Modern.az

Yarıdağılmış “Bakı”...

Yarıdağılmış “Bakı”...

8 Aprel 2010, 13:52

 

  Paytaxtın mərkəzində yerləşən “Bakı” mehmanxanasında bir neçə il əvvəl restavrasiya tədbirlərinə başlanılsa da, xeyli vaxtdır söküntü işləri yarımçıq dayandırılıb. Hazırda mehmanxananın skleti ucalır. Orada işlərin gedişin barədə hər hansı məlumat almaq üşün sözügedən ünvanda olduq. Obyektdə heç bir iş aparılmırdı. Ərazinin nəzarətçisi bildirdi ki, obyektdə heç kim yoxdur: “Mən heç bir söz deyə bilmərəm. Başqa vaxt gələrsiniz rəisin özü ilə danışarsınız”.

Yalnız beton karkası qalan mehmanxana binası görkəmsiz vəziyyətdədir. 70-ci illərin əvvəllərində tikilmiş çoxmərtəbəli «Bakı» mehmanxanası əvvəllər Dövlət Əmlak Komitəsinin balansında olub. Daha sonra özəlləşdirilib və hansısa sahibkarın mülkiyyətinə keçib. Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova şəhərin görünüşünə xələl gətirən “Bakı” mehmanxanası barədə bir söz deyə bilməyəcəyini bildirdi: “Bu özəlləşdirilmiş obyektdir. Ona görə də bu barədə heç bir şey deyə bilmərik”.

Xatırladaq ki, bu il dövlət başçısı İlham Əliyev Bakının mərkəzini gəzərkən «Bakı» mehmanxanasının vəziyyətinə diqqət yetirmiş və narazılığını ifadə etmişdi. Dövlət başçısı yarıdağılmış binanın şəhərin görünüşünü korladığını qeyd etmişdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev də Modern.az-a açıqlamasında mehmanxanada yenidənqurma işlərinin dayandırılmasından təəsüfləndiyini və həmin yarıdağılmış binanın şəhərin görüntüsünü korladığını deyib: “Görünür sahibkar mehmanxananın yenidən bərpa olunması ilə əlaqədar olaraq müvafiq layihəyə uyğun, müvafiq də maliyyə ayırıb. Maliyyə böhranı ilə əlaqədar da onu maliyyələşdirə bilmir. Əlbəttə ki, bu xoşagələn bir iş deyil. Mehmanxananın qarşı tərəfi çox gözəldir. Mehmanxana müasir tələblərə uyğun yenidən restavrasiya olunarsa, təbii ki, daha baxımlı olar. Sahibkar çalışmalıdır ki, müxtəlif vasitələrlə bərpa işlərini davam etdirsin”.

Xatırladaq ki, bundan öncə sovetlər dönəmində Bakıda tikilmiş “Abşeron”, “Moskva” “Muğan”, “Azərbaycan” mehmanxanaları da sökülüb. Hazırda metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Gənclik” mehmanxanası və “28 may” stansiyasının yaxınlığındakı “Qarabağ” mehmanxanası da baxımsız vəziyyətdədir.

 

 

Günay MUSAYEVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?