Modern.az

"Ermənilər Türkiyə ilə Azərbaycanın hərbi cəhətdən yaxınlaşmasına imkan vermirlər"

"Ermənilər Türkiyə ilə Azərbaycanın hərbi cəhətdən yaxınlaşmasına imkan vermirlər"

6 Aprel 2010, 13:23

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) mart ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə Cənubi Qafqaz regionunda cərəyan edən hadisələrdən danışıb.

SİTM sədri deyib ki, Gürcüstan gözlənilmədən Rusiyaya qarşı siyasi və tarixi konteksdə "müharibə"yə başladı: "Gürcüstan hakimiyyətinin dəstəyi ilə Tbilisidə çərkəz xalqlarının soyqırımına həsr olunmuş konfrans keçirildi. Çərkəz, adıgey və balkarların təmsilçiləri Çar Rusiyasının bu xalqları soyqırıma məruz qoyması ilə bağlı çıxışlar etdilər. Bu fakt Rusiya üçün xoşagəlməz sonluqla nəticələnə bilər. Çünki bu məsələ gələcəkdə ABŞ Konqresinə çıxarıla bilər. Çərkəz xalqlarının soyqırımı ideyası "erməni soyqırımı"nın fonunda beynəlxalq aləmdə geniş dəstək qazana bilər. Hər halda bu tədbiri keçirməklə Gürcüstan Rusiya əleyhinə yeni planın icrasına start vermiş oldu. Bu planın icrası Rusiyanın Qafqaz siyasətinə ağır zərbə vuracaq".

Politoloq Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsi ətrafında yaranmış vəziyyəti də təhlil edib. Onun sözlərinə görə, Azərbaycanın "Yenilənmiş Madrid Prinsipləri"ni qəbul etməsi Ermənistanı çətin vəziyyətdə qoyub: "Ermənilər əvvəllər deyirdilər ki, "Yenilənmiş Madrid Prinsipləri"ni qəbul etməyə hazırdırlar. Amma rəsmi Bakı öz mövqeyini açıq şəkildə ortaya qoyduqdan sonra yeni bəhanələr səsləndirməyə başladılar. Halbuki "Yenilənmiş Madrid Prinsipləri" Ermənistanın maraqlarına zidd deyil. Çünki Ermənistanın real marağının nədən ibarət olduğu heç kimə aydın deyil. Ermənistanın bu gün ortaya qoyduğu maraqlar süni və sintetik maraqlardır. "Yenilənmiş Madrid Prinsipləri"ni isə Ermənistanın xeyrinə yozmaq mümkündür. Belə ki, Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra Ermənistanın yükü azalacaq. Üstəlik, Azərbaycan bu bölgəyə investisiya qoyacaq. Nəticədə Dağlıq Qarabağda yaşayan ermənilərin vəziyyəti xeyli yaxşılaşacaq".

M.Əhmədoğlu bildirib ki, hadisələrin inkişafı Ermənistanın mövqeyinin zəifləməsinə səbəb olub: "Sərkisyan özünü qalib gəlmiş tərəfin deyil, məğlub ölkənin prezidenti kimi aparır. Onun İngiltərə və Fransaya səfəri zamanı Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdən sonra bu qənaətə gəlmək mümkündür. O, Suriyada olarkən Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılmasının mümkünlüyünü bildirdi. Diqqətçəkən məqam odur ki, Ermənistanın sabiq prezidenti Koçaryandan fərqli olaraq, Sərkisyan bu fikirləri açıq şəkildə dilə gətirə bilir. Azərbaycanın 7 rayonunu qaytarmağa hazır olan Sərkisyan daha Dağlıq Qarabağın statusu və ermənilərə müstəqillik verilməsilə bağlı tələblər irəli sürmür".

SİTM sədri Ermənistanda yaşı 50-yə qədər olan kişilərin qeydiyyatının aparılması ilə bağlı xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın hərbi vasitəyə əl atacağını istisna etmir: "Ermənistanda belə bir əhval-ruhiyyə hakimdir ki, Azərbaycan bu ölkənin üzərinə hücuma keçməyə hazırlaşır. Ermənilər elə bilirlər ki, hərbi əməliyyatlar başlasa, Türkiyə də Azərbaycanla birgə Ermənistanla müharibə edəcək. Nəticədə Ermənistan ordusu hərbi hazırlıq vəziyyətinə gətirilmiş, yaşı 50-yə qədər olan kişilərin ölkədən kənara çıxması qadağan edilmişdi. Demək olar ki, bütün erməni ekspertlər Ermənistanla Azərbaycan arasında müharibə variantını nəzərdən keçirirlər. Hətta Oskanyan Ermənistanla Azərbaycan arasında başlayacaq hərbi əməliyyatların NATO ilə KTMT arasındakı müharibəyə çevriləcəyini proqnozlaşdırır. Buna baxmayaraq, ermənilər və ermənipərəst qüvvələr Azərbaycanın Türkiyə ilə hərbi cəhətdən yaxınlaşmasına heç vəchlə imkan vermirlər".

Politoloq həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsdəri olan dövlətlərin münaqişənin həllilə bağlı nümayiş etdirdikləri mövqe Azərbaycanın maraqlarına cavab verir: "ABŞ Azərbaycanı regionda təhlükəsizlik ixracatçısı hesab edir və hal-hazırda Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini sürətləndirməyə çağırır. ABŞ-da hesab edirlər ki, əgər Ermənistan Türkiyə ilə münasibətləri tənzimləyə bilmirsə, Azərbaycanla arasındakı problemləri həll etsin. ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı ənənəvi illik hesabatında həm Dağlıq Qarabağ, həm də onun ətrafındakı 7 rayon ermənilərin nəzarəti altında olan Azərbaycan ərazisi kimi göstərilmişdir. Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiqləri artırıb". Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir