Modern.az

Hadi Rəcəbli: “Azərbaycanda ailələrin çoxuşaqlı olmasına nə ehtiyac var?”

Hadi Rəcəbli: “Azərbaycanda ailələrin çoxuşaqlı olmasına nə ehtiyac var?”

Parlament

12 Aprel 2010, 17:30

“Sosial müdafiənin baş xətlərindən biri ailə məsələsidir. Pensiyalar, əməkhaqları və bu kimi sahələrin hansından danışırıqsa, yenə də gəlib ailəyə çıxırıq. Niyə? Çünki ailə cəmiyyətin bünövrəsini təşkil edir. Ailədə problem varsa cəmiyyətdə də problem qaçılmazdır. Ailənin problemlərini və rifahını cəmiyyət hökmən əks etdirəcək, bu məqam qaçılmazdır”. Modern.az-ın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ilin “Ekologiya ili” elan olunması təsadüfi deyil: “Ekologiyanı sadəcə, ağac əkməklə təsəvvür etmək düzgün deyil. Ekologiyanın qorunması sağlam ailə, ailədə sağlam uşağın böyüməsi deməkdir”. H.Rəcəbli deyib ki, rəhbəri olduğu komitədə Ailə Məcəlləsi müzakirə olunur. Komitədə “Ailə həkimi haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri, gənc ailələrin sosial müdafiəsinin qorunması məsələləri də müzakirə olunacaq. Müzakirələr sırasında ipoteka kreditinin verilməsi prosesində, dağ rayonlarına işə göndərilmədə gənc ailələrə dəstək və birdəfəlik yardım məsələləri dayanır. “Görürsünüz, nəyə toxunuruqsa gəlib ailəyə çıxır. Bu baxımdan təkrar edirəm ki, Azərbaycanın dövlət quruculuğunda sosial siyasətin prioritetlərindən biri ailədir”.

H.Rəcəblinin bildirdiyinə görə, sosial sahə büdcəni daha çox xərcləyən sahədir. “Bir vaxtlar səhiyyədə pullu xidmətlər var idi, sonra bunlar yığışdırıldı, qanunlarda dəyişikliklər olundu. Əlillərin müavinəti ilə bağlı da həmin proses baş verdi. Müavinətlər artırıldıqdan sonra qanunlarda dəyişiklik etmək labüdləşdi. Məcburi köçkün və qaçqın ailələri ilə bağlı da həmin proseslər yaşandı. Onların həyat şəraitinin yaxşılaşdırılması qanunlara yenidən nəzər salmaq zərurətini yaratdı. Belə misallar çoxdu. Yəni qəbul edilmiş qanunlar zamanın reallaqlarına məruz qalır. Ailə münasibətlərinə gəlincə, biz sovet dönəmində yaşamışdıq, sosial müdafiədə bir qədər loru dillə desəm, daha çox ələbaxımlıq, bərabərləşdirmə hökm sürürdü. İndi parlamentdə qaldırdığımız məsələlərin adını o zaman çəkə bilməzdik. Amma zaman dəyişdi və qanunların dəyişməsi zərurətə çevrildi. Bu baxımdan, qanunların yaranma prosesini dörd mərhələyə bölmək olar. Birinci, yeni qanunların hazırlanması, ikinci, qanunlara əlavə və dəyişikliklərin edilməsi, üçüncü, beynəlxalq konvensiyalara qoşulma və nəhayət, dünyada gedən qanun yaradıcılığı proseslərinin, təcrübəsinin öyrənilməsidir. Artıq bizdə elə bir mərhələyə başlayıb ki, yeni qanunların qəbulu yox, qəbul olunmuş qanunların üzərində işləmək, daha çox onları təkmilləşdirmək işinə başlamışıq”.

Əvvəllər bəzi qanunların tətbiqi ilə bağlı monitorinqlər həyata keçirilirdi. Bu proses yenə də davam edirmi? Komitə sədrinin dediyinə görə, bəli, Ailə və Əmək məcəllələri monitorinq edilib. Bu proses yenə də davam edir: “Monitorinq nəticəsində Ailə Məcəlləsinə 101 dəyişikliyin olmasını müəyyənləşdirmişik. Amma niyə bu dəyişiklərin hamısını birdəfəlik edə bilmirik? Qızların nikah yaşı, nikaha girənlərin əmlak müqaviləsi ilə bağlı polemikalar davam edir, ortaq rəy hələ əldə olunmayıb. Çalışırıq ki, cəmiyyətdə bu müzakirələri daha açıq aparaq. Çünki qanun mütləq sosial sifarişə cavab verməlidir. Belə olmasa, o qanunun işlək mexanizmi yaranmayacaq. Amma bununla belə hər il Ailə Məcəlləsinə bir neçə dəyişikliklər edilir. Əmək Məcəlləsinin monitorinqini də vaxtaşırı aparırıq. Biz ayrı-ayrı qanunlarda gənc ailənin sosial müdafiəsi ilə bağlı müddəaları müzakirə edib bu haqda xüsusi qanun qəbul etməyi planlaşdırırıq. Aldığımız təkliflər içərisində çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında qanunun qəbulu ilə bağlı fikirlər də var. Bu da müzakirə ediləsi bir məsələdir. Ən ciddi məsələlərdən biri də əhalinin say artımı ilə bağlıdır. Başlı-başına buraxsaq bu məsələ əslində Çində olduğu kimi çox böyük ekoloji fəlakətə gətirib çıxara bilər. Dünya təcrübəsi sübut edir ki, əhalinin təbii artımı da tənzimlənməlidir. Bu gün aldığımız təkliflər içərisində belə bir fikir də var ki, çoxuşaqlı ailələrin artması üçün müəyyən güzəştlər edək, belə ailələri bu yolla həvəsləndirək. Bu gün lazımdırmı Azərbaycanda hər iki ailədən biri 12 uşağa sahib olsun? Ondansa başqa bir məsələyə nəzər salaq. Bu gün ailələrin 12 faizi reproduktiv sağlamlığa malik deyil, dünyaya uşaq gətirə bilmirlər. Gəlin, bu məsələnin üzərində düşünək”.

Kamil HƏMZƏOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi