Modern.az

Goranboy məktəbində direktor qalmaqalı böyüyüb

Goranboy məktəbində direktor qalmaqalı böyüyüb

6 Aprel 2010, 11:58

Goranboy rayonundakı 3 nömrəli orta məktəbdə direktorun işdən uzaqlaşdırılması üzündən yaranan qalmaqal böyüməkdədir. Direktor Nüşabə Əhmədovanın vəzifəsindən kənarlaşdırılmasına etiraz edən məktəbin şagirdləri, onların valideynləri və müəllimlər ötən həftənin şənbə günü 200 nəfərin iştirakı ilə etiraz aksiyası keçirmişdilər. Əllərində ağ bayraq tutaraq küçə yürüşünə çıxan aksiya iştirakçıları Nüşabə Əhmədovanın vəzifəsinə qaytarılmasını tələb etmişdilər. Əraziyə çağırılan polis işçilərinin müdaxiləsindən sonra aksiyanın qarşısı alınmışdı.

Goranboy sakinlərinin Modern.az-a verdikləri məlumata görə, hazırda məktəb ətrafında polis postları qurulub, huquq-mühafizə orqanının əməkdaşları baş verə biləcək hər hansı etiraz aksiyasının qarşısın almağa hazır vəziyyətdədilər. Amma məktəbdə narazılıq səngiməyib və təhsil ocağının kollektivi əvvəlki kimi N.Əhmədovanın işə qaytarılmasını israr edir.

Modern.az-ın əməkdaşı ilə söhbətdə Nüşabə Əhmədova deyib ki, onun işdən çıxarılması qanunsuz baş verib. O, rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin Təhsil Şöbəsinin müdiri İlham Hüseynova verdiyi göstəriş əsasında işdən çıxarıldığını deyib: “Səbəb də odur ki, icra başçısı məni bu vəzifədə görmək istəmir. Mənimlə nəyin ədavətini çəkir, bilmirəm, Təhsil Şöbəsinin müdiri də onun dediyini icra edir”. N.Əhmədovanın sözlərinə görə, şənbə günü keçirilən etiraz aksiyasından sonra ona qarşı cinayət işi də açıblar: “İnanın ki, mənim aksiyadan xəbərim olmayıb, valideynlər, müəllimlər, şagirdlər hələ də mənim qayıtmağımda israr edirlər. Müəllimləri, valideynləri, uşaqları Polis Şöbəsinə aparıb onlara təzyiq göstəriblər ki, mənə qarşı ifadə versinlər, guya, etiraz aksiyasını mən təşkil eləmişəm. Mənim məktəbim rayondakı ən təmiz işləyən təhsil ocağı olub. Yaxşı, qanunsuz yolla işdən çıxarıblar, bəs cinayət işini niyə açırlar?”. Müsahibimizin sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə qondarma cinayət işi açıblar: “İşlədiyim 23 ildə mənə qarşı heç bir irad olmayıb. Məni Goranboyda hamı tanıyır, nə oldu ki, indi vəzifə səlahiyyətimi aşdım?”. N.Əhmədovanın sözlərinə görə, o, məsələ ilə əlaqədar hələki Təhsil Nazirliyi ilə əlaqə saxlaya bilməyib. Goranboy rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov isə saytımıza bildirib ki, 3 nömrəli orta məktəbdə aparılan yoxlama nəticəsində maliyyə pozuntuları aşkarlanıb. O, direktor Nüşabə Əhmədovanın yoxlama komissiyasına qarşı kobud davrandığını da qeyd edib. İ.Hüseyov deyib ki, yoxlamanın nəticələri prokurorluq orqanına təqdim olunub ki, ona hüquqi qiymət verilsin. “Nüşabə Əhmədovanın məsələsi pedaqoji şurada müzakirə edilib, müvafiq qərar çıxarılıb. Sonra isə onun işdən çıxarılması barədə əmr vermişik”. İ.Hüseyov deyib ki, hələki məktəbə yeni direktor təyin olunmayıb: “Hələlik orada işi Təhsil Şöbəsünin nümayəndəsi müvəqqəti aparır”. Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Modern.az-a deyib ki, məsələ ilə əlaqədar onlarda hər hansı məlumat yoxdu. Onun sözlərinə görə, yalnız Bakı məktəblərində direktorların işdən çıxarılması və ya təyin edilməsi birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilir, rayonlarda isə yerli icra strukturları bu məsələyə müdaxilə edə bilərlər.

Amma təhsil naziri Misir Mərdanov həmişə mətbuata açıqlamalarında deyib ki, harada yerləşməsindən asılı olmayaraq bütün məktəblərə direktor təyinatı Təhsil Nazirliyinin səkahiyyətinə aid olan məsələdir. Nazir məhz bu məsələdə yerli icra hakimiyyətlərinin Təhsil Nazirliyinə mane olmaqda suçlayıb. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir