Modern.az

Qəzetlər parlament seçkiləri ərəfəsində namizədləri necə təbliğ edəcək?

Qəzetlər parlament seçkiləri ərəfəsində namizədləri necə təbliğ edəcək?

Media

9 Aprel 2010, 19:59

2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinin yaxınlaşması Azərbaycanın media sahəsində də canlanmanın yaranmasına səbəb olacaq. Seçkilərə hələ çox qalır, amma maraqlıdır, qəzetlər, agentliklər namizədləri necə təbliğ edəcəkləri barədə indidən nə isə planlaşdırırmı?

Modern.az bununla bağlı bir neçə mətbuat orqanı ilə əlaqə saxlayıb.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli parlament seçkiləri zamanı siyasi motivli materiallara daha geniş yer ayıracaqlarını deyir: “MSK rəsmi qərar açıqladıqdan sonra biz qəzetdə hansı dəyişiklikləri edəcəyimizi müəyyənləşdirəcəyik. Yəqin ki, siyasi temalar, parlament seçkiləri ilə bağlı materiallara daha geniş yer veriləcək. Qəzetimizdə heç bir məhdidiyyət olmayacaq. İstənilən nazmizəd reklam üçün bizə müraciət edə bilər”.

“Yeni Müsavat”ın baş redaktor müavini Azər Ayxan seçki prosesində qəzetin tirajını artırmaq üçün taktika seçəcəklərini deyir: “Qəzetimiz seçki illərində çalışır ki, tirajını maksimum artırsın və daha çox oxucu kütləsini əhatə etsin. Ancaq hər hansı bir kardinal, radikal dəyişikliklərin olacağı barədə planımız yoxdur. Qəzetimiz həmişəki kimi adi qaydada çıxacaq. Sadəcə olaraq biz seçki prosesində elə bir üsul seçmək istəyirik ki, qəzetimizin tirajına təsir etsin. Namizədlərin təbliği məsələsinə gəlincə, siyasi partiyalardan olan, həmçinin müstəqil şəkildə namizədliyini irəli sürənlərin də təbliğatını aparmağa hazırıq. Təbii ki, qanun çərçivəsində və öz maraqlarımızı da nəzərə almaqla. Kim pulunu verib “Yeni Müsavat” qəzetində təbliğ olunmaq istəsə, qəzetimizin səhifələri həmin namizədin üzünə açıq olacaq”.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev namizədlərin qəzetdə reklamına heç bir məhdudiyyət qoyulmayacağını bildirdi: “İstənilən partiya, blok və müstəqil adamlar reklam üçün pulun ödəyərsə, biz həmin şəxsləri işıqlandıracağıq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da istənilən namizədin qəzetdə reklam oluna biləcəyini deyir: “Konkret müəyyən edilmiş tariflər daxilində onların siyasi reklamları qəzetimizdə yerləşdiriləcək. Əlbəttə ki, heç bir namizədə məhdudiyyət qoyulmayacaq”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı namizədlərin pulsuz formada reklam olunmayacağını bildirir: “MSK seçkiyə rəsmi start verdikdən sonra şərtlər müəyyənləşir, biz də həmin çərçivədə reklam qiymətlərini müəyyənləşdirəcəyik. Sonra da Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Bundan sonra həm APA-da, həm də APA-nın qrupuna daxil olan digər saytlarda reklam şərtləri ilə namizədlərin reklam kampaniyası aparmaq imkanları olacaq. İstənilən namizəd, istənilən formada reklam qiymətlərinə uyğun olaraq özünün təbliğatını apara bilər”.

 

Günay Musayeva

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?