Modern.az

ADU tələbələri Koreyaya göndəriləcək

ADU tələbələri Koreyaya göndəriləcək

6 Aprel 2010, 15:28

Bu gün Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Li Ji-ha Azərbaycan Dillər Universitetində olub. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov ADU-nun dünyanın bir çox universitetləri ilə əlaqələri olduğunu deyib: “Lakin Koreya ilk ölkələrdəndir ki, universitetlə əlaqələr qurulub. Bu gün ADU tələbələri Koreya dili ilə yanaşı, Koreya mədəniyyətini də öyrənirlər”.

Səfir Li Ji-ha öz növbəsində, gələcək əlaqələrin inkişafından danışaraq ADU-da Koreya dilinin tədrisindən məmnunluğunu dilə gətirib. O, ADU-da Koreya dilinin tədrisində koreyalı mütəxəssislərin fəaliyyətini müsbət hal kimi dəyərləndirib.

Rektor Səməd Seyidov azərbaycanlı tələbələrin Koreyada, koreyalı tələbələrin ADU-da təhsil alması üçün kifayət qədər şəraitin olduğunu bildirib: “Hazırda Koreyanın Soongsil universitetindən 1 tələbə ADU-nun Fransız dili fakültəsində təhsilini davam etdirir”. ADU-nun 2 tələbəsinin Koreyada təhsil aldığını deyən rektor, bu yaxınlarda daha 2 nəfərin Koreyaya göndəriləcəyini vurğulayıb. Səməd Seyidov Koreya universitetlərində Azərbaycan dilinin tədrisinin və Azərbaycanşünaslıq ixtisasının yaradılmasının iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafına xidmət edəcəyini deyib. Eyni zamanda, Koreyadan təkcə dil mütəxəssislərinin deyil, beynəlxalq münasibətlər, tarix, siyasi elmlər və digər sahələr üzrə mütəxəssislərin dəvət olunmasını məqsədəuyğun hesab etdiyini bildirib. Rektor gələcəkdə ADU-da açılacaq Qafqazşünaslıq ixtisasına koreyalı tələbələrin də qəbul oluna biləcəyini istisna etməyib. Xatırladaq ki, ADU-da Koreya dili 1994-cü ildən tədris olunur və həmin ildən Universitetdə Koreya Mərkəzi fəaliyyət göstərir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu