Modern.az

«Gürcüstanda təkcə azərbaycanlıların deyil, başqa millətlərin də qızları tez ərə vermək problemi var"

«Gürcüstanda təkcə azərbaycanlıların deyil, başqa millətlərin də qızları tez ərə vermək problemi var"

20 Aprel 2010, 09:48

Modern.az-ın müsahibi Gürcüstan parlamentinin üzvü Ramin Bayramovdur. Onunla Gürcüstan azərbaycanlılarının problemləri, qonşu ölkədə yaşayan soydaşlarımızla ermənilər arasındakı münasibətlər, gürcü seçiciləri ilə azərbyacanlı seçicilərin fərqi barədə söhbətləşdik. R.Bayramov hakim Vahid Milli Hərəkat Partiyasından proporsional qaydada Gürcüstan parlamentinə deputat seçilib. Parlamentdəki 3 azərbaycanlı millət vəkilindən biridir. Qardabani rayonunda yaşayır.

- Gürcüstanda yaşayan azərbaycanlılar əsasən hansı problemləri ilə bağlı sizə müraciət edirlər? - Azərbaycanlılarla gürcülərin problemləri demək olar ki, eynidir - işsizlik. Müraciət edən azərbaycanlıların məktəblə bağlı problemləri də olur. Düzdür, həmin məsələlərin  hamısını həll etmək mümkün olmur, amma imkanımız çatanı çözməyə çalışırıq. Həll edə bilmədiklərimizə gəlincə, bu, bir deputatın səlahiyyətləri xaricində olan məsələlərdir. Bir də görürsən seçicilər reallaşması mümkün olmayan, qanun pozuntusu sayılan məsələlərlə bağlı müraciət edirlər. Həmin problemi həll etməkdən boyun qaçıranda da xətirlərinə dəyir. Elə bilirlər ki, biz həll edə bilərik, amma istəmirik. - Təhsillə bağlı azərbaycanlıların problemlərinin olduğunu dediniz? Nədən şikayətçidirlər? - Adi şeylərdən. Məsələn, təmirlə bağlı şikayətlər olur. Hansı ki, bununla bağlı məktəbdəki müəllimlərdən və valideynlərdən ibarət şuranın direktora müraciət etməsi kifayətdir. Əgər direktor bu və digər problemləri həll etməkdən boyun qaçırarsa, o zaman məhkəməyə üz tutmaq, problemi qanuni yolla həll etmək lazımdır. Amma təəssüflər olsun ki, problemlərin həlli üçün azərbaycanlı seçicilər daha çox siyasətçilərə, hökumət adamlarına yaxınlaşmağı üstün tuturlar, məhkəməyə getməklə araları yoxdur. Çox vaxt biz onlardan xahiş edirik ki, qanun pozuntusu, insan haqlarının tapdalanması ilə bağlı fakt varsa, məhkəməyə gedin. Amma onlar  qanuni haqlarını qoruya bilmirlər, yaxud bundan çəkinirlər. Bəzilərində çəkingənlik stereotiplə bağlıdır, bəzilərinə isə elə gəlir ki, məhkəməyə üz tutsalar heç nə alınmayacaq. Yanıma gələn şikayətçilərə qanunun onların tərəfində olduğunu, haralara müraciət etmək lazım olduğunu izah edirəm, gedib qanuni yolla öz haqlarını alırlar. Hətta elə məhkəmə prosesi olub ki, onillərlə direktor işləyən adam dəyişdirilib. - Bəs gürcü seçicilər necə, onlar da problemlərini qanuni yolla həll etməkdən çəkinirlər? - Yox, gürcülər ən kiçicik problemlərini belə qanunla həll etməyə, öz haqlarını tələb etməyə üstünlük verirlər. - Gürcüstanın rəsmi statistikasına görə, bu ölkədə 300 minə qədər azərbaycanlı var. Millət olaraq gürcülərdən sonra say baxımından ikinci yerdəyik. Amma ermənilər də az deyil. Gürcüstanda azərbaycanlıların ermənilərlə arası necədir? Problem yaranmır ki?  - Yox, burada yaşayan azərbaycanlıların və ermənilərin çox gözəl münasibətləri var. -Necə yəni..? - Bəziləri var, qardaşdı, bəziləri var tanışdı, bəziləri də var ki, nə dostdu, nə də dost olmağa fikirləri var. Bilirsiniz, Gürcüstanda hamı vətəndaşdır. Hətta elə məsələlər var, çəkinmədən deyə bilərəm ki, azərbaycanlılar, ermənilər, kürdlər və yezidlər birləşib azlıq təşkil edən millətlərin problemlərini həll edirlər. Bir-birinə dəstək vermədən problemləri həll etmək çətin olur. Yəni Gürcüstanda hamımız gözəl başa düşürük ki, cəmiyyətin bir üzvüyük. Hamımız birlikdə çalışırıq ki, bir-birimizə dəstək verək. Ermənilər təhqirə yol versələr, əlbəttə, cavablarını alarlar, amma elə bir şey yoxdur. Heç bir konflikt yoxdur. - Azərbaycanlılarla ermənilərin diasporu necə işləyir Gürcüstanda? Hansı daha güclüdür? - Azərbaycanlılar ömür boyu burada aborigen millət olub, Gürcüstanda yaşamışıq. Düzdür, sonradan gələn azərbaycanlılar da var, amma əksəriyyət aboregendi. Kiminsə bizdən diaspor kimi istifadə etməsi nə düzgün, nə də alınan deyil. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar özlərini Gürcüstan və Azərbaycan arasında körpü hesab edirlər. Daha çox maraqlıdırlar ki, iki ölkə arasında qardaşlıq əlaqəsi olsun. Onu da deyim ki, burda yaşayan azərbaycanlılar imkan verməzlər ki, Gürcüstanla Azərbaycan arasında konflikt yaransın. Cəmiyyət kimi azərbaycanlıların zəif, yaxud güclü olmasına gəlincə, açıq-aydın deyim ki, ermənilərdən zəif deyillər, çox güclüdürlər. Sadəcə, öz güclərinə inanmaları lazımdır. Bəziləri inanır və çox irəli çıxırlar. - Hələ də iki ölkə arasında Azərbaycanın sərhədləri daxilində olan David Qareci kilsəsi ilə bağlı problem qalmaqdadır. Arada gürcü mətbuatı azərbaycanlıların Qareci kilsəsini dağıtdığı barədə informasiyalar verir. Bununla bağlı nə deyə bilərsiniz? - Məncə, elə bir ciddi problem yoxdur, kilsə də yerində durur. Sadəcə problem kilsənin gürcü, yaxud alban kilsəsi olması üstündədir. Bunu siyasətçilər yox, tarixçilər oturub müzakirə etməli və ortaq bir qərara gəlməlidirlər. - Azərbaycanlılar yaşayan bölgələrdə qızların tez ailə qurması ilə bağlı problemə Azərbaycan mətbuatında mütəmadi olaraq rast gəlmək mümkündür … - Gürcüstanda yalnız azərbaycanlıların tez ailə qurması ilə bağlı fikirlə razı deyiləm. Çünki bu, təkcə azərbaycanlılarla bağlı olan məsələ deyil. Gürcülərdə də, qeyri-millətlərdə də qızların tez ailə qurması problemi var. Bu, mətbatın yazdığı kimi, adət-ənənə deyil, stereotipdir, xəstəlikdir. Bəzən deyirlər ki, bu, azərbaycanlıların adətidir. Xeyr, azərbaycanlıların 13-14 yaşında qızı ərə vermək kimi adəti yoxdur. Problemi aradan qaldırmaq üçün isə hamımız, biz də, QHT-lər də əl-ələ verib işləməliyik. Cəmiyyətə düzgün məlumat verən, steorotipləri dağıdan güc lazımdır. İctimaiyyət bizim adətlərimiz, tariximiz haqda məlumatlandırılmalıdır. - Tiflisdə yaşayan bir çox azərbaycanlılarla həmsöhbət olduq. Amma onlar azərbaycanlı deputatlardan  heç birini tanımadılar… - Ola bilər. Elə ölkələr var ki, orada insanlar heç prezidentlərini tanımır. Bu, yaxşı göstəricidir. Deməli, problemləri yoxdur ki, tanımırlar (gülür - L.M.). İstərdim ki, seçicilərin problemi olmasın və bizə müraciət etməsinlər. Bizi nə qədər az tanısalar, bir o qədər yaxşı olar. Biz də sevinərik ki, azərbaycanlıların problemləri yoxdur. Ancaq onu da deyim ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə hər üç azərbaycanlı deputatı da tanıyırlar. Lalə Musaqızı Tiflis, Gürcüstan

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub