Modern.az

Qabil - Nəsimiyə deyil qabil?

Qabil - Nəsimiyə deyil qabil?

Ədəbi̇yyat

12 İyul 2013, 15:37

(İ hissə)                                             

Modern.az saytı ötən günlərdə yeni bir ədəbi polemikaya start verdi. Tarixi romanlar, ümumiyyətlə, tarixi mövzularda yazılmış əsərlərdən bəhs olunan polemika ədəbiyyatın həqiqətən də aktual problemlərindən birini işıqlandırmağı qarşısına məqsəd qoyub. Tarixi romanlarda nə əsasdır: Tarixi gerçəklik, yoxsa bədii təxəyyül?

Bəzən yazılan əsərlərdə bu iki  prinsip bir - birini üstələyir. Bədii əsərin də zəif  nöqtələri məhz,  həmin andan sonra başlayır. Əgər tarixi roman başdan ayağa dəqiq xronikadan, ancaq tarixi  hadisələrin ardıcıllığından ibarətdirsə, bu onun oxu meyarını xeyli dərəcədə azaldır. Həmçinin,  tarixi romanda tarixi gerçəkliyin təhrif olunması, bədii təxəyyülün ön plana çıxması da onun ciddiliyini xeyli azaldır. Romanda tarixi gerçəkliyin təhrifi öz sərhədlərini gözləmədikdə əsərin  mənfisi müsbəti üstələyir. Demək yeganə doğru fakr bu iki predmetin sintezini yaradaraq əsərdə istifadə etməkdir.

Amma tarixi mövzularda yazılmış elə əsər var ki, onlarda nəinki bu iki prinsip balanslaşdırılır, hətta qəti şəkildə gözə də dəymir. Əsərin yalnız adı tarixi mövzudan xəbər verir (o da bəzi hallarda) qalanları isə başdan ayağa haçalanmadır. Fikrimcə, Azərbaycan ədəbiyyatında belə əsərlərdən biri də mərhum xalq şairi Qabilin “Nəsimi” poemasıdır. Əsərdə kəmiyyət və keyfiyyət uzlaşması demək olar ki, sıfıra bərabərdir. Belə ki, 10 ilə yazılan və 11000 misradan ibarət “Nəsimi” poeması  nəşr olunduğu ildə (1973) ədəbi cameə tərəfindən rəğbətə qarşılandı. Amma burada bir detalı dəqiqləşdirməliyik. Ədəbi cameə yox, sovet ədəbi cameəsi tərəfindən rəğbətlə qarşılandı. Bunların ikisi isə tamam ayrı –ayrı anlayışlardı. Çünki sovet dövrü ədəbiyyatının və onun ədəbi meyarlarının  normal ədəbiyyata qəti dəxli yox idi. Beləliklə, kəmiyyət etibarilə heç bir problem yaşamayan əsər keyfiyyət sarıdan xeyli axsayır.  

Əvvəla, Nəsimiyə baş vurmaq, onun idrak dəryasında “üzmək” müəllifdən böyük bir “üzgüçülük” qabiliyyəti tələb edir. Nəsimiyə müraciət edib Nəsimiçilik mahiyyətini işıqlandırmaq simvolizmi, üsüörtülü şifrələri, kodlaşmış həyat qanunlarını, ezoterikanı, fəlsəfəni, orta əsr İslam Şərq fəlsəfəsini, təsəvvüfü, hürufiliyi müəyyən qədər bilməyi müəlllifdən tələb edir. Çünki Nəsimi- idrak məhfumunun insan formasında təzahürüdür. O idraklı biri deyil,  idrakın məhz, özüdür. İdraka, ali təfəkkürə xidmət edə-edə onun özünə çevrilən bir şəxsiyyətdir. Amma Qabilin təsvir etdiyi Nəsimi isə öz mahiyyətindən tamamilə kənardadır. (Kim nə deyir desin, Qabil öz yaradıcılığı boyu “Səhv düşəndə yerimiz” səddindən o yana  keçə bilmədi.  ədəbiyyat tarixində də məhz, bu şeiri, bir də ola bilsin haqqında olan lətifələrlə qalacaq).
Ancaq Nəsimi poeması onu tarixin yaşayan övladına çevirə bilməyəcək. Poemanın bir qüsuru var. “Nəsimi “ Nəsimiçilikdən kənardadır!

Nədir Nəsimçilik? - bax bunun özü çox böyük sualdı! Cavabı kitablara sığa bilməyn bir sual...  Nəsimiçilik missiyası, mahiyyəti Allaha asi olmaq deyil, özünü ondan bir zərrə olma fəxarətini dərk etmək və qopduğun Günəşə doğru can atmaqdır. Zərrə özündə Günəşin sifətlərini, dəyərlərini daşıyır və sonda ona qovuşmaqla öz ali dəyərini tapa bilir.

Nəsimiçilik – bu dəyərə aparan yolu göstərməkdir. Poemada bu varmı? Əlbəttə yox!  Dövlət  mükafatı laureatı olan bu poema Ali Nəsimiçiliyi sırf məişət nöqteyi – nəzərindən işıqlandırıb. Burada Nəsimi sadəcə bir  fərddir, vəssəlam. Bəs Nəsimi ruhu hardadı? Nəsimiyə həsr olunmuş poemada Nəsimiçilik mahiyyəti,  Nəsimi ruhu yoxdu. Ona görə də 11000 misralıq əsər söz yığınından başqa bir şey deyil. Nəsiminin adını götürüb hansısa orta əsr Azərbaycanının  tanınmayan bir şairin yanına qoy və bütün hadisələri onunla ələqələndir, heç bir fərqi olmayacaq. Çünki hər iki halda poema Nəsimi dərinliyindən kənardadı.

Qabili maraqlandıran yeganə nüans Nəsimi qüdrəti və çılğınlığıdır. Amma bu çılğınlıq emosional şəkildə verilir. (Çünki o vaxtı Sovet ədəbiyyatında yaranan bütün müsbət qəhrəmanlar bu cür təsvir olunurdu). Nəsiminin qardaşı ilə söhbətdən tutmuş, onun Hələb məşəqqətləri, zindan həyatı, edam və başqa səhnələrdə Nəsimi Sovet ədəbiyyatında olduğu kimi, kiçiklərin arasından seçilərək böyük romanlara qəhrəman kimi gətirilən obrazlara bənzəyir. Haşa!

Nəsimilik mahiyyətinə zindan, edam, səfər, ölüm tamam başqa mənalar kəsb edir. O mənaların dərinliyinə endikdən sonra əsl mahiyyəti bilmək olar. Nəsimi anlamında zindan öncə öz bədəni, öz cismi, sonra isə dünyanın özü idi.

“Ey bülbüli şeyda nə giriftari qəfəssən
Sındır qəfəsi tazə gülüstan tələb eylə”

beytindəki kimi, azad ruh insan cismində bir dustaqdı, o nə ora , nə də dünyanın özünə sığa bilir. Ruhun özü Ali Dəyərdən (Allahdan!) bir gövhərdir. Bu cür dəyərli olduğu üçün o dünyanın özündən də böyükdür. (“Gövhəri laməkan mənəm, kövni məkana sığmazam”). Amma Qabilin poemasında isə Hələb, Osmanlı zindanlarında dustaq olan Nəsimi, az qala kommunizm ideyası üçün çalışan azadlıq fədaisi, inqilabçı kimi təsvir olunur. Poemada bir qüsur var. O da bundan ibarətdir ki, poemanın içində Nəsimi yoxdu. Amma adı “Nəsimi”dir...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi