Modern.az

TQDK sınaq imtahanının nəticələrini aprelin 8-də açıqlayacaq

TQDK sınaq imtahanının nəticələrini aprelin 8-də açıqlayacaq

5 Aprel 2010, 11:33

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il aprelin 4-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirib.

Respublikanın 28 şəhər və rayonunda keçirilmiş bu imtahanda iştirak etmək üçün 31538 abituriyent qeydiyyatdan keçib.

TQDK-dan Modern.az-a  verilən məlumata görə, sınaq imtahanı ümumilikdə 35 binada keçirilib, prosesin idarə olunmasına 123 imtahan rəhbəri, 1039  nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda istifadə olunmuş sual kitabçalarının TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlandığı, orta məktəb dərslikləri və qəbul imtahanı proqramlarına tamamilə uyğun olduğu bildirilir.

Sınaq imtahanı qəbul imtahanlarının metod və texnologiyalarına uyğun keçirildiyindən bu imtahanda iştirak edən abituriyentlər həm öz biliklərini yoxlamaq, ümumi hazırlıq səviyyələrini müəyyən etmək, həm də özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq imkanı qazanıb.

Aprelin 4-də keçirilmiş sınaq imtahanının nəticələrinin aprelin 8-də htpp/www.tqdk.gov.az internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək.

Hazırda aprelin 11-də və 18-də keçiriləcək sınaq imtahalarına yazılış davam edir.

Abituriyentlər sınaq imtahanlarına yazılarkən diqqətli olmalı və qaydalara əməl etməlidirlər. Onlar imtahan tarixini, imtahanın keçiriləcəyi bölgəni, yeri, imtahan verəcəkləri ixtisas qrupunu, bölməni və s. mühüm məlumatları düzgün daxil etməlidirlər. Qaydalara görə sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Bununla bağlı əvvəlcədən məlumat verilməsinə baxmayaraq, aprelin 4-də keçirilmiş sınaq imtahanında bir sıra gənclərin başqasının müvafiq sənədindən istifadə etməklə imtahana yazıldığı məlum olub. Həmin abituriyentlər imtahana buraxılmırlar. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI