Modern.az

Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər necə cəzalandırılır?

Azərbaycanda tibbi səhvlərə yol verən həkimlər necə cəzalandırılır?

Ölkə

14 Aprel 2010, 17:24

Təbabət insan fəaliyyətinin dərin xüsusi biliklər tələb edən ən mürəkkəb formalarından biridir. Tibb işçiləri istehkamçılar kimi səhvə yol verməməlidirlər.

Amma müşahidələr göstərir ki, tibbi səhvlər nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi halları az deyil. Hətta son vaxtlar Azərbaycanda belə hallar artıb.

Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar. Azərbaycanda həkimlərin səhvi nəticəsində əmək qabiliyyətini itirən, yaxud dünyasını dəyişən xəstələrin sayı artıb. Belə bir fikir var ki, əgər tibbi səhvə yol verilibsə, bu, artıq həkimin cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.

 

Tibb səhv bütün ölkələrin analoji problemlərindəndir

 

Tibbi səhvlər demək olar ki, bütün ölkələrin analoji problemlərindəndir. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki,  hər il ABŞ-da tibbi səhvlərə görə 98 min insan ölür. Ekspertlərin hesablamalarına görə, dünyada 1 milyon 400 mindən artıq insan stasionarda qazanılmış infeksiyadan əziyyət çəkir.  Böyük Britaniya Milli Agentliyinin dərc edilmiş məruzəsinə müvafiq olaraq 2005-ci ildə Britaniya həkim və tibb heyətinin buraxdığı səhvlər nəticəsində 526 min 599 xəstə zərər çəkib. Rusiya Tibb Assosiasiyasının Sankt-Peterburq şöbəsinin məlumatlarına görə, müalicə nöqsanları səbəbi ilə xəstələr tərəfindən tibb müəssisələrinə qarşı məhkəmə iddialarının sayı 1997-ci ildən 2001-ci ilədək iki dəfə artıb.

Ekspertlərin hesablamalarına görə, 2 min 159 halda tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin ölümünə səbəb olub. 

Səhiyyə Nazirliyi tibbi səhvə görə 7 həkimi işdən azad edib

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, hazırda Azərbaycanda əsas ixtisaslar üzrə dövlət və özəl tibb müəssisələrində 32 mindən çox həkim işləyir. Onlardan 8500-ü terapevt, 4500-ü  pediatr, 3800-ü cərrah, 2500-ü diş həkimi, 2 mini ginekoloq, 1500-ü sanitar-epidemioloqdur. Yerdə qalan həkimlər digər ixtisaslar üzrə fəaliyyət göstərirlər. Ölkə üzrə əhalinin hər 10 min nəfərinə 37 həkim düşür. Rəsmi məlumatlara görə, Azərbaycan Tibb Universitetini hər il 1200-ə yaxın məzun bitirir.

2006-cı ildə Səhiyyə Nazirliyinin tərkibində tibbi səhvlərlə bağlı müvafiq tibbi komissiya yaradılıb. Komissiyanın əsas vəzifəsi tibb işçilərinin səhvlərini araşdırmaq, müvafiq cəzalar tətbiq etmək, bu istiqamətdə onlara məsləhət və töhfələr verməkdir. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, indiyə kimi komissiyaya 102 müraciət daxil olub. “Bu müraciətlər əməliyyat zamanı ya da müalicə zamanı əmək qabiliyyətini itirən və dünyasını dəyişən xəstələrin yaxınları tərəfindən daxil olub. Onların hamısına komissiyada baxılıb. Bu müraciətlər nəticəsində komissiya tərəfindən yalnız 7 həkim vəzifəsindən azad olunub”-deyə nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Mətbuat xidmətindən onu da deyiblər ki, həkimlərin tibbi səhvə görə, cinayət məsuliyyətinə cəlb edilməsi halları olmayıb: “Həkimlər şiddətli töhmət və ya işdən çıxarlma ilə cəzalandırılıblar. Hələlik tibbi komissiya həkimin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı nəticə çıxarmayıb”.

Azərbaycan qanunvericiliyində tibbi səhvə görə cəza

 

Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin üç yüz mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkim vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucunda vətəndaşların sağamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

“Cəmiyyətdə həkimlərə qarşı bir basqı mövcuddur”

 

Professor Adil Qeybulla həkim səhvinin müxtəlif səbəblər üzündən baş verdiyini deyir: “Tibbi səhv istər diaqnostik, istərsə də müayinə zamanı xəstənin əlil olmasına, əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Bu da həkimlərin peşəkarlığının lazımi səviyyədə olmaması, bəzilərinin işə laqeyd yanaşması və məsuliyyətsiz münasibətindən irəli gəlir”.   A.Qeybullanın fikrincə, tibbi səhv əgər təsdiq olunarsa, həkim hüquqi məsuliyyətə cəlb oluna bilər: “Əgər tibbi səhv nəticəsində insan əmək qabiliyyətini  itiribsə, yaxud dünyasını dəyişibsə bu ciddi hüquqi məsuliyyət yaradır və tibbi komissiya təsdiq etdikdən sonra Azərbaycanın müvafiq qanunvericiliyinə görə bununla bağlı qərar çıxarılır. Ancaq bu məsələ dəqiqləşdirilməlidir ki, həkim səhvi var ya yoxdur. Lakin bu hər zaman düzgün həyata keçirilmir. Yəni istənilən situasiyada müəyyən iradlar həmişə həkimin ziyanına qəbul olunur. Bunu da nəzərə almaq lazımdır. Cəmiyyətdə həkimlərə qarşı bir basqı mövcuddur. Söhbət ondan gedir ki, hətta onkoloji və son dərəcə ağır xəstələrin istər cərrahi əməliyyat olunması, istərsə də müayinə zamanı vaxt amili çox ciddi rol oynayır. Bəzən olur ki, xəstəni ev şəraitində ləngidib həkimi vaxtında çağırmayıblar. Təbii ki, bu vəziyyətdə klinikaya gətitilən xəstənin dianozu daha ağır olur. Bu zaman da həkimə qarşı iradlar ortaya çıxır. Təəssüflər olsun ki, çox zaman hüquq-mühafizə orqanları da bunun fərqinə varmadan qərar çıxarırlar”. 

“Hüquq-mühafizə orqanları hər zaman ədalətli qərar qəbul etmirlər”

 

Professor tibbi səhvlərin ilk növbədə tibbi komissiya tərəfindən araşdırılmasını

vacib sayır: “Burada həkimin peşəkarlıq səviyyəsi ortaya qoyulmalı, ondan sonra nəticə çıxarılmalıdır.

Əlbəttə elə səhv ola bilər ki, orada cəza mexanizmi olsun. Amma bu da səhvə görə adekvat olmalıdır. Ancaq tibbi səhvin olub-olmadığını düzgün dəqiqləşdirmək lazımdır. Məsələn, bıçaq yaralanmasından xəstə klinikaya gətirilir. Klinikada ona yardım göstərilir. Xəstə əməliyyat olunur və sair. Ancaq xəstə dünyasını dəyişir. Burada birmənalı olaraq qərar çıxarmaq üçün bütün detallar araşdırılmalıdır. Yəni həkim buna kömək göstərən zaman səhvə yol verməsi nəticəsində, yoxsa xəstə klinikaya gələrkən yolda itirdiyi qanın nəticəsində dünyasını dəyişib.

Tibbi səhvlərin araşdırılması üçün dünyanın hər yerində müvafiq komissiyalar mövcuddur. Komissiyanın tərkibində yüksək ixtisaslı mütəxəssislər var. Bu komissiya tibbi səhvləri araşdırır. Bu da ölkələrdə müxtəlif cürdür. Bəzən xəstələr kompensasiya tələb edirlər. Bu zaman da hüquq-mühafizə orqanları hansısa təmənnaya görə bəzi hallarda həkimin ziyanına qərar qəbul edilir. Bu qərarların hər zaman ədalətli qəbul edilməsi müşahidə edilməyib”.

 

“Həkim səhlənkarlıq göstəribsə, məsuliyyətə cəlb olunmalıdır”

 

Milli Məslisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev həkim səhvi ilə həkim səhlənkarlığını bir-birindən ayırmağın vacibliyini vurğulayır: “Həkimin cinayət məsuliyyətinə cəlb edilməsi  “Əhalinin sağlamlığı haqqında” Qanunla, “İnzibati xətalar Məcəlləsi” və  Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə tənzimlənir. Ancaq səhvə görə həkim ola bilsin cinayət məsuliyyəti daşımasın.

Yəni diaqnostika zamanı müəyyən çətinliklər ola bilər və həkim işlədiyi şəraitdə düzgün diaqnoz qoya bilməz, müalicə aparmaq mümkün olmaz. Buna görə həkimi cinayət məsuliyyətinə cəlb etmək, yaxud başqa məsuliyyətə cəlb etmək qanunda yoxdur. Həkim səhlənkarlığı isə yəni öz vəzifələrinin funksiyalarını bilərəkdən yaxud bilməyərəkdən yerinə yetirməmək, vaxtında düzgün yardım göstərməmək, öz səlhiyyət həddini aşmaq və yerinə yetirməməkdir. Əgər buna görə xəstənin səhhətində ağırlaşma varsa, həkim bu zaman məhkəmə qarşısında hüquqi məsuliyyət daşıyır”. M.Quliyev fikrincə tibbi səhv dəqiqləşdirilməlidir: “Həkim səhvi başqa şeydir. Ola bilər ki, kənd ambulatoriyasında, yaxud rayon klinikasında diaqnozu qoymaq üçün həkimin əlində kifayət qədər imkan olmayıb və ona yanlış diaqnoz qoyub. Nəticədə xəstənin vəziyyəti ağırlaşıb. Həkim səhvinə görə həkim təbii ki, Səhiyyə Nazirliyi tərəfindən müəyyən cəzalar ala bilər. Yəni o, işindən kənarlaşdırıla və ya ona töhmət verilə bilər. Buna görə həkim cinayət məsuliyyətinə cəlb edilməməlidir”.

Ümumiyyətlə, hətta təcrübəli həkimlər belə tibbi səhvdən sığortalanmayıb. Ancaq müalicənin uğursuz və ya yarasız nəticələrinin heç də hamısını səhv kimi qiymətləndirmək olmaz.

Günay MUSAYEVA

 

 

 

 

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü