Modern.az

Azərbaycanda internetin qiymətlərinə dair rəsmi monitorinqin nəticələri açıqlanıb

Azərbaycanda internetin qiymətlərinə dair rəsmi monitorinqin nəticələri açıqlanıb

14 Aprel 2010, 12:44

Azərbaycanda internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir. Modern.az xəbər verir ki, bu tendensiya Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşları tərəfindən aparılmış region üzrə ADSL texnologiyasına qoşulmaqla internetə daxil olma tariflərinin araşdırılmasına dair monitorinqlərin nəticələrində əks olunur.

Monitorinq Nazirliyin Kollegiyası tərəfindən qəbul olunmuş qərara əsasən həyata keçirilib. Xatırladaq ki, RİTN-in Kollegiya iclasında nazirlik tərəfindən internet xidmətlər sektorunun vaxtaşırı monitorinqinin keçirilməsi və bazarın həmin seqmenti üzrə vəziyyətin ictimaiyyətə çatdırılmasına dair qərar qəbul olunub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, monitorinq zamanı müəyyən olunub ki, Azərbaycanda ADSL texnologiyası vasitəsilə təqdim olunan internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eynidir.
Monitorinqin nəticələrinə əsasən Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək sürətlə limitsiz internet xidmətlərinə görə aylıq ödəniş 20 manatdan 50 manatadək təşkil edir.
 
Aşağıda respublikanın bir neçə provayderinin ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək sürətlə aylıq limitsiz internet xidmətlərinə görə tarifləri göstərilib:
Aztelekomnet – 29 manat (//www.aztelekom.net/adsl.php?lang=az)
Connect – 20 manat (//www.connect.az/?sid=9&lang=az)
Intrans – 94 manat (//www.az/prices_adsl.shtml)
SuperOnline – 51 manat (//www.superonline.az/tarif_adsl.php)
Uninet – 25 manat (//stream.az/tariffs.shtml)
 
Regionun digər ölkələrinə gəldikdə isə, Gürcüstanda bu cür paketin qiyməti 30 manatdan 100 manatadək (//www.geonet.ge/rates.shtml); Ukraynada 50 manatdan 110 manatadək (//www.netassist.net.ua/node/41); Belarus Respublikasında 130 manatdan 200 manatadək   (//www.cosmostv.by/internet/tariffs/); Moldovada 20 manatadək
Ermənistanda 1024/256 kbit/s sürətli qoşulmaya görə aylıq limitsiz paketin qiyməti 70 manata yaxındır (//www.beeline.am/hiline/hiline_unlim.html). Qırğızıstanda isə 128/128 kbit/s sürətli qoşulmaya görə aylıq limitsiz paketin qiyməti təxminən 60 manat təşkil edir (//www.kt.kg/services/data-internet/adsl/).

"Qeyd edək ki, bütün göstərilən linklər aktivdir və burada göstərilmiş tariflər 2010-cu il aprel ayının 12-ə qüvvədə olublar. Mənbələr məlumatların düzgünlüyünün təsdiqi kimi göstərilib.
Araşdırmaların nəticəsinə görə, qeyd etmək olar ki, Azərbaycanda digər sürətli internet xidmətlərinin orta qiymətləri də region dövlətlərində tətbiq edilən orta qiymətlərlə eyni səviyyədədir"-deyə nazirlik bildirb.
 
İnternet xidmətləri üzrə qiymətlərin monitorinqi ilə yanaşı, ölkədə internet seqmentinin inkişafı baxımından bir sıra statistik məlumatları da qeyd etmək olar. Belə ki, Azərbaycanda 30-dan çox internet servis provayderi fəaliyyət göstərir, ümumi internet istifadəçilərinin sayı isə (DİAL UP, WiFi, MOBILE, ADSL, WiMAX, CDMA) əhalinin 41 faizini təşkil edir.
Son bir ildə genişzolaqlı internet tarifləri 5 dəfəyə qədər ucuzlaşdırılıb, nəticədə isə genişzolaqlı qoşulma istifadəçilərinin sayı 2 dəfə artaraq 80 minə çatıb.
“.az” domen zonasında domenlərin illik qeydiyyat haqqı 20 manat təşkil edir, domenlərin sayı isə 10 minə yaxınlaşır. Ölkənin ümumi internet trafikinin həcmi (kanalın tutumu) – 10 Gbit/san. təşkil edir. 
 
Bundan əlavə, bütün ölkə ərazisi tam olaraq telefonlaşıb. 3 yaşayış məntəqəsi olan kəndlərdə belə ən azı 1 rabitə əlaqəsi mövcuddur. Bu da 171 (və ya 178) və 150 yığmaqla eyni şərtlərə uyğun olaraq regionlardan (hətta ucqar kəndlərdən belə) Aztelekom.net və Bakinter.net provayderinin DİAL UP internet xidmətinə qoşulmağa imkan verir. Bakıda və Gəncədə WiFi xidməti, Bakıda və Abşeronda isə WiMAX xidməti göstərilməkdədir. Bütün rayon mərkəzlərində CDMA texnologiyası ilə internetə çıxış imkanı mövcuddur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bundan sonra da bu istiqamətdə monitorinqlər keçirəcək, nəticələr isə geniş ictimaiyyətə təqdim olunacaq.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!