Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

15 Aprel 2010, 16:27

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “525-ci qəzet”in redaktoru Yusif Rzayev, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, köşə yazarı Elxan Şahinoğlu və “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu danışır.    

Yusif Rzayev “525-ci qəzet”in redaktoru

“Burda bir yaxşı oğlan otururdu, mən onun yanına gəlmişəm 

- 1998-ci il idi. Həmin vaxtlar ölkədəki Kommunist partiyalarından birinin sədri olan Sayad Sayadov hərdənbir «525-ci qəzet»in redaksiyasına gələr, yazılarını, partiyasının fəaliyyəti ilə bağlı informasiyaları çap üçün qəzetə verərdi. Onu da deyim ki, tanıyanlar da yaxşı bilər, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid xaraktercə çox mülayim adamdır. Həmişə çalışır ki, ona müraciət edənləri naümid geri qaytarmasın. Amma bəzən onun bu ürəyigenişliyindən sui-istifadə edənlər də olur. Deyəsən, Sayyad Sayyadov da Rəşad müəllimin xarakterinə bələd idi. O da get-gedə yazıların sayını artırmağa başladı. Özü də o yazılar oxucu üçün qətiyyən maraqlı deyildi, bu ölkə kommunizm ideyasının hər üzünü yaxşı görmüşdü, kimə lazım idi bu ideyanı yenidən təbliğ edən cəfəng yazılar? Nə isə, bir gün Sayad Sayadov yenə gəldi. Bu dəfə Rəşad müəllim yox idi. Amerikada səfərdə idi. Mən Rəşad müəllimin otağında bir nəfər qonaqla söhbət edirdim. Bu zaman Sayad Sayadov içəri keçib, hökmlə dedi ki, yenə yazı gətirib. Dedim ki,  yazını verməyəcəyik. O yenə israr elədi. O dedi, mən dedim, xeyri olmadı. Axırda dözməyib, qayıtdım ki, çıxın bayıra, yazı-filan getməyəcək. Sayad Sayadov da əsəbləşmişdi. Birdən dözməyib, «Axı sən kimsən? Mən bura sənin yanına gəlməmişəm»- dedi və Rəşad müəllimin stulunu göstərib qayıtdı ki: «Burda bir yaxşı oğlan otururdu, mən onun yanına gəlmişəm. Hanı həmin oğlan?». Mən də dedim ki: “Daha o yaxşı oğlan olmayacaq, sizin kimilərin əlindən başını götürüb getdi”.

“Qardaş, sən ünvanınızı de, sabah mən özüm gəlib yazını sizdən götürərəm”

- Bir dəfə qeyri-hökumət təşkilatlarından birinin rəhbəri (səsindən hiss olunurdu ki, cavan oğlandır ) redaksiyamıza zəng edib qəzetin rəhbərliyindən bir nəfərlə daşmaq istədiyini bildirir. Mənimlə calaşdırdılar. Mənə dedi ki, bir layihə yazıları var və istəyir ki, bizim qəzetdə çap olunsun. Dedim ki, yazı ilə tanış olmadan bir söz deyə bilmərəm. Soruşdu ki, yazını necə çatdırsın? Dedim ki, qəzetin elektron ünvanına göndərsin. Dedi ki, onların elə bir imkanları yoxdur. Dedim: «Onda faksla göndərin». Dedi: «O imkanımız da yoxdur». Dedim: «Onda bir nəfərlə redaksiyaya göndərin». Dedi: «Təəssüf ki, o imkanımız da yoxdur». Dözməyib qayıtdım ki: «Onda, qardaş, sən ünvanınızı de, sabah mən özüm gəlib yazını sizdən götürərəm». Qoçaq da ünvanı dedi və soruşdu: «Sabah nə vaxt gəlirsən?». 

Aradan iki-üç gün keçəndən sonra həmin QHT sədri mənə zəng elədi ki, "qardaş bəs yazını niyə gəlib aparmadın?".  

Natiq Məmmədli, «Kaspi» qəzetinin baş redaktoru

 

«Səhv düşəndə yerimiz»

 

- 1997-98-ci illər idi. «Yeni Azərbaycan» qəzetində işləyirdim. O vaxtkı baş redaktor çox nadir hallarda keçirdiyi planlaşdırmaların birində işimizdən, daha doğrusu operativliyimizdən narazı olduğunu dedi. Biz də qərara gəldik ki, nə hadisə baş versə, mütləq onu birinci işıqlandıraq. Elə həmin axşam «vyorska»nın qurtaran vaxtı eşitdik ki, hansısa yerli banklardan birinin İdarə Heyətinin sədri avtomobil qəzasında ölüb. O zaman indiki kimi xəbər protalları yox idi. Agentliklər də ancaq bülleten göndərirdi. Ona görə də xəbəri dəqiqləşdirə bilmədik. Amma operativ olmaq lazım idi. Təzəcə aldığımız «Kto est kto» kitabından həmin bankın rəhbərinin şəklini götürüb səhifəyə qoyduq. Səhəri günü operativliyimizi davam etdirib mərhumun yas yerinə fotoqraf və müxbir, hələ üstəlik 10 dənə də qəzet göndərdik. Əməkdaşlarımız hadisə yerinə çatanda nə görsələr yaxşıdır. «Mərhum» durub mağarın qabağında gələnləri qarşılayır. Sən demə ölən bankın köhnə müdiri imiş. «Kto est kto» kitabındakı şəkil isə təzə müdirin. Təzə müdir necə alovlanmışdısa cangüdənləri ilə “Azərbaycan” nəşriyyatındakı redaksiyamıza hücum eləmişdi. Səhəri günü yenidən «mərhum»un şəklini qəzetdə verəsi olduq, bu dəfə təkzib yerinə. Təkzibin sərlövhəsi də maraqlı idi – «Səhv düşəndə yerimiz». "

Ay Elxan, yazını ver çıxaq gedək evə də…»

 

- 2005-ci ilin fevralında «Gün səhər» qəzeti işıq üzü gördü. Maraqlı və işgüzar kollektivimiz var idi. Nümunəvi əməkdaşlarımızdan Elxan Salahov bir qayda olaraq yazılarını gecikdirirdi. Yəni axşam saat 10:00-dan tez yazı verməzdi. Baş redaktor Qabil Abbasoğlu nə qədər deyirdisə, xeyri olmurdu. Axırda vəziyyətdən çıxış yolunu tapdı. Məndən xahiş elədi ki, «Elxanı sən yola ver». Mən də gördüm ki, Elxan vərdişindən əl çəkmir. Elə bütün günü oturub kompüterin qabağında yazır, öz-özünə gülür, ya da ciddi görkəm alır, yəni belə təəssürat yaradır ki, işləyir. Amma yenə də gecə saat 22:00 olmamış yazı vermir. Bilmirdim nə edim, bir gün rəhmətlik Vüqar Qocamanlı mənə dedi ki, bəs «ay Natiq müəllim, Elxan «znakomstva» saytlarında çox oturur, ona görə gecikir». Rəhmətlik hansısa yolla Elxanın «nik»ini də öyrənmişdi. Çox əlləşəndən sonra Elxanı saytda yaxaladıq, sadəcə olaraq bir “salam” yazdıq. Pah, dağlar oğlu elə bil himə bəndmiş 3 qanad şeir göndərdi bizə. Gördüm ki, söhbəti uzatsam heç saat 22:00-da da yazı ala bilməyəcəyəm. Odur ki yazdım: «Ay Elxan, yazını ver çıxaq gedək evə də…». Elxanın necə şoka düşdüyünü təsəvvür eləməzsiniz. Bir neçə gün internetə yaxın da getmədi. Axırda Vüqar məsələnin üstünü açdı.

 

«Baş nazir olmasın, səfir olsun…»

 

- «Azadlıq» Radiosunda çalışırdım. Qarabağın azərbaycanlı icmasının təsis qurultayına gedən müxbir zəng edib, vacib xəbər olduğunu dedi. Xəbər belə idi: “Baş nazir Artur Rasizadə İranı Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edir və çox kəskin bəyanat verib”. Mən də təcili xəbəri yazıb, baş nazirin şəkli ilə birlikdə sayta yerləşdirdim. Sözün açığı baş nazirdən belə siyasi bəyanat gözlənilməz idi. Xəbəri sayta qoyandan sonra şübhə məni götürdü, nə əcəb baş nazir iqtisadiyyatdan yox, siyasətdən danışıb. Müxbirə zəng elədim o da xəbərin yüz faiz dəqiq olduğunu dedi. Az keçmişdi redaktor başı alovlu gəldi ki, həmin tədbirdə baş nazir olmayıb. Ümumiyyətlə Artur müəllim həmin vaxt heç Azərbaycanda deyilmiş. Yenidən jurnalistə zəng elədim ki, sən baş naziri özün danışdırmısan, ya yox. Müxbir bir daha xəbərin dəqiq olduğunu dedi, amma balaca səhvə yol verdiyini də etiraf elədi. Sən demə bu bəyanatı verən Artur Rasizadə yox, İsrailin Azərbaycandakı səfiri Artur Lenk imiş.

 

"Ciddiyə aldığım zarafat"

 

- «Kaspi»də səhər planlaşdırmanı qurtarmaq ərəfəsində idim, radiodan Səadət zəng edib, dedi: “Azərbaycan” Nəşriyyatının sexində güclü yanğın olub. Dəqiqləşdirib bizə də deyə bilərsiniz?” . Redaksiyamız nəşriyyatın yanında yerləşdiyindən əməkdaşımız fotoaparatı götürüb hadisə yerinə yollandı. Nəşriyyatda xəbəri eşidib təəccübləniblər. Yalnız bir faktı – həmin günün aprelin 1-i olduğunu dəqiqləşdirməyi unutmuşduq. Sonra Səadət dedi ki, onları eyni xəbərlə «Yeni Müsavat»dan aldadıblarmış…”.

 

Elxan Şahinoğlu, köşə yazarı

 

“Əfqanıstana necə gedə bilmədim?”

- 1998-ci ilin sonu idi. “Azadlıq” qəzetində çalışırdım. Bir gün redaksiyaya gözləri qıyıq gənc bir oğlan gəldi, məni axtarırdı. Gənc Bakıda universitetlərdən birində təhsil alan əfqanıstanlı tələbə idi. Amma milliyətcə türkmən idi. Gənc özünü təqdim etdikdən sonra Bakıda təhsil almaqla yanaşı başqa bir funksiyanı da yerinə yetirdiyini söylədi: “Mən Əfqanıstandakı Şimal Koalisiyasının Azərbaycandakı təmsilçisiyəm”.

Şimal Koalisiyası Talibana qarşı savaşan birləşmələrin ümumi adı idi. Koalisiyada əsasən Əfqanıstandakı özbək, tacik və türkmən silahlı qruplaşmalar cəmləşmişdi. Aralarında məşhur komandirlər – özbək milisinin başçısı Rəşid Dustum və əfsanəvi tacik mücahid Şah Məsud yer almışdı. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra adını çəkdiyim qruplaşmalar Əfqanıstanın şimalında qərar tutmuşdular. Qərb dövlətləri, Mərkəzi Asiya respublikaları, o cümlədən Rusiyanın simpatiyası Şimal Koalisiyasının tərəfində olduğundan onlar bir müddət Talibana qarşı güclü müqavimət təşkil etmişdilər.

Məhz belə bir ərəfədə mənimlə görüşən əfqan tələbə maraqlı təkliflə yanıma gəlmişdi. O, mənə Əfqanıstana getməyi təklif edərək, bölgədən reportaj hazırlamağı və Şimal Koalisiyasının liderləri ilə müsahibə vədi verdi. Dərhal razılaşdım. Ancaq Şimal Koalisiyasının Azərbaycandakı təmsilçisinin bir istəyi var idi: “Əbülfəz Elçibəy Şimal Koalisiyasının liderlərinə dəstək məktubu yaza bilərmi?”

Doğrusu bu suala cavab vermək mənim səlahiyyətimdə deyildi. Təklifə aydınlıq gətirmək üçün əfqan tələbədən möhlət istədim. Vaxt itirməyərək, aşağı endim (Xəqani küçəsi, 33-cü binada “Azadlıq” qəzeti ikinci mərtəbədə, eks-prezident Əbülfəz Elçibəy isə birinci mərtəbədə fəaliyyət göstərirdi). Əbülfəz bəy Kələkidən bir neçə aydır qayıtdığından onunla görüşmək elə də asan məsələ deyildi, gah görüşlərdə olur, gah da qonaq qəbul edirdi. Aşağı enərək Əbülfəz bəyin köməkçisi Oqtaya hadisəni nəql etdim və AXCP sədri ilə görüşmək istədiyimi ona söylədim. Sağ olsun Oqtay bəy, bir az sonra Əbülfəz bəyin mənimlə görüşə biləcəyini dedi. Əbülfəz bəyə Şimal Koalisiyasının xahişini çatdırdım. Eks-prezident çox düşünmədən belə bir məktub yazacağını söylədi.

Məktubun nə zaman hazırlanacağını gözləmədən digər problemin həllinə girişdim. Şimal Koalisiyasının qərargahı Bamian şəhərində yerləşirdi, ora gedib çatmaq lazım idi.  Əfqan tələbə Bamiana Özbəkistan üzərindən keçəcəyimizi söyləmişdi, ancaq Özbəkistana necə gedib çıxacaqdıq, redaksiyanın elə böyük gəliri yox idi ki, təyyarə bileti üçün maliyyə ayırsın. “Azadlıq” qəzetinin o zamankı redaktoru Gündüz Tahirli çıxış yolunu göstərdi: “Özbəkistan Hava Yolları qəzetimizə reklam versin. Sən də onun əvəzinə onlardan bilet al”. Yollandım Özbəkistan Hava Yollarına. Təklifimizlə razılaşdılar. Beləcə bu problemi də həll etdik. Demək, Əbülfəz bəydən məktubları alıb yola düşə bilərdik. Rəhmətlik Əbülfəz bəy eyni məzmunlu üç məktub yazdı, hər biri Şimal Koalisiyasının 3 liderinə ünvanlanmışdı.

Artıq səfər tarixini təyin etmək olardı. Evdən də “Özbəkistana gedirəm” adıyla aradan çıxacaqdım. Ancaq Sən saydığını say, gör fələk nə sayır.

Bir neçə gün sonra Taliban hücuma keçdi, səfər edəcəyim Bamian şəhərini ələ keçirərək viran qoydular, oradakı dünyada ikinci böyük Budda heykəllərini partlatdılar. Taliban qısa müddətdə faktiki ölkənin şimalına da hakim oldu. Rəşid Dustum Türkiyəyə qaçdı, Şah Məsud isə dağlarda döyüşü davam etdirdi. Ancaq Talibanın öyrətdiyi iki jurnalist müsahibə adıyla Məsudun qərargahına gedərək onu da qətlə yetirdilər. Bir sözlə səfər qeyri-müəyyən müddətək təxirə salındı.

Əfqan gənc məyus idi, çünki Bamian onun doğulduğu şəhər idi, valideynləri orada yaşayırdı, səfərdən danışmağın yeri yox idi, artıq onu başqa problemlər narahat edirdi, heç Əbülfəz bəyin məktublarını da soruşmadı məndən.

Beləliklə, çox hazırlaşdığım Əfqanıstan səfərim baş tutmadı. Ancaq bu hadisədən mənə qalan bir yadigar var. Əbülfəz bəyin imzasıyla olan 3 məktubu 12 ildir arxivimdə saxlayıram. Bu məktubların ünvanlandığı şəxslərdən ikisi artıq həyatda yoxdur, biri isə gələn xəbərlərə görə, Türkiyədə sığınacaq tapıb. Növbəti dəfə Türkiyədə yolum düşsə, Rəşid Dustumu taparaq, Əbülfəz bəyin məktubunu ona çatdırmağı planlaşdırıram. Ancaq 12 il öncə baş tutmayan Əfqanıstan səfərimi də nə vaxtsa reallaşdırmağı qarşıma məqsəd qoymuşam. Kabil olmasa da, Bamianı görmək istəyirəm.

Fərahim İlqaroğlu“Yeni Müsavat” qəzetinin əməkdaşı

 

“Bir aprel tezisim”

 

- Bu il aprelin 1-də baş redaktorumuz Rauf Arifoğluna mesaj yazıb, xəstə olduğunu və işə gələ bilməyəcəyimi bildirdim. O mənə cavab yazaraq dedi ki, vacib iş çıxıbdır. Mən mütləq Neft Daşlarına getməliyəm. Mən yazdım: “Rauf bəy xahiş edirəm, çox pis xəstələnmişəm. Mənim əvəzimə uşaqlardan biri getsin”. O cavab yazdı:  “Redaksiyada heç kim yoxdur. Uşaqlar iş arxasınca gedib”. Çox xahiş etsəm də o bunu nəzərə almadı. Axırda bu mesajı mənə göndərdi: “Təcili Neft Daşlarına getməlisən. Mən sənə ünvanı başa salacam. Onu da bil ki, bunun 1 aprelə heç bir aidiyyatı yoxdur”.

Sonuncu cümləni də oxuyandan sonra ona inandım. Tez-tələsik birtəhər durub, geyinib, fotoaparatı da götürüb, yola düşdüm.  Metronun “Gənclik” stansiyasına gəlib çatanda, Rauf bəyə zəng edib, dedim: “Mən “Gənclik”dəyəm. Neft Daşlarına necə gedə bilərəm?”

Dedi: “Sən eyvana çıx. Mən vertolyot göndərəcəm. Onunla gedərsən”.

Mən heç nə başa düşmədim. Sonra dedi: “Ay Fərahim, Neft Daşları dənizin ortasındadı. Sən ora necə gedə bilərsən axı..?”.

Beləcə Rauf bəy 1 apreldə məni yaxşı aldatdı”.

“Dizayner əziyyətimi yerə vurdu”

- Bir dəfə Binəqədi rayonunda “Şaban dağı” deyilən vulkandan reportaj hazırlamağa getmişdim. Həmin vaxtlarda bu vulkan tez-tez püskürürdü. Mən əzab-əziyyətlə palçığn içində, güclə bu vulkandan bir neçə şəkil çəkib, yazı üçün material toplayıb, redaksiyaya qayıtdım. Axşam qəzet çıxana kimi yazını verməli idim. Ona görə də dizaynerə şəkilləri verdim ki, ordan vulkana aid şəkilləri  seçib qəzetin səhifəsinə yerləşdirsin. Mən də o vaxta kimi yazını bitirəcəkdim. Mən ondan əvvəlki gün Tramvay parkından reportaj hazırlamışdım. Həmin şəkillər də fotoaparatda qalmışdı. Sən demə, ağıllı dizaynerimiz Tramvay parkına aid şəkilləri səhifəyə yerləşdirib. Heç kim də buna fikir verməyib. Sabahı günü bunu biləndə, həmin dağda çəkdiyim əziyyəti yadıma salıb az qala ağlamağım gəldi. Hələ üstəlik az keçməmiş parkdan redaksiyaya şikayətçi gəldi... Sonra birtəhər ara sakitləşdi.

 

“Rauf bəyin kitabın oxumasan, işə götürməyəcəklər”

- Bir dəfə redaksiyamıza Fəridə adlı yeni işçi bir qız gəlmişdi. O, ştata götürülməmişdi. Yəni 3 ay öz bacarığını göstərməli idi. Bu qız da özündən çox razı idi. Bir gün uşaqlarla aramızda məsləhətləşdik ki, yeni işçi ilə bir zarafat edək. Elə oldu ki, Fəridə xanım tora özü düşdü. Mən oturub Rauf bəyin kitabını oxuyurdum. Fəridə xanım mənə yaxınlaşıb dedi: “Fərahim, sənin yazın yoxdur bəyəm, kitab oxuyursan?”. Mən dedim: “Mən də səndən bir-iki həftə əvvəl gəlmişəm. Yəni təzəyəm. Uşaqlar mənə deyib Rauf bəy imtahan etməmiş heç kimi işə götürmür. Bəyəm sən bunu bilmirdin ki?”

O dedi: “Yooox. Necə yəni?”.

Mən ona başa saldım ki, kitabı oxumasa işə götürməyəcəklər. Sonra məndən xahiş etdi ki, kitabı oxuyub ona verim. Mən də bir neçə dəqiqədən sonra kitabı ona uzadıb dedim: “Buyur”.

Bir azdan baxdım ki, Fəridə xanım uje kitabın 15-16-ı səhifəsini oxuyub”.

Hələ arada bir məndən xahiş də etdi ki, əsas yerləri qeyd edim, öyrənmək onunçün asan olsun. Sonra bizim zarafat etdiyimizi biləndə qız bizdən incimişdi.

Hazırladı Günay Musayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir