Modern.az

Azərbaycan telekanallarında türk filmləri niyə nümayiş etdirilmir?

Azərbaycan telekanallarında türk filmləri niyə nümayiş etdirilmir?

23 Sentyabr 2009, 15:33

Milli Teleradio Şurası (MTRŞ) bu ilin yanvarında əcnəbi dillərdə yayımlanan filmlərə qadağa qoyandan sonra telekanallarda türk serial və filmlərinin nümayişi dayandırılıb. Maraqlıdır ki, Azərbaycan telekanalları rus, ingilis və digər əcnəbi dillərdə olan filmləri dublyaj edib, tamaşaçılara göstərir, amma türk filmləri ilə bağlı belə addım atmaq istəmir.
“ANS” Şirkətlər Qrupunun proqramlaşdırma şöbəsinin müdiri Rəşad Məmmədov Modern.az-a bildirib ki, bu telekanal yaxın gələcəkdə türk filmlərinin də dublyajını planlaşdırır: “Hazırda türk filmləri Türkiyə televiziyalarında verilir. Tamaşaçı yerli kanalda bu filmə təbii ki, dublyaj formasında paralel olaraq baxmayacaq. Ona görə də türk filmlərinin dublyajını dayandırmışıq. Amma onlarla da bağlı planlarımız var”.
Rəşad Məmmədov “ANS”in ayrıca dublyaj studiyasının fəaliyyət göstərdiyini qeyd edib.
“Lider” televiziyasından sualımızı bir qədər aqressiv qarşılayıblar. Telekanalın proqram şöbəsinin adını açıqlamayan əməkdaşı bildirib ki, türk filmlərinin tərcüməsiz yayımına qadağanı Milli Teleradio Şurası quyubsa, həmin filmlərin dublyaj olunmamasının səbəbini də zəhmət çəkib o qurumun nümayəndələri açıqlasınlar: “Rəhbərlik necə qərar çıxarıbsa, biz də ona əməl edirik. Həm də telekanalın dublyaj studiyası kiçik olduğuna görə türk filmlərini tərcümə edə bilmirik. Yaxın zamanlarda bizdən türk filmlərinin dublyajını da gözləməyin”. Xatırladaq ki, MTRŞ-in məlum qərarından sonra “Lider” TV-də yayımlanan  “Həyat bağları” türk serialının yayımı yarımçıq dayandırılıb.
ATV, “Space” və digər telekanallardan məsələyə münasibət bildirmək istəməyiblər.
Milli Televiziya və Radio Şurası sədrinin köməkçisi  Toğrul Məmmədov əməkdaşımızla söhbətdə bildirib ki, televiziyaların hansı filmi vermələri onların özündən asılıdır: “Qərar verilib ki, filmlər Azərbaycan dilinə tərcümə edilib verilsin. Hansı filmin, yaxud serialın verilməsinə Şura heç bir məhdudiyyət qoymayıb. Biz yayımçıların işinə qarışmırıq. Bu peşə azadlığı əsasında həyata keşirilir. Televiziya istər türk, rus, brazilya filmi versin, bu onların özündən asılıdır”.
MTRŞ-ın məlum qərarından sonra indi Azərbaycan telekanallarında yalnız türk filmləri nümayiş etdirilmir.
Xatırladaq ki, sözügedən problemlə bağlı bir neçə dəfə parlamentdə də məsələ qaldırılmışdı. O zaman Nizami Cəfərov, Siyavuş Novruzov və digər bir qrup millət vəkili Milli Məclisdəki müzakirələr zamanı MTRŞ-in həmin qərarının türk filmlərinə tətbiqinin əleyhinə çıxmışdılar.

Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir