Modern.az

72 il əvvəl müharibəyə yollanmış atasının məzarını 80 yaşında tapdı... - FOTOLAR

72 il əvvəl müharibəyə yollanmış atasının məzarını 80 yaşında tapdı... - FOTOLAR

31 Avqust 2013, 23:36

Laçın rayonu Ağanus kənd sakini,  rayon Ağsaqqallar Şurasının sədri,  respublikanın əməkdar müəllimi Ağayar İsmayılov II Cahan müharibəsində itkin düşmüş hesab edilən və 1944-cü ildən bəri haqqında dəqiq məlumat bilinməyən atası Sultan Əbdüləli oğlu İsmayılovun məzarını  72 il sonra Ukraynanın Xerson vilayətinin Veliko Lepetixo rayonunun Malo Lepetixo kəndində tapıb.  Faşizmə qarşı müharibədə həlak olmuş S.Ə.İsmayılov haqqında məlumatların toplanmasında və  dəfn edildiyi  yerin müəyyən edilməsində Azərbaycan Veteranlar Şurası sədrinin müavini Kamal Əliyevin,  Ukraynanın Çerkassı vilayətinin Smela şəhər Veteranlar Şurasının böyük dəstəyi olmuşdur.

80 yaşlı Ağayar İsmayılov 72 il əvvəl ayrıldığı atasının məzarını ziyarət etmək üçün qatar və avtomobillə 3000 km-ə yaxın məsafə qət etmişdir.  Malo Lepetixo kəndinin icra nümayəndəliyi və  sakinlər doğma kəndləri uğrunda canını qurban vermiş azərbaycanlı oğulun atasını  böyük hörmətlə qarşılamış, məzarlığın ziyarətini təşkil etmişlər. Ziyarətdə Ukrayna jurnalilstləri də dəvət edilmişdir. Bu barədə Kiyevin mərkəzi “Ukrayna” telekanalı 22 iyul 2013-cü il tarixli   “Xəbərlər” proqramının  səhər saat 9.00 buraxılışında reportaj vermişdir.

Sultan Əbdüləlibəy oğlu İsmayılov 1911-ci ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, 1920-ci illərin sonunda    Quba müəllimlər seminariyasını bitirmiş,  bir müddət Laçının və Kəlbəcərin  ucqar kəndlərində müəllim işləmişdir. 1941-ci ilədək Laçın rayon mərkəzində rəhbər vəzifələrdə çalışmışdır.

1941-ci ilin iyununda  iki oğlunu və iki qızını qoca atasının himayəsində qoyaraq II Cahan müharibəsinə yollanmış S.Ə.İsmayılov 1943-cü ilin payızına qədər İrana göndərilmiş sovet qoşunları tərkibində Güney Azərbaycanda xidmət etmiş, sonra Şimali Qafqaza aparılmış və  Mozdok  uğrundakı döyüşlərdə yaralanmışdır. Sağaldıqdan sonra isə Ukrayna cəbhəsinə göndərilmişdir. Və 1944-cü il fevralın 15-də Ukraynanın hazırkı Xerson vilayətində, Dnepr çayı yaxınlığındakı Malo Lepetixo kəndinin azad edilməsi zamanı  Hitler faşistlərinə qarşı gedən amansız döyüşlərdə ağır yara almış və 17 fevral 1944-cü ildə - cəmi  33  yaşındahospitalda həlak olmuşdur. Malo Lepetixo kəndinin azadlığı uğrunda həlak olmuş 343 nəfər ümumi məzarlıqda dəfn edilmiş və adları məzarlığın üzərindəki qranit abidəyə həkk olunmuşdur.  Həmin adlar arasında həmyerlimiz, qvardiya baş serjantı, 163 nəfərlik bölüyün komandiri olmuş

Sultan Əbdüləlibəy oğlu İsmayılovun da adı var.

Allah rəhmət eləsin!




S.Şirinbəyli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir