Modern.az

Abel Məhərrəmov Quzey Kıbrıs Türk Cümhuriyyətinə dəvət olunub

Abel Məhərrəmov Quzey Kıbrıs Türk Cümhuriyyətinə dəvət olunub

15 Aprel 2010, 17:36

 

Aprelin 15-də Quzey Kıbrıs Türk Cümhuriyyəti Doğu Akdəniz Universitetinin rektoru, prof.Dr Abdullah Öztürkün başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Bu barədə Modern.az-a BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova məlumat verib.

Görüşdə rektor, akademik Abel Məhərrəmov qonağa Bakı Dövlət Universiteti haqqında ətraflı məlumat verib. 18 min tələbəsi olan universitetdə, eyni zamanda 1500 nəfər xarici tələbənin təhsil alması qonaqlar tərəfindən maraqla qarşılanıb. 6 aydır Quzey Kıbrıs Türk Cümhuriyyəti Doğu Akdəniz Universitetinin rektoru seçildiyini deyən prof.Dr Abdullah Öztürk rəhbərlik etdiyi ali təhsil ocağının 1979-cu ildən fəaliyyət göstərdiyini, əsasən mühəndis ixtisası üzrə kadr hazırlandığını bildirib. Görüşdə universitetlərarası əməkdaşlıq məsələləri, o cümlədən turizm, dil-ədəbiyyat və digər sahələrdə ortaq məsələlər müzakirə olunub. Qərara alınıb ki, aprelin 29-da BDU və Qafqaz universitetlərinin birgə təşkilatçılığı ilə keçiriləcək «Hüquq elminin aktual problemləri» konfransında Doğu Akdəniz Universiteti də təmsil olunsun.

Abel Məhərrəmov universitetin medalını, 90 illik yubileyi münasibətilə işıq üzü görmüş bukleti A.Öztürkə, qonaq isə öz növbəsində Doğu Akdənizin bukletini, qələm dəstini və əl işləri olan hədiyyəni rektora təqdim edib.

BDU ilə tanışlıq nümayəndə heyətində böyük maraq doğurub.

Sonda rektor Abdullah Öztürk həmkarı akademik Abel Məhərrəmovu Kıbrısa dəvət edib.

Görüşdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı Böyükelçisi Zəki Qazioğlu, Qafqaz Universitetinin rektoru Əhməd Sarıç, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elxan Hüseynov və digər şəxslər iştirak ediblər.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı