaycanlıları müdafiə edəcəklərini söyləmək özünü aldatmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir. Sadəcə onlar açıq deyə bilmirlər ki, sənin torpaqların işğal olunub, işğal olunmuş torpaqlarının bir hissəsini işğalçıya güzəştə getməlisən. Fikirlərini diplomatik dillə ifadə edirlər. Amma mən yenə o fikiri vurğulayıram ki, Rusiya ilə müəyyən danışıqlara getmək olar. Hər halda belə bir ümid var ki, Azərbaycanda Rusiyanın maraqlarının təmin olunması ilə bu ölkəni ədalətsiz mövqedən qismən çəkindirmək, Azərbaycanın ərazi bütövlüyününü qoruyub saxlamaq olar. Əgər biz müharibəyə hazır deyiliksə, yaxud müharibə istəmiriksə, başqa alternativləri şəxsən mən görmürəm. Türkiyənin də Azərbaycana bundan artıq dəstək verəcəyini düşünmürəm, istəmirəm ki, kimlərsə də bunun əksini düşünüb özü-özünü aldatsın. Türkiyənin Dağlıq Qarabağ probleminin həllində oynadığı rolu müsbət dəyərləndirmirəm, qardaş ölkə çox ciddi səhvlərə yol verir. Təbii ki, Türkiyə vaxtilə bir dövlət olaraq BMT qarşısında öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirib. Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədlər bağlanıb. Amma çox təəssüf ki, son vaxtlar Türkiyə müəyyən xarici qüvvələrin təzyiqi ilə bəzi xoş olmayan addımlar atmaqdadır. Türkiyə artıq vaxtilə bizə verdiyi dəstəkdən imtina etmək zorunda qalıb. Yeri gəlmişkən bir məsələyə diqqət yetirmək istərdim. Baş nazir Ərdoğan hər zaman fəxrlə bildirib ki, məhz onun hakimiyyətdə olduğu dövrdə yüz min erməni miqrant qeyri-qanuni olaraq Türkiyədə məskunlaşıb. İndi sadəcə onun bir göstərişi yetər ki, ermənilər Türkiyədən deportasiya olunsunlar. Mən buna görə çox təəssüflənirəm. Çünki belə açıqlamalar Türkiyənin, qardaş ölkənin mövqeyinə ciddi zərbə vurur. Belə çıxır ki, Ərdoğan Türkiyədə hakimi-mütləqdir, nə istəsə edə, kimi istəsə cəzalandıra bilər. Halbuki ermənilərin deportasiyası haqqında qərarı Türkiyənin miqrasiya xidməti verməlidir. Ərdoğanın həm ermənilərin onun hakimiyyəti dövründə Türkiyədə qeyri-qanuni yaşaması haqqındakı açıqlaması, həm də son bəyanatı Türkiyənin demokratik, hüquqi dövlət imicinə zərbə vurur. Gəlin görək Obama, məsələn Meksikadan olan miqrantlarla bağlı belə bir bəyanatla çıxış edərmi və ya edə bilərmi? Dərhal onun impiçmenti prosesi həyata keçirilər.

Azərbaycan xalqı Dağlıq Qarabağ probleminin tam ədalətli həllini istəyirsə, bunu öz imkanları hesabına reallaşdırmalıdır. Tarixən belə olub ki, bir xalq o birini hücum edəndə, torpaqlarını qəsb edəndə, hücuma məruz qalan ya işğalla barışıb, təslim olub, öz torpaqlarını, ərazilərini güzəştə gedib. Ya da vuruşub, öz torpaqlarını qoruyub-saxlayıb, işğalçıya öz yerini göstərib. Biz işğalçını torpaqlarımızdan çıxarmaq istəyiriksə, bundan başqa yol yoxdur.

- Qarşıdan parlament seçkisi gəlir. Həm seçki öncəsi vəziyyət, həm də rəhbəri olduğunuz partiyanın seçki hazırlıqları ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Mənə elə gəlir ki, bu seçkidə bir şey tam bəlli olacaq. Sözsüz ki, qarşıdan gələn seçkidə Azərbaycan müxalifətinin qalib olmaq imkanları məhduddur. Amma bu seçkilər müxalifətin taleyi baxımından çox önəmlidir. İndi Azərbaycanda iqtidarla heç bir məsələdə razılaşmayan, iqtidarın istefasını tələb edən müxalifət partiyaları var. Eyni zamanda hakimiyyətlə əməkdaşlıq edən, problemlərin həllini konstruktiv müxalifətçilikdə, islahatlarda görən müxalifət partiyaları fəaliyyət göstərir. Məhz bu seçkidən sonra bilinəcək ki, Azərbaycan xalqı hansı tip müxalifəti dəstəkləyir. Radikal, yoxsa konstruktiv müxalifəti ana müxalifət kimi görmək istəyir. Bu seçkilər bütövlükdə konstruktiv müxalifətin, konstruktiv düşüncənin taleyini həll edəcək. Seçkidən sonra bilinəcək ki, hakimiyyətə real alternativ olaraq Azərbaycan siyasətində kim qalır. Təkamül yolu ilə ölkənin problemlərinin həll olunmasını, siyasi proseslərin inkişafını, islahatlar yolu ilə inkişafı istəyən qüvvələr, yoxsa radikal müxalifət. Bizim partiyanın da daxil olduğu konstruktiv müxalifət partiyaları ciddi naliyyət əldə edə bilməsələr, bələdiyyə seçkisinin təkrarı baş versə, Azərbaycan siyasətində iqtidar və onun istefasını tələb edən qüvvələr qalacaq. Qüvvələr nisbətinin necəliyindən asılı olmayaraq... Mən əminəm ki, belə olacağı halda hansısa mərhələdə konstruktiv müxalifətçilik missiyası tamamilə iflasa uğrayacaq. Bunlar bədbin proqnozlardır, bu ehtimalları nəzərə alan konstruktiv müxalifət partiyaları bu barədə ciddi düşünməlidirlər. Çalışmalıyıq ki, biz Azərbaycanı gözləyən mənfi nəticələrdən sığortalaya bilək. Bir sözlə söylədiyim məqamlar nəzərə alınmaqla parlament seçkisi konstruktiv müxalifət partiyaları üçün həddindən artıq önəmlidir. Ən azı konstruktiv müxalifətin parlamentdə fraksiya ilə təmsil olunmaq cəhdlərinin nəticə verməməsi mənfi nəticələr doğura bilər.

- BAXCP İdarə Heyətinin iki gün öncəki toplantısında Mərkəzi Seçki Komissiyanın tam tərkibdə fomalaşması ilə bağlı çağırış səsləndirilib.

- Mərkəzi Seçki Komissiyasının tam tərkibdə formalaşdırılması ilə bağlı məsələyə dəfələrlə münasibətimizi açıqlamışıq. Parlament seçkilərinə qısa bir müddət qalmasına baxmayaraq, Mərkəzi Seçki Komissiyasında üç həlledici komissiya üzvünün yeri boş qalır. Bildiyiniz kimi MSK sədrinin müavini Svetlana Qasımova vəfat edib. Digər iki yerdən biri qanunla deputatları parlamentdə azlıq təşkil edən siyasi partiyalar üçün nəzərdə tutulub. Boş qalan digər həlledici səs hüquqlu komissiya üzvü yeri isə bitərəflərlə razılaşdırılmalıdır. Seçkilər Məcəlləsinin tələbləri qanunun hüquqi məntiqinə və fəlsəfəsinə uyğun şəkildə təmin edilməlidir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da deputatları parlamentdə azlıq təşkil edən siyasi təşkilatdır, müxalifət partiyasıdır. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyasında BAXCP-nin təmsilçiliyi partiyanın həm hüquqi, həm də mənəvi haqqıdır.

- Partiyanızın İdarə Heyətinin toplantısında təhsillə bağlı da ciddi müzakirələr aparılıb, müəyyən təkliflər irəli sürülüb. Sizcə bu təkliflərin həyata keçməsi Azərbaycan təhsilini böhrandan çıxarmaq mümkün olacaqmı?

- Mən hökumətin parlamentdə hesabatı zamanı da bu məsələni qaldırmışdım. Azərbaycan təhsilində ciddi islahatlar aparılmalıdır. Bəzən görürsən ki, kimlərsə təhsillə bağlı tənqidi fikirləri kampaniya kimi qiymətləndirir. Onların sırasında təhsil naziri Misir Mərdanov da var. Mən çox təəssüf edirəm ki, təhsillə bağlı tənqidi fikirlər kampaniya kimi yozulur. Təhsillə bağlı islahatları nazir tək həyata keçirə bilməz. Nazirliyin gördüyü işlərlə yanaşı, hökumətin ciddi islahatlar keçirməsinə ehtiyac var. İndiki təhsil qaydası, xüsusilə də ali məktəblərə qəbul proseduru bir çox çatışmazlıqları ilə diqqət çəkir. Qəbul prosesi zamanı sualların həddindən artıq çətin olduğunu müşahidə edirik. Suallar sanki olimpiada suallarıdır. Ən yüksək səviyyəli, ən qabiliyyətli insanların cavab verəcəyi suallar abturiyentlərə ünvanlanır. Məncə qəbul imtahanlarında orta səviyyə götürülməlidir. Bu zaman abturiyentlərin fərqlənən daha öncül hissəsi unversitetlərə daxil olmalıdır. Qəbul imtahanlarında sualların kifayət qədər çətin olması ona gətirib çıxarıb ki, şagirdlər başqa fənnləri öyrənməyə heç bir həvəs göstərmir, ancaq imtahan verəcəkləri fənnlər üzrə repititor yanında hazırlığa gedirlər. Orta məktəbə getmirlər, getsələr belə, gediş-gəliş fiziki xarakter daşıyır. Bunun isə özünəməxsus mənfi cəhətləri var. Uşaq müəllim yanına gedib-gəlir, nəticədə kollektivdə formalaşmır. Asudə vaxtının təşkilinə diqqət ayırmır. Başqa bir mənfi nəticə isə ondan ibarətdir ki, məsələn humanitar fənnlər üzrə hazırlaşan gəncin kimyadan, fizikadan, riyaziyyatdan xəbəri olmur. Dəqiq elmləri seçən tələbələr isə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında elementar şeyləri bilmirlər. Biz cəmiyyətə birtərəfli inkişaf edən şikəst insan təqdim edirik. Sonra da deyirik ki, insanlarımızın, xüsusilə də gənclərimizin xarakterində ciddi çatışmazlıqlar, nöqsanlar var. Orta məktəb şagirdə bilik verməklə yanaşı cəmiyyət üçün normal, ləyaqətli vətəndaş yetişdirməlidir. Təəssüf ki, indi biz bunun əksini görürük. Bəzən deyirlər: Görün ölkəmizdə nə qədər olimpiada qalibi var. Heyf ki, gənclərin hərtərəfli qabiliyyəti ilə bağlı olimpiadalar keçirilmir. Belə olimpiadalar keçirilsəydi, mən əminəm ki, bizdən heç kəs mükafat layiq yerlər tuta bilməzdi.

Yeri gəlmişkən deyim ki, gənclərimizin Avropa ölkələrində təhsil alması məsələsinə də xüsusi diqqət yetirilməlidir. Xüsusi fərqlənən gəncləri seçib Avropa ölkələrinə göndərmək lazımdır ki, yüksək təhsil alsınlar. Doğrudur, bu istiqamətdə iş gedir, amma bu işi qənaətbəxş saymıram. Bundan başqa, maraqlı bir məqama diqqət yetirilməsi vacibdir. Ölkənin bir çox nazirliklərinə işə qəbul zamanı test imtahanı keçirilir. Belə imtahanlardan qabaq, əvvəlcədən suallar açıqlanır, imtahan verəcək şəxslər həmin suallar üzrə hazırlaşırlar. Sonradan bu sualların içərisindən müəyyən suallar seçilərək imtahana salınır. Bu praktika qəbul prosesində də tətbiq olunmalıdır. Eyni zamanda iki dəfə - həm buraxılış, həm də qəbul imthanlarının verilməsi məsələsi aradan qaldırılmalıdır. Bu il ola bilsin ki, gecdir, ancaq gələn il hökumət bu addıma getməlidir. İki imtahanın keçirilməsi sanki belə təəssürat yaradır ki, dövlət öz-özünə inanmır. İmtahanların birini erməni, o birini azərbaycanlılar keçirmir ki, deyək imtahanın hansısa ədalətsiz olacaq. Demək olarmı ki, hansısa dövlət orqanın imtahanı keçirməkdə pis, o birini isə yaxşı məqsədi var? Təbii ki, bu cür yanaşma doğru olmazdı. Buraxılış imtahanlarını hesab edirəm ki, bir dövlət orqanı keçirməlidir. Bir imtahanın nəticələrinə uyğun olaraq tələbələr topladıqları ballar əsasında ali məktəblərə yerləşdirilməlidir. İmtahana bir ay və yaxud üç ay qalmış dediyimiz kimi imtahana düşə biləcək suallar açıqlanmalıdır. Abturiyentlər konkert olaraq bilməlidirlər ki, onlara ünvanlanacaq suallar bu sualların arasından seçiləcək. Onu da deyim ki, bu gün faktiki olaraq təhsil naziri ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəhbəri arasında bir çəkişmə var və bu da ümumi prosesə zərbə vurur. İndi abturiyentə elə sual ünvanlanır ki, o maksimum suala cavab verə bilməsin. Hesab edirəm ki, məqsəd bu olmamalıdır. İslahatların aparılması vacibdir. Paralel olaraq universitetlərin özəlləşdirilməsi prosesinə start verilməlidir. Dövlət təhsil sahəsində ciddi islahatlar həyata keçirmək istəyirsə, mütləq universitetləri özəlləşdirməlidir. Universitetlər özəlləşəndən sonra təhsildə fərqlənən tələbələrə, eyni zamanda təhsil haqqını ödəmək imkanı olmayan şəxslərə təhsil krediti götürmək imkanı yaradılmalıdır. Belə olan halda tələbə də çalışacaq ki, yaxşı təhsil alsın, son nəticədə götürdüyü krediti qaytara bilsin. Tələbə biləcək ki, birinci, ikinci kursdan qovulsa, işi çətin olacaq, çünki kreditləri qaytarmalıdır. Deməli təhsil kreditinin verilməsi tələbələrin yaxşı oxuması üçün əlavə stimuldur. O da mümkündür ki, bir neçə tələbənin təhsil haqqını dövlət ödəsin. Ancaq prinsip olaraq mən bu qənaətdəyəm ki, biz özəlləşmə məsələsini həyata keçirilməliyik. Biz kapitalist cəmiyyətdə yaşayırıqsa, Avropa dəyərlərini qəbul etdiyimizi bəyanlayırıqsa, özəlləşmə prosesini ləngitməməliyik. Bu həm də təhsilin birbaşa dövlətin nəzarətindən çıxarılması deməkdir. Doğrudur dövlət təhsili nəzarətdə saxlamalıdır, ancaq idarəetmə baxımından təhsil müəssisələrinə azadlıq verilməsidir ki, bunun da müsbət cəhətləri çoxdur. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı