Modern.az

Nəriman Əbdülrəhmanlı: “Yazıçılar Birliyində ərizəmi yazıb işdən çıxdım” - MÜSAHİBƏ

Nəriman Əbdülrəhmanlı: “Yazıçılar Birliyində ərizəmi yazıb işdən çıxdım” - MÜSAHİBƏ

Ədəbi̇yyat

18 İyul 2013, 17:22

“Əsl ədəbiyyat namuslu qələm adamının beynində və masasının üzərində yaranır...”


Nəriman Əbdülrəhmanlının ilk publisistik yazıları və hekayələri 80-ci illərdə çap olunub. 90-cı illərdə povestləri, 2000-ci illərdə ro­manları işıq üzü görüb. О, 80-ci illərin axırlarından kino-publisisti­ka və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı,  qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə “Lider” televiziyasında silsilə sənədli filmlərin yaradıl­masında iştirak edib.  

N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçisi və redaktoru olub. 

80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gür­cü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Müka­fatına, 2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirli­yinin “Qızılkəlmə” - “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-cu ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq gö­rülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub. 1998-ci ildən AYB-nin, 2004-cü ildən AYB İdarə Heyətinin üzvüdür.

“Danışmağa aludə olsaydım, mən də bir-iki “əsəri”lə öyünənlərdən  biri olardım”

- Nəriman bəy,  yaradıcılıq  insan xarakterinə bağlı olan məfhumdur. Siz zahirən çox sakit adam təsiri bağışlayırsınız. Amma ədəbi mühitdəki yazılarınız, tərcümələriniz, mövqeyiniz bunun əksini deyir.

- Yəqin bu da xarakterimdən irəli gəlir, həmişə dinləməyə üstünlük vermişəm, danışmaq məndən ötrü əzablı şeydi. Hətta öz səsimdən də zəhləm gedir. Ona görə də şifahi müsahibə verəndə çox çətinlik çəkirəm. Televiziyada, radioda danışmaq məndən ötrü əsl məşəqqətdi. Görünür, formalaşmağa başlayandan bütün enerjimi yazıya vermişəm, şifahi formada demək istədiklərimi  yazılı şəkildə ifadə eləməyə alışmışam. Buna görə peşman  deyiləm, danışmağa aludə  olsaydım, mən də bir-iki “əsəri”lə öyünənlərdən  biri olardım. Hər halda  indiyədək 4 bədii, 5 sənədli nəsr, 24 tərcümə kitabım nəşr olunub, 50-yə yaxın kitab tərtib eləmişəm, 1 romanım, hekayələrim, 20-yə yaxın tərcümə kitabım çapını gözləyir, üstəlik, ssenarilərim üzrə 1 bədii, 19 sənədli kino, 40-a yaxın sənədli televiziya filmi çəkilib. Mövqeyim isə heç vaxt gizlətməmişəm, sadəcə, ictimai fəallığa meylli deyiləm, vaxt itkisinə yol vermək istəmirəm. Hələ görüləsi xeyli işlərim var, Allahın verdiyi möhləti işləməliyəm.

“Bezdiyim, papağımı götürüb getdiyim vaxtlar olub”

- Sakit, bir qədər utancaq görünüşlü Nəriman Əbdülrəhmanlı ədəbiyyatımızda  öz xarakterinin əksi olan insanlarla dostluq edir, bu dostluqdan bezmirsiniz ki?

- Dikbaşlıq ədəbsizliyə çevrilməyəndə yaxşı şeydi. Şükür ki, mənim “dikbaş” dostlarım arasında hələ ədəbsizə rast gəlməmişəm. Yəqin illərin təcrübəsidir, adamları tanımağı bacarıram, məni qane eləməyəndə sakitcə aralanıram və ürəyimin qapılarının həmin kəslərin üzünə bağlayıram. Səhv elədiyim, sən demiş, bezdiyim, papağımı götürüb getdiyim vaxtlar olub. Artıq adamları olduğu kimi qəbul eləməyi öyrəşmişəm. Neçə illərdi ki, ədəbi cameəylə əlaqələrimi minimuma endirmişəm, ancaq zərurət olanda o mühitdə görünürəm, könlümə yaxın adamlarla əlqəni isə kəsmirəm.

- Gürcü ədəbiyyatına olan bu sevginiz Gürcüstanda doğulub-böyüməyinizdən irəli gəlir?

- Təbii ki... Beş il tələbəliyimi, üç il təyinatla işləməyimi nəzərə almasaq, ömrümün yarısını Gürcüstanda yaşamışam, elə indi də əlaqəmi kəsmirəm. Xüsusilə 80-ci illərin ortalarında “Sovet Gürcüstanı” qəzetində əməkdaşlıq eləyəndə gürcü ədəbi-mədəni mühitilə yaxından əlaqəmiz vardı. Film premyeralarına, tamaşalara, sərgilərə, kitab təqdimatlarına, konsertlərə gedirdik, gürcü sənətçilərilə təmasda olurduq. Mən Eldar Şengelaya, Rezo Çxeidze, Otar İoseliani, Sergey Paracanovla  həmsöhbət olmuşam, Revaz İnanişvili və Otar Çiladzeni tanımışam, Qoderzi Çoxeliylə dostlaşmışam. Sonralar onların haqında portret yazılar qələmə aldım, Çiladzenin romanını, Çoxelinin povest və hekayələrini, İvanişvilinin hekayələrini dilimizə çevirdim, “Gürcü ədəbiyyatı antologiyası”nı çapa hazırladım. İndi də tez-tez gedirəm, gürcü mədəniyyəti və ədəbiyyatını davamlı izləyirəm.

“ Gürcü oxucusunun ədəbiyyatımızdan xəbəri yoxdur”

- Azərbaycan ədəbiyyatı ilə gürcü ədəbiyyatı arasında hər hansı bir "qohumluq", yaxınlıq əlaqələri nə dərəcədə var?

-  Tarixən yanaşı, bir-birinin içində, bir-birilə təmasda olan iki xalqın ədəbiyyatının yad olması, əlbəttə, təəccüblü olardı. Azərbaycan və gürcü ədəbiyyatları daim təmasda olub. Çox uzağa getməyək, Mixail Cavaxişvilinin, Nodar Dumbadzenin, Otar Çiladzenin, Revaz İnanişvilinin əsərlərində Borçalı türklərinin obrazları var. Amma bəla burasındadır ki, nə sovet dövründə, nə də sonralar hər iki ədəbiyyat bir-birindən kifayət qədər səmərəli faydalana  bildi. Qarşılıqlı tərcümələr zamanı əvvəllər, təbii ki, ideoloji, sonra da maddi amillər rol oynadı. Bəzi istisnaları nəzərə almasaq, gürcü oxucusunun ədəbiyyatımızdan xəbəri yoxdur, elə də bizim oxucular gürcü ədəbiyyatını ancaq təsadüfdən-təsadüfə tərcümə edilən hekayə, yaxud şeirlərlə tanıyırlar. Halbuki, birbaşa təmas üçün imkanlar var və həmin imkanlardan istifadə etmək olar.

- Sizin fikrinizcə, bizim nəsr nümunələrimiz ümumqafqaz ədəbiyyatında hansı yerdədir?

- Mənim fikrimcə, orta yerdəyik. Ənənəvi olaraq, gürcü nəsri həmişə güclü olub. Hələ sovetlər dövründə gürcü nəsri ədəbi fenomen kimi qəbul olunurdu. Düzdü, erməni nəsrinə ancaq rus dilinə tərcümə olunanlarla bələdəm, ancaq fikrimcə, bizim nəsrimiz daha irəli gedib. Gürcülər ötən əsrin 30-cu illərindən öz ədəbiyyatlarını dünyaya tanıtmaq üçün əhəmiyyətli işlər görüblər, hələ o vaxtdan tərcümə məktəblərini yaradıblar, öz tərcüməçilərini yetişdiriblər və ən yaxşı əsərlərini xarici dillərə çevirdiblər. Üstəlik, onların dünyanın ədəbi mərkəzlərindən biri olan Moskvada çoxdan lobbiləri var, gürcü ədəbi nümunələrini davamlı olaraq rus dilinə tərcümə edirlər. Məlum “Drujba narodov” jurnalının baş redaktoru Aleksandr Ebanoidze bu prosesə başçılıq edir. Təsadüfi deyil ki, 1999-cu ildə Otar Çiladzeni Nobel mükafatına təqdim etdilər, son mərhələyəcən adı iddiaçılar siyahısında oldu. Mükafat müəyyən səbəblər üzündən Günter Qrassa verilsə də, dünya belə bir fenomen yazıçının varlığından xəbər tutdu. Fikrimcə, bizdə ədəbiyyatımızın sistemli və məqsədyönlü təbliği mexanizminin olmamağı ən ağrılı yerlərimizdən biridir.

”AYB-də elə plenum gedə-gedə ərizəmi yazıb işdən çıxdım”

- AYB də bir müddət qalmaqallar yaşandı. Sizin münasibətinizi bilmək istərdim.

- AYB-dən axırıncı qurultaydan sonrakı ilk plenumdan aralanmışam. Onda “Ulduz” jurnalında işləyirdim, elə plenum gedə-gedə ərizəmi yazıb işdən çıxdım. Baxmayaraq ki, İdarə Heyətinin üzvüyəm, aradan keçən 7 il ərzində nə onlar məni axtarıblar, nə mən getməyə ehtiyac duymuşam. AYB-də baş verənlər, əlbəttə, məni təəssüfləndirir, amma kimsəni ittiham eləmək fikrindən uzağam. Sözə görə adamları məşhər ayağına çəkməyi düzgün hesab eləmirəm. Qəbul eləmədiyi mövqeyə görə, hamının  etiraz eləmək haqqı var, yersiz sözə görə içtimai qınaq ola bilər, amma hər cür repressiya əməliyyatları yolverilməzdir. Acı bağırsaq kimi uzanan növbəti qurultayda da nəyinsə dəyişəcəyinə inanmıram. Həm də bütün bunlar ədəbiyyat ətrafı məsələlərdir, əsl ədəbiyyatsa namuslu qələm adamının beynində və masasının üzərində yaranır.

“Xalqın dilində danışa bilməyib “xalq yazıçısı” olanlar da var”

- Nəriman müəllim,  sizcə, bu gün ədəbiyayt aləmində “sancmaq” və “baqaja qoymaq” feilləri necə  fəaliyyət göstərir? Ümumiyyətlə,  37-ci il olsaydı, ölənlərimizin sayı nə qədər olardı?

- Heç 37-ci ilə ehtiyac yoxdu, 80-ci illərdən üzü bəri baş verən itkilərimizi hesablasaq, onsuz da acınacaqlı vəziyyət yaranar. Bunun içində harın adamların yazıçı olmaq eşqinə düşmələri də var, başqalarına əsər yazdıranlar da var, yazdığı şikəst misralardan, yaxud cümlələrdən xəcalət çəkməyib başqalarına dərs keçmək fikrinə düşənlər də var, xalqın dilində danışa bilməyib “xalq yazıçısı” olanlar da var, ədəbi müsabiqələri hərraca çevirənlər də var... Ən kədərlisi budur ki, arada bütöv bir ədəbi nəsil soğula-soğula getdi – dolanışıq ucundan didərgin düşdülər, infarktdan, serrozdan, təzyiqdən, bıçaq yarasından, işsizlikdən məhv oldular. Otur, çötkəyə vur, gör nə qədər olar. Bir-birini sancmaq yenə abırlı işdi, heç olmasa, özlərinə bununla təskinlik verirlər. Ən biədəb şey adamı danmaq, ya da görməzliyə vurmaqdı, bu da bizdə baş alıb gedir. Özünü ədəbi tənqidin uzaqvuran toplarından sayan bir tənqidçi mənim romanlarım çap olunduğunu eşidəndə gözlərini döydü ki, xəbərim yoxdu. Yaxud MKM-nın münsiflər heyətinin  üzvlərindən birilə bu yaxınlarda küçədə rastlaşdım, salam verdim, məni tanımadı, qəsdən özümü təqdim elədim, yenə tanımadı. Halbuki, o mənim “Yolsuz” romanımı “oxuyub, qiymət vermişdi”. Heç təəccüblənmədim. 

- “Bu gün bizdə xalqın dilində danışa bilməyib “xalq yazıçısı” olanlar da var, ədəbi müsabiqələri hərraca çevirənlər də var” dediniz. Nəriman müəllim, ədəbiyyatımızda bu gün daha kimlər var?

- Ədəbiyyat adamının öz qələmdaşına, bütövlükdə insana qarşı sevgi olmalıdır. Söz adamları bir-birinə hörmət eləməli, bir-birini dəyərləndirməlidir. Amma elə məni qorxudan şeylərdən biri də ədəbi mühitimizdəki sevgi çatışmazlığıdır. Bənzərsiz şair Ramiz Qusarçaylını neçə illərdi tanıyıram, istedadı bir yana, ədəbinə, hövsələsinə, obyektivliyinə bələdəm. Lap bu yaxınlarda onun Facebook səhifəsində belə bir statusunu oxudum:  “...mənə "dostluq" göndərib, dostluğa xələl gətirdiyi üçün Qəşəm Nəcəfzadəni "dostluq"dan sildim!!! O mənim imzamın ətrafında "şou" yaradıb məşhurlaşmağa cəhd edirdi...Və hər dəfə də biabır olurdu. Tanıyanlar tanıyır, bilənlər bilir ki, o belə "işlərdə" mahirdi, sadəcə elə şeylər mənlik deyil... Söhbət şeirdən getmir. Bu adam mən tanıyandan hər məni görəndə üzümə irişib, arxamca deyinib. Odur ki, mən bu qərarı verdim. Bilirəm, yüz bəhanəsi olacaq, artıq gecdir... Onun boş və mənasız "ixtilatlarına" nə vaxtım var, nə də ehtiyacım... Məni duyanları və anlayanları salamlayıram...”.
 Ola bilsin, Qəşəm müəllim də ona nəsə bir cavab verib, izah eləməyə çalışıb, amma Ramiz kimi səbirli adam bu vəziyyətə elə-belə çatmazdı. Məni ağrıdan ədəbi mühitdəki bu cür təzahürlərdi...

- Facebook sosial şəbəkəsində olanlarda Azərbaycan vətəndaşlarının hamısının şair olduğu barədə təəssürat yarana bilər. Yəni biz bu qədər yazıb-yaradanıq?

- Bizə ən böyük mənəvi zərbə elə adımıza “şair xalq” yarlığını vuranlardan gəlib. Bu tamamilə başqa şeydi. Amma mən adamların şeir yazmağında elə bir qəbahət görmürəm. Hər halda bu rüşvət almaqdan, başqasının cibinə girməkdən, dələduzluq eləməkdən də pis şey deyil. Bir kəs ki, zəif də olsa, şeir yazır, deməli, həmin Allah bəndəsi o qədər də qorxulu məxluq deyil. Sən də hər yazılanı ciddi qəbul eləmək, qiymət vermək, ittiham irəli sürmək məcburiyyətində deyilsən. Hələ gördüklərin dəryadan bir damcıdı, sosial şəbəkələrə, qəzet-jurnallara əli çatmayan o qədər qələm əhli var ki... Təkcə biz bu gündə deyilik. Məsələn, Türkiyədə vəziyyət bizdəkindən də qəlizdi. Sosial şəbəkələr, qəzet-jurnallar bir yana, çap olunan kitabların böyük bir hissəsi müəlliflərin ancaq özləri üçün yazdıqlarıdı. Heç kəsin söz demək, fikrini istədiyi kimi ifadə eləmək haqqını əlindən almaq olmaz. Hər kəs öz zövqünə, səviyyəsinə, könlünə uyğun gələni tapıb oxuyacaq...

- Başqa nə demək istərdiniz?

- Başqa heç nə. Hamıya sevgi və qarşılıqlı hörmət arzulayıram.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi