Modern.az

Dilimizin adı necə olmalı: “Azərbaycan dili”, “Azərbaycan türkcəsi”, “Türk dili”?

Dilimizin adı necə olmalı: “Azərbaycan dili”, “Azərbaycan türkcəsi”, “Türk dili”?

Ölkə

15 Aprel 2010, 15:09

Millət vəkili Gültəkin Hacıbəyli: “Dünyanın ən gözəl dili Türk dilidir və dünyanın ən gözəl türkcəsi danişdığımız melodik, rəvan, axici Azərbaycan türkcəsidir” Məlum olduğu kimi, AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın dövlət dilinin “Türk dili” olması ilə bağlı qərar qəbul edilmişdi. Üstündən cəmi üç il keçdikdən sonra, 1995-ci ildə Azərbaycanda ilk Konstitusuya qəbul edilərkən, dövlət dilinin adı yenidən dəyişdirilərək “Azərbaycan dili” kimi rəsmiləşdirildi. Buna səbəb kimi həmin vaxt ölkədə separatizm meyllərinin alovlandırılması təhlükəsinin real olması göstərilirdi. Lakin o vaxtdan bugündək bir sıra dairələr, ziyalılar, millət vəkilləri, siyasətçilər bu qərarla razılaşmayaraq, dövlət dilinin “Türk dili” olmasında israr edirlər. Eyni zamanda onu da qeyd edək ki, bu məsələ son vaxtlar xüsusi aktuallığı ilə gündəmi məşğul edir. Məsələyə toxunan bitərəf millət vəkili, dilçi alim, filologiya elmləri namizədi Gültəkin Hacıbəyli bildirib ki, bu yöndə səslənən fikirlər başadüşüləndir. Burada hansısa problemli bir məqam yoxdur: “Eyni zamanda, mən bu məsələyə bir dilçi, bir vətəndaş, o cümlədən siyasətçi kimi cavab verirəmsə, o zaman cavablarım kifayət qədər fərqli olacaq. Həm millət vəkili, həm vətəndaş kimi mən Azərbaycan Konstitusiyasına hörmətlə yanaşıram. Anayasamızı qorumağa borclu olan bir insanam və Konstitusiyamıza görə, Azərbaycanın dövlət dilinin rəsmi adı “Azərbaycan dili”dir. Düşünürəm ki, bu, vaxtında atılmış müdrik bir siyasi qərar idi və bu qərarın qəbul edilməsi şəraitini, həmin dövrün çətinliklərini çox gözəl xatırlayıram. Bu baxımdan, bu qərar həmin dövr atılmalı olan düzgün addım idi. Ölkəmizdə seperatizm meyllərinin gücləndiyi bir vaxtda ölkənin monolitliyini təmin etmək, ölkədə vətəndaş həmrəyliyinə nail olmaq və ölkəmizə kənar müdaxilələrin qarşısını almaq baxımından, bu, düzgün siyasi qərarıydı. Məhz bunun nəticəsidir ki, Konstitusiyamızda dövlət dilimizin adı “Azərbaycan dili” kimi təsbit olunub. Ancaq bir dilçi kimi gözəl bilirəm ki, danışdığımız dil ötən əsrin əvvəllərində “Türk dili” adlanıb və dahi şairimiz Mirzə Ələkbər Sabirin dediyi kimi: “... mümkün iki dili bir-birindən tərcümə, amma Ocmanlıcadan tərcümə türkə nə demək?” Yəni, o vaxt ümumi türk ərazisində danışılan, yayılan dilə “Osmanlıca”, bizim danışdığımız dilə, daha doğrusu, ləhcəyə isə “türkcə” deyiblər. Ötən əsrin əvvəllərində dilimizin rəsmi adı da belə olub. Eyni zamanda, o vaxtlar millətimizin rəsmi adı da “türk” olub. Bu vəziyyət Stalin repressiyası illərinə - 30-cu illərin sonlarına qədər davam edib. Mənim nənəmin də, babamın da pasportlarında onların milliyəti “türk” olaraq göstərilib. Sonradan Stalinin repressiyasının başlaması ilə bizi keçmişimizi danmağa təhrik etdilər, beyinlərdə aşınma başladı, beyinləri aşındırmağa cəhdlər oldu və bunlar da, təbii ki, öz “bəhrəsini” vermədi. Ən azından ona görə ki, millətimizin yüzillər boyu davam edən genetik yaddaşı var və bu yaddaşı 70 il ərzində silmək mümkün deyil. Dünyanın ən qəddar imperiyası olan Sovetlər imperiyası və dünyanın ən qəddar repressiya maşını olan Stalin repressiya maşını belə bu yaddaşı beyinlərdən silə bilmədi. Çünki, bu, bizim qanımızda, bizim genimizdə kodlaşdırılmış bir şəkildə oturuşub. Digər bir tərəfdən, ortada sadə bir həqiqət var, biz Azərbaycan türkləri tək Şimali Azərbaycanda yaşayan 9 milyonluq xalq deyilik, biz dünyanın ən böyük millətlərindən biriyik, dünyada 50 milyon soydaşımız var. Soydaşlarımızın da böyük bir hissəsi indiki İran - tarixi Cənubi Azərbaycan ərazisində yaşayır və 35 milyon soydaşımız öz millətinə “Türk”, dilinə isə “Türk dili” deyir. Bu baxımdan, mən də bir dilçi olaraq, dilimizin “Türk dili” olmasının fərqindəyəm və düşünürəm ki, bizim həm milli köklərimizlə, həm dilimizlə, həm milli mənsubiyyətimizlə fəxr etməyə haqqımız var. Dünyanın ən gözəl dili Türk dilidir və dünyanın ən gözəl türkcəsi danışdığımız melodik, rəvan, axıcı Azərbaycan türkcəsidir”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi