Modern.az

Qaya kimi sərt, çiçək kimi kövrək..!

Qaya kimi sərt, çiçək kimi kövrək..!

15 İyul 2013, 15:19

Qənirə Paşayeva

Ramazan ayında ziyarətinə getdiyim gözəl bir insandan, istedadlı bir şairdən – Elman Tovuzdan danışmaq istəyirəm…

Onun gözəl bir insan, dost olduğunu eşitmişdim…

Onun bəzi şeirlərini ozumuşdum və istedadlı bir şair olduğunu bilirdim…

Bilirdim onun şair kredosunu:

 Hər birimiz bir vicdana dam olaq,
 Qara gələn qaranlığa şam olaq...
 Harda olsaq, bütöv olaq, tam olaq,
 Hara qaçsaq, özümüzdən qaçmayaq...

 Xeyli vaxtdı eşidirdim bu adı, yazdıqlarını ara-sıra oxuyurdum. İçimdə bir hiss onunla görüşə səsləyirdi məni, ancaq bir türlü mümkün olmurdu bu görüş. Nəhayət bu müqəddəs ayda – Ramazanda onu ziyarətə getdik.

 Və nəhayət… budur, uzun illərdir əlil arabasına məhkum olmuş şair qardaşımız Elman Tovuzun qapısı ağzındayıq… Bizi qarşılamağa özü çıxır… arabasıyla… Necə deyərlər, el ağzı ilə, tərtəmiz bir üslubla, yaxlaşımla qarşıladı bizi: -

 -Ay Allah! Gör kim gəlib, gör kim gəlib!?.

-Mən çoxdan gəlməliydim, deyirəm!

 Elman bəy təxminən 20 il öncə keçirdiyi avtomobil qəzasından sonra əlil arabasına məhkum bir həyat yaşayır. Onu ziyarət etməyə gedəndə nə cür təsəlli verəcəyimi düşünürdüm. Amma qarşımda təsəlliyə ehtiyacı olmayan, həyat dolu bir insandı vardı. Allaha şükr edən və “əlillik… yaşamaq və xoşbəxt olmaq üçün bir əngəl deyil” düşüncəsində olan gerçək bir insan… Minlərlə insana gözəl bir örnək! – Ona baxıb kədərlənənlərə, təsəlli vermək istəyənlərə “məni ağlamayın, mən ölməmişəm…” deyəcək qədər zəki, eşqli, inamlı, imanlı…

Hələ yuyulmalı günahlarım var,
 Hələ ümidlərim, pənahlarım var…
Hələ açılmalı sabahlarım var,
 Məni ağlamayın,
 Mən ölməmişəm…

Yaradan ona o qədər qüvvətli iradə, dözüm, səbr, ən başlıcası İNAM, İMAN verib ki, bir çox əlli-ayaqlılara, yeriyib-yürüyənlərə gerçək bir örnəkdir Elman bəy! Onun yaşadıqlarını yaşayıb da, sınmamaq, inamından, imanından dönməmək heç də hər insana, hər “sağlam” bəndəyə nəsib olmur…

Hər mənzil başına min cürə yol var,
Əməldə saleh ol, dilində yalvar.
 Səni Allahına aparan yollar,
 Allahı qəlbinə daşıyar, bala!

 Fiziki problemlər, qusurlar önəmli deyil, dəhşətlisi mənəvi qusurlu insan olmaqdır. Ətrafımızda fiziki olaraq sağlam olsa da, mənəvi qusurlu insanları düşünürdüm… Elman bəy söhbət etdikcə bir daha əmin oldum ki, gerçəkdən də fiziki problemlər, qüsurlar önəmli deyil, Tanrım bizi mənəvi qüsurlardan, problemlərdən qorusun. Çünki qarşımda dərin mənəviyyatlı, əxılaqlı, yaradana və insanlığa sevgi ilə dolu və bu gündən yorulmadan insanlıq üçün yararlı olmağa çalışan gerçək bir insane var idi. Dərdə belə “xoş gəldin” deyə biləcək qədər… -

Mən piyadə, sənsə atlı,
Günlər, aylar yel qanadlı…
Harda idin, sevda adlı,
dərdim? Xoş gəldin, xoş gəldin!

Elman Tovuz nəinki çevrəsindəkilərə, onu biləvasitə tanıyanlara şəxsi örnək göstərir, o eyni zamanda virtual aləmin, sosial paylaşım şəbəkə¬lərinin çox fəal istifadəçisi kimi minlərlər insana özünəözgü mənəvi tellərlə bağlantı içindədir: söz-söz, şeir-şeir, kitab-kitab, işıq-işıq, dünya-dünya..! Mən hələ bir dəfə də onun uyğunsuz, toplum üçün yararsız “status”unu, paylaşımını görmədim; o, insanları maarifə, xeyirxahlığa, gözəlliyə, savaba, tərəqqiyə çağırır – özü də, sıradan sözlərlə deyil, “dəmir deşən” sözlərlə…

O, özünün hekayəsi, həyatı ilə minlərlə fiziki sağlamlığını itirib həyatdan küsən, uzaqlaşan, kədər və ümidsizlik içində yaşayan adamlara gözəl bir örnəkdir. Hətta dərdin də gözəl tərəfini görə biləcək qədər həyat dolu, həyatla mübarizədə yenilməyən və hər zaman ümidli, bəxtiyar olmağa çalışan bir insan…

Kim deyər ki, kimsəsizəm,
 Gün doğmamış doğar dərdim.
 Yaxın qoymaz tənhalığı, -
Beşiyində boğar dərdim.

 Dərdsiz qalsam yıxılaram!
 Uzaq olar yaxın aram...
 Bircə ona sığınaram,
 Bircə mənə sığar dərdim.

 Nə gecələr yuxu yatar,
 Nə gündüzlər günü batar.
 Hərəyə bir damcı atar,
 Özümə gür yağar dərdim.

 Gah üşüdər, gah qızdırar -
Məni fikirdə azdırar...
 Gündə bir şeir yazdırar, -
Ürəyimi sağar dərdim.

 Baxıb, gözümdən çıxaram,
 Dinib, sözümdən çıxaram -
Nə vaxt özümdən çıxaram,
 Məni mənə yığar dərdim... –

(E.Tovuz, “Dərdim”)

Bu dərdə, bağışlayın şeirə nə əlavə edəsən, nə yorum yükləyəsən? – Sözün ən müsbət anlamında, bu üzündən o üzü görsənir: bulaq suyu kimi dumduru… Bu duruluq bir tərəfdən Elman Tovuzun şəxsiyyətindən, dün-yagörüşündən, dünyabaxışından qaynaqlanır, digər tərfdən də onun yaşa-dıqlarının şair ömrünə bəxş etdikləri kimi diqqəti cəlb edir. Təbii, onun doğulub, boya-başa çatdığı Şıxheybət kəndinin doğasının – təbiətinin onun fizikasındakı təcallası da diqqətdən qaçmamalıdır. Doğa doğulmuşa, doğul-muş doğaya keçid, qarşılıqlı təsir imkanlarını saxlamaqdadır. Bəlkə ona görə də Elman Tovuz kimi insanlar haqqında deyirlər: Qaya kimi sərt, çiçək kimi kövrəkdir..!

 Onunla həyatdan, insandan, dindən, sevgidən, məişət problem-lərindən… bir sözlə, bir-birinə bağlanan çoxmövzulu söhbətimizin zamanı necə apardığının fərqində olmuruq. Arabir mehriban və fədakar xanımı da söhbətə qoşulurdu və onun həyat yoldaşına sevgi dolu baxan gözləri hələ də gözümün önündən getməyib…

***

Elman Tovuz haqqında bəlkə də hər şeydən, hamıdan daha yaxşı, daha çox onun öz qələm məhsulları danışır, bilgi verir…

Kimin ki, ürəyi-gözü nur ələr,
 Onun mükafatı Tanrıdan gələr.
 Hər adam əhli-elm olmaya bilər,
Əhli-həqq olmalı hər insan oğlu.

 Onun yaxınlarda keçirməyi planlaşdlırdığımız yaradıcılıq gecəsindən danışırıq. Təvazökarlıqla, “bəlkə… ehtiyac yoxdu” deyir. Dəyərli dostumuz Əkbər Qoşalı ilə bir ağızdan “ehtiyac var” deyirik. Deyirik ki, “Sənin yaradıcılıq gecən gözəl bir poeziya, mədəniyyət gecəsi olmaqla yanaşı, minlərlə insanı həyata səsləyən bir gecə olacaq. Onlar sənin örnəyinlə həyatın hər zərbəsinə sinə gərib yaşamağın, yaratmağın və fiziki problemlərin insanlıq üçün yararlı olmağa, sevib-sevilməyə əngəl olmadığını görəcək və yenidən həyata sarılacaqlar. Bu bəlkə də sənin həm də bir missiyandır”..! Və məhz bu arqument onu yaradıcılıq gecəsinə razı salır. (O gecədə hər kəsi gözləyəcəyik…)

Sonra onun yaxın günlərdə çapdan çıxacaq kitabından da danışırıq. Maraqlı bir kitab olacaq. O qədər yaradıcılıq planları ilə doludur ki, Elman bəy... Onu yaxından tanımaqdan məmun oluram və yenidən görüşmək, söhbət etmək barədə razılaşıb ayrılırıq. Bizi özü yola salır... Və mən bir daha əmin oluram ki, onu bu qədər güclü edən içindəki böyük sevgidir. – Yaradana, yaradılmışlara... Bir də ümid!.. Hər şeyin daha yaxşı olacağına bağlı ümid... – Özü demiş:

Ay Elman, olsa da həyat qarışıq,
 Arzular, istəklər-ömrə yaraşıq.
 Nə üzə nur gələr, nə gözə işıq,
 Qəlbində sabaha ümid olmasa!



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi