Modern.az

Qırğızıstan - təlatümlər ölkəsi

Qırğızıstan - təlatümlər ölkəsi

Ölkə

9 Aprel 2010, 12:38

 

Hazırda dünyanın diqqət kəsildiyi məmləkətlərdən biri Qırğızıstandır. Hakimiyyətə müxalif olan qüvvələrin başlatdığı və yaşayışından narazı olan minlərlə vətəndaşın dəstək verdiyi etiraz hərəkatı inqilabla nəticələndi. Hər halda gələn son xəbərlər bunu deyir. Paytaxtdan qaçaraq ölkənin bir əyalətinə sığınmış prezident Kurmanbek Bakiyev yenidən revanş götürüb öz kreslosuna əyləşə biləcəkmi? Bu və başqa suallara qarşıdakı bir neçə gündə birmənalı cavablar veriləcək. Biz isə bu arada türksoylu ölkənin - Qırğızıstan Respublikası haqda bir sıra məlumatları xatırlamağı, bilməyənlərin də bilməsini qərara aldıq.

 

Beləliklə, yerləşdiyi geosiyasi məkanda Dünyadakı iki rəqib ölkənin - ABŞ-la Rusiyanın paylaşa bilmədiyi Orta Asiyanın mərkəzindəki Qırğızıstanın siyasi, ekonomik və ticari mənzərəsi nələr deyir?

Sovetlər birliyinin dağılması ilə müstəqillik əldə edən Qırğızıstan ərazi baxımından kiçik, amma geostrateji baxımdan çox əhəmiyyəti bir Orta Asiya ölkəsidir.

 

5.5 milyon nəfər əhalisi olan Qırğızıstan keçmiş sovet respublikasının ən yoxsul ölkələrindəndir.

 

4.7 milyard dollarlıq bir iqtisadiyyatı var.

 

Xalqın üçdə biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

 

Az miqdarda neft və təbii qaz ehtiyatları var. Amma enerji ehtiyaclarının çoxunu xaricdən alır. Xüsusilə Amerika, Rusiya və yaxın qonşusu Çindən.

Əhalisinin 70 faizi qırğız türküdür.

Əsasən ölkənin cənubundakı Fərqanə vadisində yaşayan özbək türkləri əhalinin 15 faizini təşkil edir.

 

Dini terrorizm, etnik qarşıdurma, sərhəd çəkişmələri və su problemi müstəqillik qazanandan bu yana həm ölkənin daxili sabitliyinə, həm də qonşu dövlətlərlə münasibətlərə davamlı şəkildə zərər verir.

 

Orta Asiya ölkələri arasında yaşanan sərhəd problemləri əslində bir zamanlar sovet-rus dövlətinin bölgədə nəzarəti əldə saxlamaq məqsədilə süni yaradılmış bir məsələdir.

 

Fərqanə vadisi qırğız-özbək-tacik qarşıdurmalarının episentri sayıla bilər. Torpaq, sərhəd və məskunlaşma problemlərindən başqa daha bir ciddi problem də təhlükəsizlikdir. Həm də nəzərə alsaq ki, bu bölgə bir müddət Özbəkistan İslami Hərəkat Təşkilatının nəzarətində olub.

 

Qırğızıstan Amerika və Rusiyanın Orta Asiyada nüfuzunu artırma mübarizəsinin önəmli bir parçasıdır. Qırğızıstan həm Rusiyanın, həm də Amerikanın hərbi hava qüvvələri bazalarına qucaq açıb.

 

Ölkədəki "Manas" hərbi aerodromu Amerikanın Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar üçün əlahiddə əhəmiyyətə malik bir məkandır. Bu baza ilə bağlı bir müddət öncə yaşanan problemlər Vaşinqton-Moskva rəqabətinin açıq görsənişi idi.

 

2008-ci ildə prezident Kurmanbek Bakiyev, Rusiyadan gələcək kreditin əvəzində "Manas" aerodromunun bağlanmasına qərar vermiş, Amerikanın bu baza üçün ödədiyi illik icarəni üç dəfə artırmaqla bazanı Vaşinqtonun üzünə bağlamaqdan vaz keçmişdi.

Qırğızıstan müxalifətinin son yüksəlişindən sonra tez-tez səsləndirilən suallardan biri budur: "Bu qüvvələrin arxasında dayanan Moskvadırmı?". Rusiyanın baş naziri Vladimir Putin bir yandan "Qırğızıstanı qarışdıran son hadisələrdə bizim barmağımız yoxdur" deyir, digər tərəfdənsə Bakiyevi dolayısı ilə tənqid edir: "Bakiyev iqtidara gəldikdən sonra əvvəllər tənqid etdiyi hər şeyi artıqlamasıyla davam etdirib"...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı