Modern.az

Gəncəlilər deputatları Aydın Abbasov barədə nə düşünürlər?

Gəncəlilər deputatları Aydın Abbasov barədə nə düşünürlər?

19 Aprel 2010, 17:30

38 SAYLI NİZAMİ II SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ

 

“525-ci qəzet” və Modern.az saytının «Deputat vədi» adlı layihəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seşki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşuruq. Bu dəfəki reportajımızı millət vəkili Aydın Abbasovun deputat seçildiyi 38 saylı Gəncə (Nizami) seçki dairəsindən hazırladıq.

 

“Deputatımızı televizorda da görmürəm”

 

Yolumuz Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyədir. Qeyd edim ki, Goranboy rayonu ərazisindən ta Gəncəyə kimi Bakı-Qazax magistiral avtomobil yolunun yenidən tikilməsiylə əlaqədar biz torpaq yolla getməli olduq... Məşhur Gəncə qapılarını ötüb şəhərin mərkəzinə, daha sonra Aydın Abbasovun ən çox seçicisi olan Yeni Gəncə qəsəbəsinə gedirik. Burada rastlaşdığım yeni gəncəlilərdən deputatlarını tanıyıb-tanımadıqlarını öyrənməyə çalışıram. İlk rastlaşdığım təxminən 25 yaşlı bir oğlan oldu. Yeni Gəncədə yaşadığını desə də jurnalist olduğumu və deputatları barədə sual verdiyimi görüb danışmaqdan imtina etdi. O, “Deputatı tanımıram. Görsəniz deyin biz tərəflərə də gəlsin, görüb tanıyaq. Camaatın deputatı gündüz axşama kimi televizordan çıxmır, bizimkini heç orda da görmürük”- deyib uzaqlaşdı.

Qarşıma çıxan Eldar adlı Gəncə sakini isə 38 saylı dairənin seçicisi olmasa da A.Abbasovu tanıdığını bildirdi. “Mən Yeni Gəncədə yaşayıram. Amma Kəpəz rayonunda qeydiyyatdayam. Ordan Musa Quliyev seçilib. Buranın deputatı Aydın Abbasovdu. Onlar əslən gəncəlidilər” - deyən həmsöhbətimdən deputatın yeni gəncəlilərlə görüşə-gəlib gəlmədiyini soruşduqda belə cavab verdi: “Vallah yalan deyə bilmərəm. Şəxsən mən görməmişəm”.

 

“Məni zibilə salmayın”

 

Digər bir sakin isə “deputatınızı tanıyırsızmı” sualına özünəməxsus şəkildə cavab verdi: “Məni zibilə salmayın. Desəm deputatı bir dəfə də görməmişəm, siz də gedib bunu qəzetdə yazacaqsınız. Sonra bu sözümə görə deputat məni tutdurub “KPZ”-yə saldırsa, gəlib məni ordan qurtaracaqsiniz?”. Mən bu seçiciyə “deputat adam tutduran deyil” desəm də bu gəncəli də uzaqlaşıb getdi.

Bələdçimlə Yeni Gəncədəki küçələrdən birinə gedirik. Hava soyuq olduğuna görə binaların qarşısında gözə dəyən yox idi. Nəhayət 42 saylı binanın qarşısında gördüyüm yaşlı bir qadına yaxınlaşıb özümü təqdim edirəm. O isə özünü təqdim etməkdən imtina etdi: “Adımı bilməsən də olar.  Deputatımız Aydın Abbasovdu. Seçkilərdə deputatın adamları gəlmişdilər. Onda söz verdilər ki, bax, bu gördüyünüz xeyir-şər evini təmir elətdirəcəyik. Biz də gedib səsimizi ona verdik. Görürzünüz, o vaxtdan belə qalıb. Hələki gözləyirik.”.

Asif Məmmədov isə Yeni Gəncədə ilk seçici idi ki, bizimlə həmsöhbət olmağa, hətta şəklinin çəkilməsinə etiraz etmədi. 42-ci binanın sakini olan A.Məmmədov bildirdi ki, deputatın adını eşitsə də, üzünü görməyib: «Vallah heç seçkilər keçirilən vaxt da görməmişəm. Ondan sonra da görməmişəm. Ola bilsin gəlir, mənim xəbərim olmur..”. Bununla belə A.Məmmədov dedi ki, onun eşitdiyinə görə deputat Yeni Gəncədə başqa məhəllələrdə binaların dam örtüyünün düzəldilməsinə yardım edib, xeyir-şər evlərini təmir etdirib və hər birinə qab-qaşıq verdirib. Deputat hətta öz şəxsi vəsaiti hesabına 9 mərtəbəli bir binanın uzun illər işləməyən liftini təmir etdirib, sakinlərin ixtiyarına verdirib.

Qəsəbədə başqa bir binanın qarşısında oturan qoca bir qadın da deputatı tanımadığını dedi: «Mən nə bilim deputat kimdi? Görməmişəm axı. O deputatlar, o vəzifəlilər özləri üçün işləyirlər. Biz bədbəxtlərə bir gün ağlayan yoxdu, a bala».

 

Deputat hər il 10 nəfəri Həcc ziyarətinə göndərir

 

Yeni Gəncə qəsəbəsi 45 saylı binanın 26 yaşlı sakini Yusif Sadıxov isə deputatı tanıdığını və ondan razılığını bildirdi. Onun sözlərinə görə, A.Abbasov  seçicilərinin Həcc ziyarətinə getməsinə də köməklik göstərir: «Seçki vaxtı eşitmişdik ki, Aydın müəllim inanclı adamları Həccə göndərir. Seçkidən sonra biz üç dost qərara gəldik ki, Aydın müəllimə müraciət edək ki, bizim Həccə getməyimizə kömək göstərsin. Çox sağ olsun ki, deputat müraciətimizə baxdı və bizi o müqəddəs məkana yola saldı. Allah ondan razı olsun». Y.Sadıxov deputatın qəsəbə üçün müəyyən işlər gördüyünü də bildirdi: «2 nömrəli məktəbin yaxınlığında xeyir-şər evini bərpa etdirib, orda asfalt çəkdirib. Həmin məktəbin yaxınlığında şəxsi vəsaiti ilə artezian vurdurub. 1-ci, 2-ci sinif şagirdlərinə məktəbli geyim paylanmasının şəxsən şahidi olmuşam. Bildiyimə görə Qocalar evinə də yardım göstərir».

Öyrəndim ki, A.Abbasov hər il 10 nəfər inanclı seçicisinin Həcc ziyartinə getməsinə maddi kömək edir.

Soraqlayıb deputatın qazdırdığı artezian quyusunu da tapdıq. Deyilənə görə bu artezianın suyu ətrafdakı bir neçə binaya verilir ki, nəticədə yüzlərlə ailənin və digər obyektlərin su problemi həll olunub. Təəssüf ki, artezianın ətrafı sakinlər tərəfindən zibilxanaya çevrilib. Qəsəbə rəhbərliyinin isə deyəsən bu ərazidən xəbəri yoxdur, yaxud varsa da, antisanitariyaya göz yumur.

Burada rastlaşdığım bir seçicinin sözlərinə görə, deputat 2 saylı məktəbi də yaddan çıxartmayıb, şagirdlərə dərs ləvazimatları paylayıb, məktəbin özü üçün müəyyən işlər görüb.

 

“Gəncənin deputatı bir olsun, o da Aydın Abbasov olsun!”

 

Gəncədə mənə bələdçilik edən taksi sürücüsü Əfqan Qasımov isə Aydın Abbasovun seçicisi olmasa da, onu yaxşı tanıyır. Deyir ki, A.Abbasov öz dairəsinin seçicilərinə yaxşı baxır: «Aydın müəllim Gəncədə çox adama kömək edib. Eşitmişəm ki, kasıb adamlara, şəhid ailələrinə, veteranlara qayğı göstərir. Bayramlarda gəlir onlarla görüşür, evlərinə bayram sovqatı gətirir. Aydın müəllimə kim yaxınlaşıb desə ki, hansısa çətinliyim var, onu naümüd qoymaz, kömək edər. Bunları öz gözlərimlə  görmüşəm.  Amma Gəncənin o biri deputatları seçicilərini heç vecinə də almırlar. Onları Gəncədə ancaq dövlət tədbirlərində görmək olar.  Xahiş edirəm saytınızda mənim adımdan yazın ki, “Gəncənin bir deputatı olsun, özü də Aydın Abasov olsun!».

Bələdçim mənə Aydın Abbasovun Gəncə veteranlarına diqqətindən danışdığı üçün Nizami rayonunda yerləşən Gəncə Şəhər Veteranlar Təşkilatına baş çəkməyə qərar verdim. Qeyd edim ki, bu təşkilat 56 min veteranı özündə birləşdirir. Təşkilatın sədri Rza Hacıyev gəlişimin məqsədindən xəbər tutan kimi «Aydın Abbasov Gəncə veteranlarının dostudur» dedi və telefonun dəstəyini qaldırıb bir neçə veterana zəng edib onlardan  təşkilatın ofisinə gəlməyi xahiş etdi.

 

“Deputat xeyirdə-şərdə də iştirak edir” Bu arada isə R.Hacıyev A.Abbasov barədə fikirlərini anlatdı: «Biz veteranlara çox kömək göstərməyə çalışıb. Şəhərdə su çəkdirib, məhəllədaxili yolları düzəltdirib, artezianları, məktəbləri təmir elətdirib. Açığını deyim Milli Məclisdə bizim 4 deputatımız var, Aydından başqa o 3 deputatın heç biri Gəncə üçün heç bir iş görməyib. Mənim heç kəsdən qorxum yoxdu. Nə Vidadi Məmmədovun üzünü görmüşük, nə də digərlərinin. Yeni seçiləndə Asəf Hacıyev bir-iki dəfə gəlib. Bax bu ölsün (əlini sifətinə vurur - red.) Aydın Abbasovdan savayı hamısı yalandı».

Təşkilatın Ağsaqqallar Şurasının sədri, seçici Yusif Məmmədov isə bildirdi ki, o deputatı nəsillikcə tanıyır: «Onun atasını da, əmilərini də tanyıram. Onların nəslinə böyük hörmətim var» - deyən Y.Məmmədovun sözlərinə görə, deputat seçiciləri ilə tez-tez görüşür, onların qayğıları ilə maraqlanır: «Mən öz gözümlə görmüşəm ki, ona edilən yazılı müraciətləri qəbul eləyir. Sizi inandırım ki, həmin seçicilərin hansı müraciətləri varsa, onları həll eləyə bilir. Şəxsən mən Aydın Abbasovun yenidən deputat seçilməsini istəyirəm. Çünki 5 dil bilir, savadlı oğlandı, dünya arenasına çıxa bilir, seçilərinə diqqət göstərə bilir. Amma onunla paralel deputatlar var ki, onlar öz mənafeləri üçün çalışır, onların əksəriyyəti xalq üçün heç nə eləmir, televiziyaya çıxıb boğazdan yuxarı bir-iki çıxış eləyirlər, bununla da onların missiyası qurtarır. Amma Aydın Abbasov seçicilərinin sosial məsələlərilə maraqlanır. Şəxsən görmüşəm ki, Şəhər İcra Hakimiyyətinin nümayəndələri bir neçə dəfə insanlar arasında söhbətlərdə bildiriblər ki, o 3 deputata nisbətən Aydın Abbasov seçilir». Y.Məmmədov seçkidən əvvəl deputatın verdiyi vədləri də xatırladaraq, onlara əməl edildiyini bildirdi. Dediyinə görə, A.Abbasov Bağmanlarda artezian vurdurub, 23 nömrəli məktəbi təmir etdirib, işıq çəkdirib, məhəllə yollarına asfalt çəkdirib, bir neçə bağçanı təmir etdirib: «Bundan başqa Aydın Abbasov xeyirdə-şərdə də iştirak edir. Konkret olaraq onun veteranlara da köməyi olub. Təmənnasız olaraq bir neçə veteranımızı cərrahiyyə əməliyyatı elətdirib. İsrafil Məmmədovun bacısı qızını da gözündən əməliyyat elətdirib».

Bir qədər keçdikdən sonra Gəncə Veteranlar Təşkilatının ofisinə bir neçə veteran daxil oldu. A.Abbasovun seçicisi olduğunu deyən veteranlar deputatdan razılıqlarını bildirdilər, onun seçicilərinə diqqətindən, gördüyü işlərdən danışdılar.

«Aydının damarından gəncəli qanı axır»

 

Nizami rayon Ağamirzə Əhmədov küçəsində yaşayan seçici Maniya Mirzəyeva ilə söhbətdən məlum oldu ki, o deputatla qonşu olub: «Aydınla qonşuyam. Onun atası, əmiləri çox çörəkli olublar». Maniya nənə daha sonra deputatın gəncəlilərə diqqətindən danışdı: «Mən dəqiq bilirəm ki, o deputat seçiəndən sonra kasıblara, şəhid ailələrinə yardım eləyir. Bu Novruz bayramında mənə də yardım edib. Atatürk küçəsi yaman gündəydi, asfalt çəkdirdi. Onun sayəsində bizim küçəmizə indi 7 nömrəli marşurut işləyir. Onun damarından gəncəli qanı axır».

Nizami Rayon Veteranlar Şurasının sədri, seçici Saləddin Hacıyev də seçki dövründə deputatın verdiyi vədləri xatırladaraq, onlara əməl olunduğunu dedi. Həmsöhbətim hesab edir ki, A.Abbasov Gəncədə yeganə deputatdır ki, verdiyi vədlərə əməl edib: «Daşkörpüdə 8 saylı məktəbin yanındakı artezian işləmirdi, ora transformator gətirtdi, artezianı işə salıb xalqın istifadəsinə verdi. Balabağmanda qaz pis vəziyyətdəydi. O zaman bir qrup veteran yığılıb deputatın yanına getdik. O da boru təşkil elətdirdi və qaz idarəsinə tapşırandan sonra onlar qazı çəkdilər. Ozan küçəsi də çox bərbad halda idi. Maşınların o küçədən gediş-gəlişi çox çətin idi. Aydın müəllim həmin küçəyə asfalt saldırdı. O ərəfədə Ozan küçəsindəki 23 saylı məktəbi də müasir tələblərə uyğun təmir elətdirdi. Aydın Abbasov yeganə deputatlardandı ki, hüzür yerlərinə də gəlib baş çəkir. Şəxsən mən görmüşəm ki, oturduğumuz yerdə maşın dayandı, Aydın Abbasov girdi içəri. O özünü ağsaqqal kimi göstərdi. Təsəvvür edin ki, gəlib kasıb ailənin hüzr yerinə baş çəkdi, onların vəziyyətilə maraqlandı, müəyyən kömək elədi». S.Hacıyev Gəncənin digər deputatlarından narazılığını da gizlətmədi: «Ata müqəddəsdi, atamın goruna and olsun nə Vidadi Məmmədovun, nə də o birilərinin üzünü görməmişik».

 

Şəhid qardaşı nə deyir?

 

Zərdabi küçəsinin sakini Ağakərim Ələkbərov isə deyir ki, A.Abbasov onun şəhid qardaşı, Gəncə batalyonunun komandiri olmuş kapitan Mehman Ələkbərovun qızını müalicə etdiribmiş: «Mehmanın qızı İqtisad Universitetində oxuyurdu. Ötən ilin dekabrında dərsə gedəndə dayanacaqda dayandığı yerdə bir maşın onu vurmuşdu. Sonra onu «Semaşko»ya aparıblar. Biz də millət vəkilimiz kimi Aydın Abbasova müraciət elədik, o gəldi xəstəxanada həkimlərlə danışdı ki, bu qıza kömək olunsun. O da taleyin bir qisməti idi ki, qız 26 günlük koma vəziyyətindən sonra dünyasını dəyişdi. İndi də özümün, ailəmin adından Aydın Abbasova dərin təşəkkürümü bildirirəm ki, o şəhid ailəsinə diqqət yetirdi».

38-ci dairənin ən yaşlı sakinlərindən olan 91 yaşlı Məcid Qarayevə yaxınlaşıb onun da deputatlarını tanıyıb-tanımamasını soruşuram. Açığı bu ağsaqqaldan «deputatı tanımıram» cavabını gözləsəm də, zənnimdə yanılmışdım.

“Aydın Abbasov döyüşən bir əsgəri xilas etdi”

 

Gənc Vətənpərvərlər Birliyinin Gəncə üzrə səlahiyyətli nümayəndəsi Elçin Axundov Aydın Abbasovun bir sıra xeyirxah əməlləri barədə danışdı. Onun sözlərinə görə, deputat əsgəri xidmətini başa vurarkən hərbi hissədə  «ilişdirilmiş» bir əsgəri - GəncVətənpərvərlər Birliynin üzvü Nicat Namazovu həbsə düşməkdən azad edib: «Aydın müəllim səngərdə düşmənlə üz-üzə dayanan, döyüşən bir əsgəri həbsdən xilas edib, kasıb bir ailəyə sevinc gətirib».

E.Axundovdan sözügedən əsgərin evinin ünvanını öyrənib bələdçimlə onlara getdim. Əsgəri niyə “ilişdiriblər”?

 

Gəncənin məşhur Şahsevərlər məhəlləsi Nəvai küçəsi 12 ünvanına çatırıq. Bizi qapıda Nicatın anası Sədaqət Namazova qarşılayır. Sədaqət xanım gəlişimizin məqsədini bildikdən sonra Nicatın işdə olduğunu deyir. Lakin bizi evə dəvət edib deyir ki, «deputatın bizə necə arxa durduğunu sizə faktla göstərəcəm». S.Namazova oğlunun başına gələnlərdən danışır: «Nicat 2009-cu ilin iyun ayında hərbi xidmətini başa vurub gəlməliydi. Gəlməyinə 21 gün qalmış hərbi hissədə komandiri ondan pul istəmişdi, Nicatın da pulu olmadığına görə onu «ilişdirmişdilər». Komandir başqa bir əsgəri öyrədib oğlumun üstünə göndərib, oğluma söyüş söyəndə bu da onu itələyib. Əvvəl bizdən 1000 manat istədilər. Mən də dedim 1000 manatı hardan alım. Həm uşağımı göndərmişəm cəbhəyə, həm də pul gətirməliyəm? Ərim işləmir, özüm işləmirəm, hardan alım o pulu? Dedilər “get evini sat gətir”. Sonra komandir də tez götürüb bir protokol yazıb hərbi prokurorluğa göndərib. Prokurorluqdan da bizdən pul istədilər, bizim də pulumuz yox idi. Prokuror dedi ki, “mən bu vəzifəyə pul verib gəlmişəm, bu kreslonun pulunu çıxartmalıyıam, 500 manat gətir yüngül maddə yazıb göndərim məhkəməyə”. Sonra iş keçdi məhkəməyə, orda da bizdən 4 min manat istədilər. Mən heç 500 manat tapa bilmirdim, 4 mini hardan alacaqdım. Prezident Aparatına, Milli Məclisə getdim şikayət elədim, gördüm xeyri yoxdu. Uşaq iyulda evə gəlməliydi, amma sentyabr ayı idi hələ də onu hərbi hissədə saxlayırdılar. Axtarıb Aydın Abbasovun telefon nömrəsini tapdım. Sağ olsun, Aydın müəllim uşağımı o qurama işdən qurtardı. Bu işə elə bir məsuliyyətli yanaşdı ki! Yoxsa kim mənə kömək eləyəcəkdi? Allah onun köməyi olsun!»

 

“Səni salaram “KPZ”-yə, ağlın başına gələr”

 

Gəncəni dolaşdıqca bələdçimiz bəzi küçələrdəki kanalizasiya quyularının qapaqlarının olmamasından da və ya qapağı olan quyuların asfaltdan bir neçə sm aşağıda qalmasından və nəticədə maşınların tez-tez bu çalalara düşməsindən də gileylənirdi. O, başına gələn maraqlı bir əhvalatı da danışdı. Dediyinə görə, bir neçə il bundan əvvəl televiziya kanallarının birinin əməkdaşı Gəncə küçələrində çəkiliş apararkən təsadüfən ordan keçirmiş. Bu zaman müxbir ondan kanalizasiya quyularının qapağının olmamasına münasibətini öyrənib: «Mən də dedim ki, maşınımız bir də gördün quyuya düşür, yəni «luk»ların açıq olması təhlükəlidi, niyə bunu düzəltmirlər? Axşam da bunu televizorda göstərdilər. Səhərisi günü mənə dedilər ki, Gəncənin polis rəisi Qərib Məmmədov səni çağırır. Getdim yanına, mənə dedi “sən camaatın hayına qalan olmusan, o nə sözüydü axşam danışırdın? Səni salaram KPZ-yə ağlın başına gələr»”.

 

23 nömrəli məktəbdə

 

Ozan küçəsindəki 23 saylı orta məktəbə də baş çəkdim. Məktəbin direktoru Mətanət Qarayeva bildirdi ki, o 2007-ci ildən bu məktəbə direktor təyin olunub və o vaxtdan A.Abbasovun bu məktəbə yardımını hiss edib: «Dəfələrlə imkansız ailələrin uşaqlarına məktəbli forması, çanta, məktəb ləvazimatı verib. Məktəbin həyətinin asfaltlanmasında kömək edib, məktəbdə bəzi ləvazimatların - pianinonun alınmasında bizə yardım elədi. Məktəbimizin idman zalına güləş döşəkləri də verib. Hər dərs ilinin əvvəlində bir dirketor kimi şəxsən mənim özümlə maraqlanıb ki, məktəbin hansı problemləri var, sizə nə kömək lazımdı. Yəni bizim nə problemimiz olubsa, Aydın müəllimə müraciət eləmişik və həmişə də müsbət həllini tapıb».

Məktəbin Tarix muzeyi ilə tanış oldum. Muzeyin qapıları Gəncə darvazaları kimi işlənmişdi. İçəridə isə Gəncəyə aid maddi əşyalar və üzərində dahi Nizami Gəncəvinin «Gəncə - Harut sehirli Babil deyil, bəs nədir? Ürəyin - ulduzlarla nur saçan bir zöhrədir» beyti olan bir lövhədə isə Gəncənin keçmişi ilə bağlı məlumatlar yerləşdirilib. «Gəncədən ucalan yol» bölməsində isə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə liderləri barədə də məlumat əldə etmək mümkündür.

 

Nəhayət Ozan küçəsindəki 18-ci əsrə aid olan Ozan məscidi ilə tanış oluram. Bu məscid 1786-cı ildə tikilib. Xalq sənətkarları olan ozanlıların məhəllə məscididir. 1920-ci ildə bolşeviklər Gəncəni işğal edən zaman şəhərdə gedən döyüşlərdən qaçıb məscidə sığınmış 500 nəfər qoca, qadın və uşaqları qarışıqlıqdan istifadə edən bir dəstə erməni millətçiləri məscidə soxularaq onları diri-diri yandırıblar.

Beləliklə, 38 saylı seçki dairəsinə səfərimiz yekunlaşdı.

 

 

Məşhur Gəncə qapıları.

 

Yolumuz Yeni Gəncəyədir...

 

Seçicilər: "Deputat bu "Xeyir-şər evi"nin təmirinə söz vermişdi, hələki gözləyirik...".

 

Yeni Gəncə sakinləri küçələrin vəziyyətindən gileylənirlər.

 

Uçub-dağılan uşaq bağçası.

 

"Bütün deputatlar özlərinə işləyirlər, kimdir bizi yada salan".

 

Seçici Asif Məmmədov: "5 ildə mən deputatı görməmişəm".

 

Aydın Abbasovun təşəbbüsü ilə Yeni Gəncə sakinləri üçün vurulan artezian quyusu.

 

Sakinlər artezianın ətrafını zibilliyə çeviriblər.

 

Gəncədəki  5 ulduzlu "Ramada" oteli.

 

Gəncə şəhər İcra Hakimiyyətinin binası.

 

Bələdçim Əfqan Qasımov: "Gəncənin deputatı bir olsun, özü də Aydın Abbasov olsun".

 

Veteranlar Şurasının sədri Rza Hacıyev deputatın fəaliyyətindən razılıq edir.

 

"Biz veteranlar Aydın Abbasovun dostlarıyıq".

 

Elçin Axundov: "Deputat hərbi xidmət keçən günahsız bir əsgəri həbsə düşməkdən qurtarıb".

 

Namazovlar deputatdan yaxşılıq görən ailələrdən biridir.

 

Seçici: "Seçkidən sonra deputat bizim küçəmizin abadlaşdırılmasına kömək edib".

 

Gəncədə öyrəndik ki, Aydın Abbasov hər il 10 seçicini Həcc ziyarətinə göndərir. Yusif Sadıqov da onlardan biridir.

 

Seçici Ağakərim Ələkbərov: "Aydın Abbasov şəhid qardaşımın qızının müalicəsinə kömək etmişdi".

 

Mətanət Qarayeva: "Deputat məktəbimizə köməklik edir".

 

Ozan küçəsinin sakinləri deputatın seçiciləri ilə mütəmadi görüşdüyünü qeyd edirlər.

 

16-cı əsrə aid Ozan məscidi

 

Maşının arxasındakı sarı villa sabiq baş nazir Surət Hüseynovundu.

 

Yeni Gəncənin də məhəllələrində Bakıdakı kimi zibilliklər var.

Aqil Aslan Bakı-Gəncə-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?