Modern.az

Qurumuş fırçalardan reportaj

Qurumuş fırçalardan reportaj

6 İyul 2013, 12:05


Bəzən üç həyati ifadə formasının hansının daha rəngsiz olması müzakirə olunur. İndi bizdə Söz daha solğundur, ya Səs? Bəlkə elə rəngin özü rəngsizləşib? Yaşamın 3 əsas ifadə forması olan bu kateqoriyalar – səs, söz və rəng fərdin sərbəst yaradıcılıq süzgəcindən keçərək  maddiləşir. Bu gün cəmiyyətimizdə Söz - Azərbaycan Yazıçılar Birliyi, Səs - Azərbaycan Bəstəkarlar İttifaqı, Rəng - isə Azərbaycan Rəssamlar İttifaqı adları altında rəsmi status qazanıb. Bəli, sözümüz, səsimiz və rəngimiz “rəsmiləşib”. Fərdin azad ruh məhsulu olan bu möhtəşəm trio tam başqa statusda öz işini görməkdədir....

“Rəssamın palitrasında “Həyat eşqi” adlı rəng quruyub. Odur ki, çəkdikləri hamısı boz rəngdədir” (Bir türk yazarından sitat)

Çox uzun danışmayıb mövzunu bir az konkretləşdirək. Söz və səsi bir tərəfə qoyub rəngdən başlayaq. Ölkənin “rəng qərərgahı” - Rəssamlar İttifaqındakı ab-havanın rəngini təsəvvür edirsizmi? Mən deyim. Bu Rəng səltənətinin hakimi mütləqi Boz çalardı. Qapıları açıb içəri daxil oluruq. Məni burada ancaq möhtəşəm bir bozluq qarşılayır. Başqa heç kim və heç nə !...  Bozluğun içində insan axtarıram,  bəlkə qabağıma kimsə çıxa. İstəyim ürəyimdə qalır. Bəxtəbəxət qapılardan birini döyüb cavab gözləmədən açıram. Aha,  deyəsən tapdım. Həm danışmağa bir adam, həm də bu bozluğun qidalandığı mənbəni tapdım. Kiçik bir  otaqda ömürlərinin rəngli pillələrini arxada qoyan, yaşı əllini keçmiş, rusdilli üç qadın oturub. Verdiyim salamın qabırğasını sındırıb güc-bəla ilə mənə qaytarırlar.

– Jurnalistəm, silsilə yazılarımız var, mədəni qurumların aktual problemlərindən yazmaq istəyirik. Zəhmət olmasa mətbuat katibinin otağını deyərdiz.

– Qa-ba-qa- gedin.  O yanda olur-lar...

– Konkret harda?

Elə bu zaman qəfildən otaqdakı ən yaşlı qadın tərəfindən sözlərin “bel sındırma mərasimi” bitir.

– Əşi, qabağa gedün ordadı dəə...!!!

Otaqdan çıxıb təzədən boş dəhlizlərin boz rəngi ilə toqquşuram. Amma bu dəfə bayaq hiddətləndiyim bozluğu qınamıram. Əvəzində deyirəm: Səni başa düşdüm boz rəng! Burda ki, bu cür insanlar işləyir sən daha tünd ola bilərdin...” 

Ora elə təsadüfən getməmişdik. Redaksiyadan danışıb razılaşdığımız Ofeliya xanım  oranın məsul katibi Rafiq Kərimovla görüşməyi məsləhət görür. Otağa daxil oluram. Burada bayaqkından fərqli üç yaşlı kişi oturub. Birində formalaşmış rəssam imici var. Uzun saçları, uzun bığları ağarsa da onun rəssam görünüşü üçün pasport rolunu oynaya bilir. Rafiq müəllim isə məşğuldur. Əvvəla onu deyim ki, otaqda kompüter yoxdur və yaşlı Rafiq müəllim saralmış ofis kağızında qələmlə nəsə yazır. Özüm barədə məlumat verib gəlişimin səbəbimi deyib Rafiq müəllimdən bu barədə nəsə danışmağını xahiş edirəm.  

– Siz mənə mane olursuz. Əlimdə işim var.

Bu sözləri deyərkən onun sarı kağızlarda yazdığı 2-3 cümləlik yazısına baxıram. Məsul katib yenə də yazıq sözləri şikəst edə -edə danışır “nuu, problem hemişəki di da... Pul... pul yoxdu....

– Bəs sizdə rəssamların “piar” işləri necə aparılır?

– “Piar” cavanlara lazumdu, bizim uje yaşımız keçib.

Qalan şeylər barədə də danışmaq istəyirdik. Amma Rafiq müəllim istəmədi:

– Siz sedr geler onla danuşun, dafna gedib.

Otaqdan çıxıram. Reportajımdan razı deyiləm. Bəzi məsələlərdən hali olmadım. Nə edək, “sedr” Fərhad Xəlilovu gözləyək. Amma Rəssamlar İttifaqındakı ab-hava ilə tanış olduq. Aydınlaşdırdım ki , burdakı rəssamların ruh palitrasında “həyat eşqi” rəngi donub, quruyub. Onu istifadə etmək mümkün deyil. Bu gün Azərbaycan rəssamlıq məktəbi üçün ən böyük problem də məhz , bu qurumuş rənglərdi. Onlara batırılan fırçalar da artıq işə yaramır,  quruyub. Bu fırçalar bircə boz rəngə işləyir. İttifaqı tərk edəndə həmən reportajın, əslində yazacağım köşənin başlığını tapdım: “Rəssamlar İttifaqında qurumuş fırçalardan reportaj....”

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir