Modern.az

Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi hansı səviyyədədir?

Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi hansı səviyyədədir?

2 Aprel 2010, 16:17

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində “Ali təhsil müəssisələrinin KİV-lə əlaqəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə KİV rəhbərləri və təmsilçiləri, həmçinin ali təhsil müəssisələrinin mətbuat katibləri və nümayəndələri iştirak ediblər.

Öncə ADU-nun Mətbuat xidmətinin 1 illik fəaliyyətini əks etdirən slayd-şou nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova “Ali təhsil müəssisələrinin KİV-lə münasibətlərində Mətbuat xidməti: qarşılıqlı əlaqərin qurulmasında peşəkarlıq” mövzusunda məruzə ilə çıxış edib.

Mətbuat katibi KİV-lə universitetlərdə fəaliyyət göstərən mətbuat xidmətlərinin qarşılıqlı əlaqəsi, bu istiqamətdə görülən işlərdə peşəkarlığın təmin olunmasının vacibliyini vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov  “Mətbuat Xidməti və İctimaiyyət: məlumatın hazırlanması və ötürülməsi” mövzusunda məruzə ilə çıxış edib. O, Mətbuat xidmətinin hər bir qurumun imicinin formalaşmasındakı rolundan, vəzifələrindən, məlumatın KİV-ə ötürülməsi qaydalarından, həmçinin bu sahədə çalışan insanların jurnalistika və media sahəsində biliklərinin olmasının vacibliyindən danışıb.

“525-ci qəzet”in  baş redaktoru Rəşad Məcid “Universitet nəşrləri: tələbələrin KİV-də iştirakı, tələbə dünyagörüşü və KİV” mövzusunda məruzəsində mətbuatın, qəzetlərin tələbələr üçün hər zaman açıq olmasını və onların peşəkarlıqlarının artırılmasına dəstək vermələrinin önəmini qeyd edib. R.Məcid universitetlərdə yaradılan radio qovşaqlarının tələbələrinin istedadının üzə çıxması üçün yaxşı vasitə olduğunu, həmçinin universitetlərdə tələbələrin öz mətbuat orqanlarının yaradılmasının və inkişaf etdirilməsinin vacibliyini bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Mətbuat xidmətlərinin məhz oxucunun marağını nəzərə alaraq materialları daha dəqiqliklə seçib KİV-ə göndərmələrini tövsiyə edib. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öz çıxışında bildirdi ki, əgər hər hansı strukturun başında peşəkar insan dayanırsa orada problemlər olmur: “Universitetlər içərisində ADU rektorunun bu məsələyə həssas yanaşması nəticəsində ADU-da universitet - KİV əlaqələri səmərəli nəticə verir. ADU Mətbuat xidmətinin aktivliyi bu gün digər universitetlərə nümunədir”- deyə o, bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir