Modern.az

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər

Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər

16 Aprel 2010, 14:48

Son illər Azərbaycanda yerli və xarici vətəndaşlar arasında bağlanılan nikahların sayı artıb. İndiki gənclərimiz buna normal yanaşırlar. Xarici vətəndaşlar olan oğlanlar azəri qızlarının nəcib xüsusiyyətlərinə üstünlük verdiklərini deyirlər. Bizim qızların ailəcanlılığı, evdarlığı, həyat yoldaşına sədaqətli olması əcnəbilərin xoşuna gəldiyi üçün onlar azərbaycanlı xanımlarla nikah bağlamağa üstünlük verirlər. Xarici vətəndaşlarla ailə quran azərbaycanlı xanımlar arasında jurnalistlər də az deyil. Azərbaycanlı xanım jurnalistlərin ailə qurduqları oğlanlar əsasən Türkiyə və Kipr vətəndaşlarıdır. Modern.az onlardan bəzilərini oxuculara təqdim edir.

Vüsalə Mahirqızı

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı 5 ildir ki, Türkiyə vətəndaşı Edip Nabikoğlu ilə ailə qurub. Onlar Bakıda yaşayırlar. Vüsalə xanım deyir ki, həyat yoldaşı ixtisasca həkimdir, amma hazırda iş adamı kimi fəaliyyət göstərir. Onların Sara adlı biri qızı var.

Vüsalə Mahirqızının sözlərinə görə, bu evliliklə 5 il mübarizə aparmalı olub: “Mənim xüsusi rəğbətim olmayıb ki, başqa ölkənin vətəndaşı ilə ailə qurum. Hətta baxmayaraq ki, Türkiyə vətəndaşı ilə ailə qurmuşam, yenə də əvvəlki fikrimdə qalıram. Amma kifayət qədər xoşbəxt ailəm var. Həyat yoldaşımdan çox razıyam. Ancaq bu mənə çox çətin olub. Çünki onların bizimkindən fərqli adət-ənənələri var. Buna görə ayrı-ayrı mühitdə tərbiyə almış iki insanın bir yerdə olması əvvəlcə çətin olur. Uşaq doğulandan sonra iki mədəniyyətin ortasında qalırsan”. Vüsalə xanımın sözlərinə görə, Azərbaycanda yaşadıqlarına görə, onların övladı Azərbaycan adət-ənənəyə uyğun böyüyür.  

“Amma onun  getdiyi bağçada həm rus, həm ingils dili və mədəniyyəti

öyrədildiyi üçün davranış etibarilə nə biz, nə də onlar tərəfdədir. Daha çox inglis və ruslara bənzəyir”.

V.Mahirqızı deyir ki, ailə həyatı quran zaman müəyyən qədər narazılıqlarla üzləşib: “Biz ailə həyatı quranda şərtimiz belə oldu ki, Azərbaycanda yaşayacağıq. Baxmayaraq ki, onun orada işi var idi. Hər halda o, istəyib gəldi. Burada təbii ki, sevginin də rolu var. Yoldaşımın ailə üzvləri, qaynanam və qaynatam dedilər ki, “Azərbaycanda sənin üçün hansı şərtlər varsa, onu Türkiyədə də qəbul etməyə hazırıq, təki oğlumuz getməsin”. Amma mən Azərbaycanı seçdim. Çünki mən karyeramı burada qurmuşam. Mənim yoldaşım kifayət qədər iradəli adamdır. Və biz burada yaşamağı qərarlaşdırdıq. Onu da deyim ki, mən istəsəm də, istəməsəm də Türk ailə metodunun qanunauyğunluqlarına uyğunlaşmışam. Çünki belə olmazsa yaşamaq mümkün deyil”. Çətinliklərə baxmayaraq Vüsalə xanım yoldaşının qohumları ilə münasibətlərinin normal olduğunu deyir: “Yoldaşımın qohumları, qaynanam və qaynatamla münasibətlərimiz çox yaxşıdır. Onlar bizə, biz də onlara gedib-gəlirik. Düzdür mən işimlə əlaqədar çox gedib-gələ bilmirəm. Ancaq onlar gəlirlər. İl ərzində bir-iki dəfə gəlir, bir neçə ay bizdə qonaq qalırlar. Qızım anadan olanda qaynanamla baldızım 40 gün uşağa baxdılar. Yəni çox səmimi münasibətimiz var. Mənim bəxtim bir də onda gətirdi ki, Edipgilin ailəsi ailə ənənələrinə son dərəcədə bağlıdırlar”.

Ancaq Vüsalə Mahirqızı Azərbaycan qızlarına öz millətinin nümayəndələri ilə ailə qurmağı tövsiyə edir: “İnsan insandır. Hansı millətdən olur-olsun fərq etməz. Ancaq ailəndə milli övlad böyütmək istəyirsənsə, mütləq Azərbaycan kişisi ilə ailə qurmalısan”.

 

Elza Alışova

Elza Alışova Quzey Kipr Türk Cümhuriyyətində yaşayan azərbaycanlı jurnalistdir. Kipr türkü Salih bəylə ailə qurmazdan öncə Bakıda “Üç nöqtə”, “Mərkəz”, “Xalq Cəbhəsi”, Cümhüriyyət”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərində işləyib. “Azərbaycan Naminə İctimai Forum və “Yeni Siyasət”  (YeS) Secki Blokunun Mətbuat Xidmətinin rəhbəri olub. “Seçici Qadınlar Liqasının” (SQL) sədridir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya fakultəsinin aspirantıdır.

Elza xanımın və Salih bəyin bu evlilikdən Doğan adlı bir oğlanları var. Hazırda Qüzey Kipr Türk Cümhuriyyətində yaşayırlar.

Elza Alışova xarici vətəndaşla ailə qurmağını belə xatırlayır: “Hec bir zaman özümə bu sualı vermədim ki, necə oldu  xarici vətəndaşla ailə qurdum? Mənim üçün qarşımdakı insanın milliyyətindən daha çox insanlığı önəmlidir. Xarici vətəndaşla ailə qurmaq məfhumu deyil, necə bir insanla ailə qurmaq məfhumu daha məntiqlidir. Türklərdə çox sevdiyim bir ifadə var- “Dogru insan, dogru zaman”. Önəmli olan doğru  zamanda doğru insanı bulmaqdır. Sevginin  isə milliyəti olmur. Amma həyat yoldaşımın xarici bir ölkənin vətəndaşı olması artıq alın yazısıdır”.

Onların tanışlığı çox təsadüfi bir şəkildə olub: ““Yeni Siyasət” Seşki Blokunda işlədiyim zaman Dünya Azərbaycanlılarının Qurultayında  (DAK) iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə səfərə getmişdim. Ankaradakı yaxın dostlarımızın dəvətiylə Quzey Kıbrıs Türk Cümhuryyətinə bir tədbirdə iştirak etməyə getdik. Tədbir Yakın Doğu Universitetində (YDU) keçirilirdi. Salihlə bu səfər çərçivəsində tanış olduq. Bu tanışlıq mənim üçün sıradan bir tanışlıqdan heç nəylə fərqlənmirdi. Hətda bu tanışlığı Salihdən email ünvanıma  məktub gələndə xatırladım. Ancaq Salihin çox təkidi və inadı sayəsində indi bir aradayıq. Onu da qeyd edim ki, bu tanışlıqdan sonra uzun müddət internet ve telefonla əlaqə saxladıq. Münasibətlərimiz daha çox internet üzərindən formalaşdı desəm, hər halda daha doğru olar. Sonra Salih aliləmlə tanış olmaq üçün Bakıya gəldi. Salihin ikinci səfəri zamanı isə artıq toy gününü müəyyənləşdirdik. Salihin bütün ailəsi  toyda iştirak etmək üçün Bakıya gəldi və Bakı aeroportunda  viza problemi üzündən “unudulmaz” günlər yaşadılar”. Elza xanım əvvəllər xarici vətəndaşla ailə qurmağı heç zaman fikirləşmədiyini deyir: “Təbii ki, ailə qurmaq barədə düşünəndə mütləq xarici vətəndaşla ailə quracam deyə, bir kriteryam yox idi. Əgər sevsəydim və qarşımdakı insanın doğru insan olduğundan əmin olsaydım, mən azərbaycanlı ilə, hətta başqa dinə mənsub insanla da ailə qurardım. Kompleksli bir insan deyiləm. Mənim üçün milliyyət deyil, insanlıq önəmlidir”. 

O, indiyə kimi nə aildən, nə də əhatəsindəki insanlardan heç bir yabancılıq görməyib: “

Kıbrıs olduqca balaca bir yerdir. Uzun illər ingilis müstəmləkəsi olduğu üçün burada hər sahədə ingilis mədəniyyətinin izləri hiss olunur. Burada şəhər və kənd deyə bir fərq yoxdur. İnsanların yaşayış tərzi çox müasirdir. Burda eşiyini süpürdükdən, yeməyini bişirdikdən sonra maşınına  minib, qonşuya qəhvə içməyə gedən ev xanımlarını çox görə bilərsiniz. Salihin böyüdüyü dağ kəndində bu gün Malaziya, Avstraliya, Hollandiya və İngiltərədən gəlin gələrək bu kəndə də məskunlaşan  xarici vətəndaşar var. Onlarla nəinki söhbət etmək, kənardan müşahidə etmək belə yabancılıq çəkmədiklərini görməyə imkan verir”.

E.Alışovanın sözlərinə görə, Quzey Kiprə gedəndən sonra böyük çətinliklərlə qarşılaşıb: “Adanın olduqca sakit təbiəti məni çox darıxdırırdi. Kıbrıs çox isti ölkədir. Burda yay aylarında dövlət dairələrində işlər günorta saat 14-00-da bitir. Qeyd edim ki, Türkiyədə belə qayda yoxdur. Bu qayda çox istilərdən əhalinin qorunması üçün Kıbrıs dövləti tərəfindən qəbul olunub. Özəl şirkətlər, mağaza  və marketlərdə isə günorta 13-00-dan 15-00-dək iş olmur. Günorta saatlarında küçələr bomboş olur. Təsəvvür edin, pəncərəni açıb ətrafa baxırsan və bir insan, bir maşın, bir hərəkət belə görmək mümkün deyil.  Jurnalistika kimi aktiv fəaliyyətdən sonra belə bir sakitlik ilk zamanlar mənə çox ağır gəldi. Adaptasiya prossesi bir az ağrılı keçdi. Artıq 3 il yarımdır ki, burdayam və alışmışam. Onu da deyim ki, tam olaraq uyğunlaşmaq üçün burda doğluub böyümək lazımdir. İnsan doğulub-böyüdüyü yerləri hər zaman axtarır. Kəndini gecə yuxusunda görən hər halda sadəcə mən deyiləm. Bəzən çox darıxdığım zamanlar olur. Ancaq insan hər bir mühitə uyğunlaşır və mən də uyğunlaşmağa çalışıram. Amma məmləkətinə geri dönmək hər bir insanın istəyidir. Azərbaycan mənim məmləkətimdir və onu çox sevirəm. Ancaq indi belə bir planımız yoxdur ki, Azərbaycana köçək”.

O, ailələrində problemin olmadığını deyir: “Qaynanam mənimlə yaşayır. Sizə bir şey deyim. Kıbrısda gəlin qaynana münasibəti çox fərqlidir. Burada yazılmamış bir qanun var- gəlin və qaynana bir evdə yaşamaz. Ailə qurduqdan sonra anaya  sadəcə qonaq gedilir. Hər kəs öz evində daha xoşbəxtdir. Yəni mən burda Azərbaycan adət-ənənələrini  sürdürürəm. Ancaq onların adət-ənənələri bizimkindən fərqlənir. Məsələn, bizdəkindən fərqli olaraq bütün toy insanların sıraya durub bəylə gəlini təbrik edərək pul verməsindən ibarət olur. Sadəcə son bir saat bəylə gəlinin əylənməsi üçün  ayrılır. Toy dəvatnəməsi  paylamaq isə əsl zülümdür. Burada 2 və ya 3 min kişi toya dəvət olunur. Onlara dəvətnamə vermək üçün günlərlə adanı dolaşmaq lazım gəlir. Novruz bayramı qeyd olunmur. Qurban və Ramazan bayramlarına xüsusi əhəmiyyət verilir. Eləcə də, analar və atalar günü Kıbrısda çox gözəl qarşılanır. Əhəmiyyətli dərəcədə böyük olmasa da, hər gün belə fərqlərlə üzləşmək mümkündür”.

Elza xanım xarici vətəndaşla evlilik məsələsində əvvəlki düşüncələrilə indiki düşüncəsi arasında fərq olmadığını deyir: “Ailə qurmadan öncə də bu fikrə pis baxmırdım, indi də pis baxmıram. Hər bir insan müstəqil düşüncəyə malik fərddir. Xoşbəxtliyini harda tapırsa, ora getməlidir. Bunun xarici  vətəndaş olması hec nəyi dəyişmir və dəyişməməlidir. İnsan oğlu üçün ən önəmli şey dəyər verilməsi, sevib sevilməsidir. Cəmiyyətimizdə xarici vətəndaşlarla ailə qurmağın nədən bu qədər soyuq qarşılandığını başa düşə bilmirəm. Düzdür, uğursuzluqla bitən xarici nigahlarimiz da var. Ancaq bunu ümumiləşdirmək düzgün deyil”.

Mənsurə Səttarova

 

2007-ci ilə qədər Azərbaycan mətbuatında çalışan jurnalist Mənsurə Səttarova da 3 ildir Quzey Kipr Türk Cümhuriyyətində yaşayır. O, 2007-ci ildə Kipr türkü Osman Evirgenlə ailə həyatı qurub. M.Səttarova 1997-2007-ci illərdə Bakıda nəşr olunan “Bu gün”, “Cümhuriyyət”, “Vətəndaş həmrəyliyi”, “Xəzər” qəzetlərində çalışıb. Deyir ki, həyat yoldaşı dövlət işində çalışır, Nərmin adlı bir qızları var.

Mənsurə Səttarova həyat yoldaşı ilə ilk tanışıqlarını belə xatırlayır: “Rəfiqəm Elza Alışova Kiprə ərə getmişdi. Bizi o tanış etdi. Onun qaynı arvadı mənim həyat yoldaşımla eyni yerdə çalışırlar. Mənim şəkillərimi Osman görüb, bəyənib. Sonra biz Elzanın vasitəçiliyi ilə telefonda və internetdə danışdıq. Nəhayət evlənməyə qərar verdik. İndi çox xoşbəxt ailəm var. Biz bir-bizimizi yaxşı başa düşürük”. Bununla belə keçmiş həmkarımız Azərbaycan üçün darıxdığını gizlətmir: “Kıbrısın dadı damaqda qalan bardak, qara və ağ incirləri mənə heç də məşhur Bakı incirini özletmir. Amma özlediyim, yoxluğunu, həsrətini çəkdiyim çox şey var. Yoxlar listəsində ön yerlərdən birini də unutmadığım, unutamayacağım dostlar tutur. Ona görə də kıbrıslı arkadaşlar arasında barmaqla sayılacaq qədər olan azərbaycanlı dostlarımın üstündə nanə yarpağı kimi əsirəm”. M.Səttarova deyir ki, türklərin və azərbaycanlıların adət-ənənələri oxşar olduğundan bu sarıdan problem yaşamayıb. Mənsurə xanım deyir ki, evləndikdən sonra bəzi çətinliklə üzləşib: “Mən ailəmin razılğı ilə onunla ailə qurmuşam. Ancaq bəzi problemlər oldu. Həyat yoldaşım Kiprdə işlədiyi üçün biz burada qala bilmədik. Uşaq olduqdan sonra mənə bir qədər çətin oldu. Çünki qaynatam, qaynanam yoxdur. Uşağımı baxçaya qoymaq da istəmədim. Özüm böyütmək istədim.Ona görə də Kıprısda karyeramı davam etdirə bilmədim” .

M.Səttarova deyir ki, Kıprıs türklərinin adət-ənənəsnə tez uyğunlaşıb: “Çünki bizimkinə daha yaxındır. Mətbəx fərqi də o qədər böyük deyil. Sadəcə onların bizdən düşüncəsi fərqlidir. Onlar daha moderndilər. Avropaya daha yaxındırlar”.

Mənsurə xanım danışığında türk sözlərinin tez-tez işlətməsini belə izah edir: “Mənim əhatəmdə olanlar türkdürlər. Ona görə də Azərbaycan dilində danışmaq olmur. Bu da normal bir şeydir. Ancaq mənim orada azərbaycanlı rəfiqələrim var. Onlarla Azərbaycan dilində danışırıq”. Mənsurə xanım Kiprdə qohumların ona, buradakı doğmalarının isə Osman Evirgene çox normal münasibət bəslədiklərini deyir: “Ailəmlə birgə tez-tez Azərbaycan gəlirik. Davamlı gediş-gəlişimiz var”.

 O, xarici vətəndaşla ailə qurmağa da normal baxır: “Əvvəllər d, elə indi də düşünürəm ki, əgər sevgi varsa, fərq etməz. Ya əcnəbi olsun, ya da öz millətinin nümayəndəsi olsun. Əsas odur ki sevəsən. Amma Osman yabançı sayılmaz, o Kıprıs türkdür, mən azəri türküyəm”.

Günay Musayeva

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi