Modern.az

Azərbaycanda 123 turizm müəssisəsi fəaliyyət göstərir

Azərbaycanda 123 turizm müəssisəsi fəaliyyət göstərir

7 Aprel 2010, 12:38

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.     

Rəsmi məlumatlara görə, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.

Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir.

2002-ci ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq turizm sərgisi təşkil olunur.

Ölkəmizə gələn turistlərin sayı ilbəil artır, respublikamızda fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncamla “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiqlənib. Proqram ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir