Modern.az

“Belə getsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə azad etmək hüququndan istifadə etməyə məcbur olacaq”

“Belə getsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə azad etmək hüququndan istifadə etməyə məcbur olacaq”

12 Aprel 2010, 16:26

Modern.az xəbər verir ki, aprelin 12-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan  NATO Parlament Assambleyasının (PA) Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov Polşa prezidentinin və onun xanımının, eləcə də dövlət başçısını müşayiət edən yüksək vəzifəli dövlət məmurlarının faciəli şəkildə həlak olmalarından və bu səbəbdən də Polşa nümayəndələrinin bu görüşdə iştirak etməməsindən təəssüfləndiyini bildirib, Polşa xalqına başsağlığı verib.

Z.Əsgərov deyib ki, Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. “Bu gün əməkdaşlığımız yüksək səviyyədədir və ölkəmizin Müdafiə Nazirliyi də NATO ilə bir sıra uğurlu tədbirlər həyata keçirir.

Azərbaycanın iqtisadi inkişafı, müxtəlif sahələrdə  həyata keçirilən islahatlar onun beynəlxalq nüfuzunu daha da artırır. Hazırda ölkəmiz iqtisadi inkişafına görə dünyanın öndə gedən dövlətləri sırasındadır. Lakin bununla yanaşı problemlərimiz də vardır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Z. Əsgərov bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, Ermənistan beynəlxalq hüquqa meydan oxumağa davam edir və belə getsə, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək hüququndan istifadə etməyə məcbur olacaq. “ Bu gün dünya ölkələri işğalçı Ermənistana təzyiq etməkdənsə, Türkiyəyə təzyiqlər göstərirlər. Dünyanın müxtəlif ölkələri 20-ci əsrin əvvəllərində baş vermiş hadisələrə “erməni soyqırımı” adı verməyə çalışır, lakin 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımına dünya biganə yanaşır. Həmin ölkələr ikili standartlardan əl çəkilməlidir, həqiqəti bilməlidilər. Təcavüzkar öz layiq olduğu cəzanı almalıdır”. Ətraflı məlumata görə minnətdarlığını bildirən Rayner Stinner sonuncu dəfə ölkəmizdə 2004-cü ildə olduğunu və ötən 6 ildə Azərbaycanın çox sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bu görüşdən yeni məlumatlar aldığını deyən qonaq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. O qeyd edib ki, bölgədə hərbi əməliyyatlar başlasa, bu, əvvəlcədən təxmin edilə bilməyən nəticələrə gətirib çıxara bilər.

Rayner Stinner bildirib ki, NATO PA-nın üzvü olan dövlətlər bu münaqişənin həlli üçün əllərindən gələn köməyi göstərməyə hazırdırlar.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir