Modern.az

Neft Akademiyasından 54 tələbə xaric edilib

Neft Akademiyasından 54 tələbə xaric edilib

Ölkə

9 Aprel 2010, 16:20

Bir müddət öncə Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Bakı Dövlət Universitetinin (BDU) 8 tələbəsinin gizli olaraq İrana, oradan da Suriyaya getməsi barədə məlumat yayılmışdı. Təhsil naziri Misir Mərdanov isə bununla bağlı mətbuata açıqlamasında həmin tələbələrin bəzilərinin 10 gündən artıq dərs buraxdığına görə ali məktəbdən xaric olunduğunu, digərləri barədə isə araşdırmanın davam etdirildiyini bildirmişdi.

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi (TBƏİB)  həmin tələbələrin adları və ixtisasları, həmçinin nə vaxtdan yoxa çıxmaları ilə bağlı məlumatları dəqiqləşdirmək üçün adı çəkilən ali məktəblərə informasiya sorğusu göndərib. Bu barədə məlumatı Modern.az-a TBƏİB-nin sədri Elnur Məmmədov verib. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Akademiyasından sorğuya cavab verilib. Sorğuda göstərilib ki, ADNA-dan 54 nəfər tələbə qovulub: “ADNA-nın prorektoru Zaur Əhmədovun imzası ilə bizim sorğuya verilən cavabda ali məktəb rəhbərliyinin bir neçə tələbənin gizli olaraq xaricə getməsindən xəbərsiz olduğu bildirilib. Cavabda o da qeyd edilib ki, əsasnaməyə uyğun olaraq 2009-2010-cu tədris ilində ADNA-dan üzürsüz dərs buraxmış 54 nəfər tələbə xaric edilib”.

E.Məmmədov onu da bildirib ki, Bakı Dövlət universitetinə göndərilən  sorğuya hələ də cavab verilməyib.

Günay Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır