Modern.az

Ombusman hesabat verdi: "2009-cu ildə 8 min 800 müraciət daxil olub"

Ombusman hesabat verdi: "2009-cu ildə 8 min 800 müraciət daxil olub"

2 Aprel 2010, 13:53

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2009-cu il üçün illik məruzəsini təqdim edib. Modern.az-ın məlumatına görə, E.Süleymanova çıxışında bildirib ki, ombudsman və aparatın əməkdaşları müxtəlif vaxtlarda rayon və şəhər polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlanma təcridxanalarına baxış keçiriblər: “Həmçinin, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsinə, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanalarına 294, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 108, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına 2 planlı və şikayətlərlə bağlı sözügedən məntəqələrdə olmuşuq. Söhbət aparılan şəxslər, əsasən, istintaqın gedişindən və məhkəmə hökmlərindən şikayətlər ediblər. Aşkar edilən qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, həmçinin, müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis idarə və şöbələrin rəislərinə, zəruri hallarda isə Azərbaycanın baş prokuroruna, Daxili İşlər Nazirliyinə və ya Ədliyyə Nazirliyinə müraciətlər edilib". Ombudsman bildirib ki,  bu müraciətlər nəticəsində qanun pozuntusuna yol verən bir sıra əməkdaşlar intizam məsuliyyətinə cəlb olunub, aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə təbdirlər görülüb. "İstintaq, həmçinin, müvəqqəti təcridxanalarda saxlanılan şəxslərin sağlamlıq vəziyyətinə də xüsusi diqqət ayırır. Həmin yerlərdə saxlanılan şəxslərin qidalanma və tibbi təminatının yaxşılaşdırılması üçün xərclərin artırılması, həmçinin, müvafiq normativlərə yenidən baxılması təklifi ilə Milli Məclisə və Maliyyə Nazirliyinə müraciətlər edib, Azərbaycanın qarşıdakı hər il, o cümlədən, 2010-cu il Dövlət Büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı həmin tövsiyələrin nəzərə alınmasını təklif edib". E.Süleymanova vətəndaşlara ümumvətəndaş pasportunun verilməsində, habelə şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində hüquq pozuntuları, süründürməçilik və məmur özbaşınalığı hallarının azaldığını vurğulasa da, hələ də bir sıra hallarda çətinliklərin qaldığını qeyd edib: "Azərbaycana gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşayış vəsiqələrinin verilməsində və müddətinin uzadılmasında, xarici pasportların və onu əvəz edən sənədlərin qeydə alınmasında və ya qeydə alınması müddətinin uzadılması ilə bağlı da bir sıra problemlər var". Məruzədə şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət və eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılmasının demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayıldığı bildirilib: "Göstərilən məsələlərin əsası ölkə Konstitusiyasında ümumi şəkildə əksini tapıb. Bununla belə, müvəkkil hesab edir ki, həmin məsələlərin müvafiq qanunlarla daha dəqiq tənzimlənməsinə ehtiyac vardır. Qeyd olunanlar baxımından, Müvəkkil Media Hüquqi İnstitutu tərəfindən hazırlanan "Diffamasiya (nüfuzun qorunması) haqında" qanun layihəsini müsbət dəyərləndirib, eyni zamanda, həmin layihə üzrə bir sıra təkliflər verib". Ombudsman bildirib ki, 2009-cu ildə 700-dən artıq dini icma yeni qaydalara müvafiq olaraq, sənədlərini təkrar dövlət qeydiyyatına təqdim edib: "Onlardan 232-nin artıq dövlət qeydiyyatına alındığı bildirilib. Bəzi dini qurumlar və ya icmalar tərəfindən dini nifaq salınmasına xidmət edən kitabların ölkəyə gətirilməsi və yayılması cəmiyyətdə vicdan azadlığının pozulmasına və qeyri-sabitliyə xidmət edir. Bakı şəhərində, istərsə də ölkənin digər yerlərində məktəbyaşlı uşaqların dini ayinlərin icrasına, müxtəlif dini sektaların fəaliyyətinə cəlb edilməsi bu sahədə ölkə qanunvericiliyinin tələblərinin pozulmasına şərait yaradır".

E.Süleymanova onu da qeyd edib ki, 2009-cu ildə onun ünvanına 8800 müraciət daxil olub. Onun 7365-i şikayətlərdən daxil olub. Onlardan 982 şikayət məhkəmə orqanları, 415 şikayət prokurorluq orqanları, 1239 şikayət polis orqanları, 688 şikayət yerli icra haklimiyyəti orqanları, 441 şikayət məhkəmə qərarlarının icra edilməməsi, 205 şikayət isə bələdiyyələrlə bağlı olub. Milli Məclis 98 səs lehinə, 5 səs əleyhinə olmaqla Ombudsmanın hesabatını qəbul edib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi