Modern.az

"Azərkimya"ya rəhbərlik ARDNŞ-nin vitse-prezidentinə həvalə olundu

"Azərkimya"ya rəhbərlik ARDNŞ-nin vitse-prezidentinə həvalə olundu

3 Aprel 2010, 17:32

Xəbər verdiyimiz kimi ölkə başçısının “Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Azərikimya” Dövlət Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilib. Bu gün-aprelin 3-də Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin digər nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev “Azərikimya” Dövlət Şirkətində olublar. Məlumat Modern.az-a ARDNŞ-nin mətbuat xidmətindən verilib. ARDNŞ rəhbərliyi Sumqayıtda “Azərikimya” Dövlət Şirkətinin idarəetmə aparatı və bu şirkətin strukturuna daxil olan müəssisələrin rəhbərləri ilə görüş keçirib. Görüşdə Prezident İlham Əliyevin neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı istiqamətində ARDNŞ qarşısında qoyduğu vəzifələrdən geniş söhbət açılıb, bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağı bildirilib. ARDNŞ prezidenti “Azərikimya” Dövlət Şirkətinin strukturunun ARDNŞ-nin idarəetmə strukturuna uyğunlaşdırılması istiqamətində zəruri hüquqi hərəkətlər başa çatdırılanadək “Azərikimya”nın mövcud idarəetmə mexanizmlərinin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə konkret tapşırıqlar verib. Azərbaycan Respublikası Prezidentinin “Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsinə nəzarət və “Azərikimya” Dövlət Şirkətinin fəaliyyətinin ARDNŞ tərəfindən istiqamətləndirilməsi ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayevə həvalə olunub. İndiyədək "Azərkimya” Dövlət Şirkətinə deputat Məcid Kərimov rəhbərlik edirdi. Şirkətə nəzarətin ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayevə həvalə olunması o deməkdir ki, Məcid Kərimov  "Azərkimya” rəhbərliyindən uzaqlaşdırılıb. Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər