Modern.az

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini niyə açıqlamır?

Təhsil Nazirliyi sınaq imtahanlarının nəticələrini niyə açıqlamır?

Ölkə

8 Aprel 2010, 12:51

Təhsil Nazirliyi respublikanın bütün bölgələri üzrə ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üçün mərkəzləşdirilmiş qaydada keçirdiyi sınaq imtahanlarını aprelin 4-də başa çatdırsa da, nəticələr hələ elan olunmayıb. Xatırladaq ki, imtahanlar 27 fevral 4 aprel aralığında keçirilib. Qeyd edək ki, Təhsil Nazirliyi indiyədək yalnız Bakı və Sumqayıt şəhərlərində keçirilən yoxlama imtahanlarının nəticələrini elan edib. Həmin imtahanların nəticələri Nazirliyin internet saytında yerləşdirilmişdi. Digər şəhər və rayonlar üzrə imtahanlarln nəticələri isə hələ açıqlanmayıb. Modern.az bundan öncə sınaq imtahanları barədə bir neçə yazı dərc etdiyindən saytımıza orta məktəblərin buraxılış sinif şagirdləri tərəfindən həddindən artıq müraciət daxil olur, bu müraciətlərdə hamı imtahanların nəticələrinin nə vaxt elan olunacağı ilə maraqlaır. Müraciət edənlər martın 13, 14, 27, 28-də  keçirilən sınaq imtahanlarında iştirak edən şagirdlərdir.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə Modern.az-a bildirdi ki, indiyədək nəticələri açıqlanmayan imtahanların cavabları aprelin 9-dan etibarən rayon Təhsil şöbələrinə, orta məktəblərin özlərinə göndəriləcək. Yəni nəticələr Təhsil Nazirliyinin saytında yerləşdirilməyəcək.

B.Hüseynzadənin sözlərinə görə, imtahan vermiş şagirdlər nəticələri öyrənmək üçün rayon Təhsil şöbələrinə, oxuduqları məktəbin direktorlarına və sinif rəhbərlərinə müraciət etməlidirlər.

Biz də öz adımızdan oxuculardan xahiş edirik ki, imtahan nəticələrilə bağlı suallara cavab almaq üçün saytımıza deyil, Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: [email protected]) müraciət etsinlər. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır